Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-61/2023 16.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Nəsirova (Eydullayeva) Fəridə Natiq qızının, Cavabdeh iştirakları ilə iddiaçı Nəsirova (Eydullayeva) Fəridə Natiq qızının Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Nəsirova (Eydullayeva) Fəridə Natiq qızı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28 yanvar 2015-ci il təvəllüdlü X2 və 06 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 oktyabr 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 15 iyul 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 28 yanvar 2015-ci il tarixdə Rəmzi, 06 oktyabr 2016-cı il tarixdə isə Adnan adlı oğlan övladları doğulmuş, bundan sonra, Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən rayon qeydiyyat şöbəsində 15 iyun 2014-cü il tarixdə, 98 nömrəli akt qeydi ilə bağlanmış nikahları pozulmuşdur. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmiş, habelə Cavabdeh ilə hər ay iki uşaq üçün 200 manat alimentin ödənilməsi barədə razılaşaraq, aralarında 16 oktyabr 2021-ci il tarixli, xxxx/2021-004687 saylı barışıq sazişi imzalanmışdır. Buna baxmayaraq, cavabdeh aliment borcundan bu günədək ödəniş etməmişdir. Ona görə də, alimentin 16 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Nəsirova (Eydullayeva) Fəridə Natiq qızı qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdeh iddia tələbi üzrə qeyd olunan 386 manat məbləğində alimenti ödəmək iqtidarında deyilsə, sonuncunun ümumilikdə hər ay 200 manat məbləğində alimenti ödəməsinə razıdır. Mediasiya qurumuna müraciət edən zaman Cavabdeh hər ay 200 manat məbləğində alimenti ödəmək iqtidarında olduğunu bildirdiyi üçün sözügedən saziş imzalansa da, cavabdeh aliment ödənişi etməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət edərək, aliment ödənişlərinin kart hesabına köçürülməklə, həyata keçirilməsini istəyir. Eyni zamanda, o, "xxxx" MMC-də satıcı işləyərək aylıq 300 manat məvacib alır. Odur ki, 16 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, hazırda İİ qrup əlil olmaqla, hər ay 180 manat məbləğində pensiya alır. Mediasiya qurumuna müraciət etməzdən öncə dönərçi kimi işləyərək gəlir əldə etdiyinə görə 200 manat məbləğində alimenti ödəməyə razı olsa da, hazırda işsiz olduğundan hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat məbləğində alimenti qarşı tərəfə ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 05 avqust 2022-ci il tarixdə verilmiş arayışdan və 13 avqust 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı, 168249 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq atası Cavabdeh anası Nəsirova (Eydullayeva) Fəridə Natiq qızı olan X4 28 yanvar 2015-ci il tarixdə, X5 isə 06 oktyabr 2016-cı il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İş materiallarına əlavə edilmiş 16 oktyabr 2021-ci il tarixli, xx-xx/2021-004687 nömrəli barışıq sazişindən görünür ki, İddiaçı ilə Cavabdeh mediasiya sessiyasında iştirak etmiş, habelə Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə 2 uşaq üçün ayda 200 manat məbləğində alimenti İddiaçı ödəməyə, uşaqların sonuncunun yanında və himayəsində saxlanılmasına, həmçinin həftənin müxtəlif günlərində atanın uşaqlarla görüşməsi barədə razılaşmış və tərəflər sözügedən sazişi imzalamışlar. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(059)-74/2022 saylı qanuni qüvvəsini almış qətnaməsinin surətindən, eləcə də, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 421736 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində 15 iyun 2014-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 98 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06 iyul 2022-ci il tarixdə 22 nömrəli qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişi öz soyadında qalmış, qadına Nəsirova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh İİ qrup əlil kimi 220 manat pensiya alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki X6 "xxxx" MMC-də satıcı işləməklə, 300 manat əmək haqqı alır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 15 iyul 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 28 yanvar 2015-ci il tarixdə Rəmzi adlı, 06 oktyabr 2016-cı il tarixdə isə Adnan oğlan övladları doğulmuşdur. Daha sonra, tərəflər arasında olan nikah iddiaçının tələbi ilə 14 fevral 2022-ci il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. İddiaçı hazırda yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda tərəflər, 16 oktyabr 2021-ci il tarixdə bağlanmış “barışıq sazişi”nə əsasən yetkinlik yaşına çatmayan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçının xeyrinə cavabdehdən hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment ödənilməsi barədə razılığa gəlsələr də, cavabdeh bu sazişə lazımi qaydada əməl etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında 2022-ci il üçün uşağa münasibətdə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 28 yanvar 2015-ci il təvəllüdlü X2 və 06 oktyabr 2016-cı il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlara münasibətdə yaşayış minimumunun 193 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aldığı pensiya məbləği, həmçinin bu məbləğlə iddiaçının himayəsində olan uşaqların saxlanılması zərurəti, eyni zamanda iddiaçının özünün də işləməklə, aylıq qazanca malik olması nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqları yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 28 yanvar 2015-ci il təvəllüdlü X2 və 06 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 16 noyabr 2022-ci il tarixdən başlayaraq, Cavabdeh iddiaçı Nəsirova (Eydullayeva) Fəridə Natiq qızının xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə, iddia tələbinin “alimentin əvvəlki dövr, yəni 16 oktyabr 2021-ci il tarixdən tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin müddət üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsinə dair sübutlar təqdim etmədiyinə görə onun tələbinin bu hissədə təmin edilməsi istisna edilir. Yəni, cavabdehlə aralarında alimentin ödənilməsinə dair 16 oktyabr 2021-ci il tarixli barışıq sazişinin olması hələ alimentin həmin tarixdən tutulması üçün əsas hesab edilə bilməz. Çünki, tərəflər arasında 16 oktyabr 2021-ci il tarixdə bağlanmış “barışıq sazişi”nin mövcud olmasına baxmayaraq, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, Azərbaycan Respublikası Mülki prosessual qanunvericiliyinin tələblərindən çıxış edib, barışıq sazişinin məcburi icrası üçün onun təsdiq edilməsi barədə xüsusi icraat qaydasında məhkəməyə müraciət edə biləcəyi halda, o, mülki prosessual qanunvericiliyin ona verdiyi bu imkandan lazımınca istifadə etməmişdir. Tərəflər arasında 16 oktyabr 2021ci il tarixdə bağlanmış saziş isə ata tərəfindən ödənilməli olan alimentin ödənilməsi qaydası və üsullarını müəyyən etmişdir ki, bu da iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək gördüyü tədbir kimi qiymətləndirilə bilməz. Ona görə ki, alimentin alınması üçün “müvafiq tədbirin görülməsi”, alimenti saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən, habelə ödənişin könüllü icra edilmədiyi halda, onun məcburi qaydada tutulmasının təmin edilməsi məqsədilə müraciət olunması anından yaranır. Göründüyü kimi iddiaçıya münasibətdə bu an baş vermədiyindən alimentin də16 oktyabr 2021-ci il tarixdən tutulması istisna edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.2-ci maddəsinə əsasən aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Həmçinin, alimentin “qalıq məbləğə” dair hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfindən tam müdafiə edilmədiyindən, eləcə də sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq iddiaçı Nəsirova (Eydullayeva) Fəridə Natiq qızının azad edildiyi 66,32 manat dövlət rüsumunun 65%-i, yəni 43,10 (qırx üç manat 10 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 28 yanvar 2015-ci il təvəllüdlü X2 və 06 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 16 noyabr 2022-ci il tarixdən başlayaraq, Cavabdeh iddiaçı Nəsirova (Eydullayeva) Fəridə Natiq qızının xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin təmin edilən hissəsində dərhal icraya yönəldilsin. İddiaçı Nəsirova (Eydullayeva) Fəridə Natiq qızının azad edildiyi 66,32 manat dövlət rüsumunun 52%-i, yəni 34,50 (otuz dörd manat 50 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-61/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-61/2023
16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver