Məhkəmə qərarları › İş №2(059)-626/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-626/2022

28.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-626/2022 28.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması və onun aliment üzrə borcun ödənilməsindən azad edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması və onun aliment üzrə borcun ödənilməsindən azad edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı qətnaməsi ilə 26 avqust 2007-ci il təvəllüdlü X2, 07 aprel 2010-cu il təvəllüdlü X3 və 06 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan cavabdehin xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay onun İİ qrup kimi aldığı aylıq pensiya məbləğinin yarısı (1/2 hissədə) miqdarında alimentin tutulması, eləcə də, cavabdehə olan 2370 manat aliment borcunu ödəməkdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı icra sənədinə əsasən 26 avqust 2007-ci il təvəllüdlü X2, 07 aprel 2010-cu il təvəllüdlü X3 və 06 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan Cavabdeh xeyrinə 01 noyabr 2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq, ödənilməsi qət edilmişdir. Lakin, məhkəmə qətnaməsi ilə qərar qəbul edilən zaman onun İİ qrup əlillik dərəcəsi olmaqla, 180 manat aylıq pensiya alması, eləcə də, iş qabiliyyətinin olmaması nəzərə alınmamışdır. Hazırda, aylıq gəliri 180 manat təşkil etdiyindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 300 manat sabit pul məbləğində alimenti ödəmək iqtidarında deyildir. Həmçinin, aylıq gəliri 180 manat təşkil etdiyindən və aylıq gəlirin 70 % hissəsindən yuxarı tutulması qanuna zidd olduğundan bu gəlirinin 126 manatı aliment ödənişlərinə tutulur ki, nəticədə ondan asılı olmayan səbəblərdən hər ay ödənilməli olan 300 manat alimentin 174 manat ödənilməmiş qalır. Bu səbəbdən də, hazırda onun 2370 manat məbləğində aliment borcu yaranmışdır. Bundan əlavə, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyindən 300 manat məbləğində alimentin tutulması ədalətli deyildir. Hazırda, gəlirinə əsasən tutula biləcək ən maksimum həddə, yəni aylıq 126 manat məbləğində aliment ödədiyi üçün onun aylıq dolanışığı, müalicəsi, eləcə də, digər xərclərini qarşılaması üçün aylıq 54 manat pulu qalır. 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınsa, pensiyaçı olaraq, yaşayış minimumunun təmin edilməsi üçün onun aylıq əlavə 122 manat pula ehtiyacı vardır. Lakin, o, xəstəliyi səbəbindən heç bir faydalı əməklə məşğul ola bilmir. Beləliklə o, qeyd edilən səbəblərdən müəyyən edilmiş aliment öhdəliyini yerinə yetirə bilmədəyinə, habelə aylıq pensiya məbləği ilə uşaqların maddi təminatını qarşılamaq iqtidarında olmadığına görə hazırki iddia tələbinin faktiki əsasları yaranmışdır. Qeyd edilən səbəblərdən də, o, yaranmış 2370 manat aliment borcunun ödənilməsindən azad edilməli, eləcə də, müəyyən edilmiş 300 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə, üç uşağa görə aylıq 180 manat pensiyasının 50%-i miqdarında, yəni cəmi 90 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Buna baxmayaraq, onun aliment öhdəliyi müəyyən edilərkən bu qanunun tələbi nəzərə alınmamışdır. Eyni zamanda, onlar birgə yaşadıqları dövrlərdə onun maddi imkanı olmadığı üçün uşaqların yaşayışına aylıq 300 manat məbləğində xərc çəkməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Ona görə də, sözügedən qanuna əsasən xəstəliyi nəzərə alınmaqla o, aliment borcundan azad edilməlidir. Həmçinin, uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, uşaqların mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalət tarazlığına riayət olunmalıdır. Beləliklə, onun aliment borcu xəstəliyi səbəbindən əmək fəaliyyəti olmadığı üçün yaranmışdır. Bu halda, qanunun tələblərinə görə iddiaçı aliment borcunu ödəməkdən azad edilə bilər. Bundan əlavə, iddiaçı aliment məbləğini ödədikdən sonra 54 manat vəsaiti qalmasını nəzərə alınaraq, sözügedən alimentin məbləği azaldılmalı və ya alimenti ödəməkdən azad edilməlidir. Eyni zamanda, o, məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh keçirilmiş mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən də, o, mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, alimentin azaldılması ilə bağlı iddia qaldırmasına baxmayaraq, uşaqları ilə görüşmək istəyir, çünki bir ildən çox olar, cavabdeh ona uşaqları ilə görüşməyə icazə vermir. Bu səbəbdən də, aliment ödənişlərini lazımi qaydada həyata keçirməmişdir. Bir daha qeyd edir ki, cavabdeh tərəfindən ona uşaqları ilə görüşməyə şərait yaradılacağı təqdirdə, o, aldığı pensiya məbləğinin bütövlükdə aliment ödənişlərinə yönəldilməsinə razıdır. Buna baxmayaraq, qanunla müəyyən edilmiş qaydada eləcə də, müddətdə uşaqları görüş təyin edilməsini istəyir. Bundan əlavə, o, şəxsi tələbatlarını ödəməsi üçün əlavə pula ehtiyacı olduğundan alimentin miqdarının azaldılmasını tələb edir. Həmçinin, 2007-ci ildən psixoloji olaraq əsəb xəstəliyi ilə bağlı İİ qrup əlillik dərəcəsi olduğundan həmin vaxtdan o, rəsmi olaraq heç yerdə işləmir. Bununla belə, o, daimi olmasa da, bəzən müxtəlif şəxslərə məxsus heyvan sürülərini nobata aparmaqla, gündəlik 15 manat qazanc əldə edir. Quşçuluq təsərrüfatı fermasının onun həyətində yerləşməsinə baxmayaraq, o, dayısı oğluna verdiyi həmin fermadan istifadə qarşılığında sonuncudan heç vaxt icarə haqqı almamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 26 sentyabr 2022-ci il tarixə iddiaçının ona 2370 manat aliment borcu vardır. Bundan əlavə, iddiaçının hər ay onun kart hesabına köçürdüyü 126 manat məbləğində aliment heç uşaqlardan birinin maddi tələbatını qarşılamağa kifayət etmir. Həmçinin, o, hazırda heç yerdə işləmir. Bu səbəbdən də, iddiaçıdan yaranmış 2370 manat məbləğində aliment borcunu, eləcə də məhkəmənin müəyyən etdiyi 300 manat sabit pul məbləğində alimenti hər ay ödəməsini tələb edir. Yalnız müəyyən edilmiş alimentin miqdarı iddiaçı tərəfindən ödənildikdən sonra sonuncunun uşaqları ilə görüşünə mane olmayacaqdır. Buna baxmayaraq, uşaqlar istədiyi təqdirdə, o, övladlarının ataları ilə görüşməsinə etiraz etmir. Eyni zamanda, iddiaçı daimi işlə məşğul olmasa da, fəhlə kimi müxtəlif işlərdə çalışaraq, yəni heyvan sürülərini nobata aparmaqla, quşçuluq fermasında toyuq-cücəyə baxmaqla, gündəlik 15 manat qazanc əldə edir. Bundan başqa, iddiaçı ayda təxminən 20 nəfərin heyvan sürülərini 20 gün olmaqla, nobata aparır. Əlavə olaraq, iddiaçı həyətindəki quşçuluq fermasına görə aylıq 250 manat icarə haqqı almaqla, yanaşı, orada işləyərək, ayda 150 manat qazanc da əldə edir. Buna baxmayaraq, iddiaçı alimentdən yayınmaq üçün rəsmi qazancı kimi əlilliyini göstərməklə, hər ay 126 manat aliment ödəyir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı qətnaməsinin əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, 26 avqust 2007-ci il təvəllüdlü X2, 07 aprel 2010-cu il təvəllüdlü X3 və 06 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə 01 noyabr 2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN 12 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı, 355733 nömrəli arayışının surətindən görünür ki, 21 iyun 2007-ci il tarixli, 359 nömrəli müayinə aktına əsasən İddiaçı uşaqlıqdan müddətsiz İİ qrup əlil kimi əməyə qadir deyildir. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin 26 sentyabr 2022-ci il tarixli, e26560/2022-64-5-010 saylı xəbərdarlığından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı icra vərəqəsinə əsasən 01 noyabr 2021-ci il tarixdən başlayaraq, İddiaçı hər ay 3 uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməlidir. İcra sənədi 01 fevral 2022-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər İddiaçı göndərilsə də, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş icra sənədində olan tələb könüllü olaraq təmin edilməmiş, nəticədə sonuncunun 26 sentyabr 2022-ci il tarixə 2370 manat aliment borcu yaranmışdır. Eyni zamanda, 2022-ci ilin may ayından etibarən 5 ay davamlı olaraq hər ay İddiaçı pensiyasının 70 faiz miqdarına, yəni 126 manat hissəsinə rayon icra və probasiya şöbəsi tərəfindən inkasso sərəncamı qoyulmuş və tələbkarın xeyrinə ödənilmişdir. İşdə olan 17 sentyabr 2022-ci il tarixli, 083520 nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci çəkmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin nikahından 26 avqust 2007-ci il tarixdə Rəşad, 07 aprel 2010-cu il tarixdə Rəvan və 06 aprel 2013-cü il tarixdə Bahar adlı övladları doğulmuş, həmçinin onlar arasında münasibətlər kəskinləşdiyindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmaqla, yanaşı bu uşaqlar anaları Cavabdeh himayəsində və yanında saxlanılmış, habelə həmin uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə 01 noyabr 2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı tərəf bu qətnamə ilə ondan aliment tutulduqdan sonra onun dolanışığı, müayinəsi üçün kifayət qədər vəsaitin qalmamasını, habelə xəstəliyinin əmək fəaliyyəti ilə məşğul olmasını mümkünsüz etdiyini qeyd etsə də, işin faktiki hallarından da göründüyü kimi bunun həqiqətən də belə olması ilə bağlı iddiaçı tərəfdən məhkəməyə əsaslı sübutlar təqdim edilməmiş, məhkəmə iclası zamanı iddiaçının söylədikləri kifayət qədər əsaslandırmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının maddi vəziyyətinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə iddiaçı tərəfin alimentin hazırkı məbləğinin onun üçün böyük maddi məhrumiyyətlər yaratması ilə əlaqələndirməsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddia tələbində göstərilən hallar onun haqlı olmasına dəlalət etmir. Çünki, iddiaçının maddi durumu ilə bağlı qeyd etdiyi hallar kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının maddi vəziyyətinin alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Hətta, məhkəmə sözügedən qətnaməni qəbul edərkən Azərbaycan Respublikasında 2021-ci il üçün uşağa münasibətdə yaşayış minimumunun 175 manat müəyyən edilməsinə baxmayaraq, iddiaçının aylıq 180 manat məbləğində sosial müavinət almasını, onun yaşayışını, eləcə də cavabdehin himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün sərf edildiyini, həmçinin cavabdehin qadın olmaqla müəyyən işlərdə işləmə imkanının məhdudluğunu nəzərə almaqla, sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsini məqsədəmüvafiq hesab etmiş, bu zaman uşaqların yetkinlik yaşına çatanadək saxlanmasının nəinki atanın, həmçinin ananın da üzərinə düşdüyünü və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının məhz onların valideynlərinin borcu olduğunu, habelə, bu halın uşaqların maddi və mənəvi cəhətdən təminatının həm atanın, həm də ananın eyni qaydada təmin etməli olduğunu, lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürüldüyünü xüsusilə vurğulamışdır. Həmçinin qeyd olunur ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi qəbul edilərkən qanunvericilikdə 2021-ci il üçün bir uşağa münasibətdə yaşayış minimumunun 175 manat nəzərdə tutulmasını və uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, habelə bütün əhəmiyyətli halları diqqətə aldıqdan sonra (tərəflərin, eləcə də uşaqların mənafeyi baxımından) qüvvədə olan qətnaməyə əsasən bir uşaq üçün yaşayış minimumundan aşağı həddə 100 manat alimentin müəyyən edilməsini nəzərə alsaq, mövcud reallıqda bu məbləğin də azaldılıb, bir uşağın saxlanması üçün 30 manat təsbit edilməsi məqsədəmüvafiq deyildir. Alimentin həcminin müəyyən edilməsi zamanı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminatının səviyyəsi, habelə uşaqların maraqları nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə iddiaçının yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün cavabdehin xeyrinə aliment ödənişlərini lazımınca icra etməməsini onun qarşı tərəflə olan münasibətlərinin kəskinliyindən irəli gələn prinsipial mövqedə olması kimi qiymətləndirmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında uşaqlarının onunla görüşməsinə cavabdeh tərəfindən şərait yaradılacağı təqdirdə, sonuncunun xeyrinə övladları üçün aliment ödəyəcəyini bildirmiş, hətta aldığı 180 manat pensiya məbləğindən əlavə gündəlik qazanca malik olduğunu etiraf etmişdir. Qeyd olunan hallar isə iddiaçının maddi vəziyyəti ilə bağlı gətirdiyi dəlillərin sonuncunun mülahizələrindən ibarət olduğunu deməyə əsas verir. Eyni zamanda, aliment ödənişlərinin lazımınca icra edilməməsi iddiaçının uşaqları ilə görüşməsi üçün lazımınca şərait yaratmayan cavabdehə olan prinsipial münasibətinin göstəricisi olmaqla, yanaşı sonuncunun da aliment ödədikdən sonra iddiaçıya uşaqları ilə görüşməsinə şərait yaradacağını bildirməsi, tərəflər arasında münasibətlərin kəskinliyinin hansı səviyyədə olmasına dəlalət edir. Bu mənada məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr hər bir halda ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, yetkinlik yaşına çatmayan uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Beləliklə, övladlarının saxlanılmasına kömək etmək İddiaçı üzərinə qanunvericiliklə vəzifə kimi qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə İİ bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən “Uşaq hüquqları” haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında 29 dekabr 2020-ci il tarixli Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 175 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa, İddiaçı Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin həddindən artıq olmasını bildirsə də, qeyd edilməlidir ki, məhkəmə qətnaməsini 11 fevral 2022-ci il tarixdə poçt xəbərnaməsini şəxsən imza etməklə, qəbul etmiş iddiaçı məhkəmənin gəldiyi nəticəni bilmiş, nəticə ilə narazı qalacağı təqdirdə qətnamədən onun verildiyi gündən 1 (bir) ay müddətində şikayət vermək hüququ qətnamə ilə izah edilmişdir. Lakin, qeyd edilməlidir ki, qətnamədən şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddət kifayət qədər olsa da, İddiaçı bu hüququndan istifadə etməmiş, mövcud olan vəziyyətlə razılaşmışdır. Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı qətnaməsi isə hazırda qüvvədədir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması və onun aliment üzrə borcun ödənilməsindən azad edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məbləğində mediasiya xərci onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması və onun aliment üzrə borcun ödənilməsindən azad edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar