Məhkəmə qərarları › İş №2(059)-63/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-63/2025

06.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-63/2025 06.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyul 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin və həmin uşağın 3 yaşı tamam olanadək hər ay 100 manat əlavə xərcin, eləcə də, ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, 25 iyun 2023-cü il tarixində hazırda Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində yerləşən N saylı hərbi hissədə zabit kimi hərbi xidmət keçən Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Bu nikahdan 30 iyul 2024-cü il tarixdə Rüqəyya adlı qızları doğulmuş, evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan aralarında tez-tez narazılıqlar, daha sonra isə münaqişələr yaranmağa başlamış, həmçinin münaqişələrin səbəbi cavabdehin valideyninin ailənin işlərinə müdaxiləsi olmuşdur. Belə ki, övladları doğulandan üç gün əvvəl hamiləliyi ilə əlaqədar həkim məsləhətinə əsasən valideynləri onu öz evlərinə apararaq, həkim tövsiyəsi ilə qulluq etmişlər. Evlərinə gedəndən iki gün sonra qaynanası onlara gələrək, valideynlərinə Aytacın onların evinə getməli olmasını bildirdikdə, onun anası qayınanasına səhhətində problemlər olmasını, onu həkimin göstərişi əsasında qulluq etməkdən ötrü öz evlərinə gətirmələrini bildirmişdir. Anasının bu sözlərindən sonra qaynanası hirslənib çıxıb getmış, habelə iki gündən sonra övladı vaxtından əvvəl doğulmuşdur. 27 iyun 2024-cü ildən o, cavabdehdən ayrı öz ata evində valideynləri ilə birlikdə yaşayır. Həmin vaxtdan cavabdeh nə onunla, nə də uşağı ilə maraqlanmır, onun və övladının saxlanması və müalicəsi üçün bir manat da pul xərcləmir. Halbuki, Cavabdeh hazırda Azərbaycan Ordusunda zabit kimi hərbi xidmət keçməklə, aylıq 1900-2400 manat qazanc əldə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməsə də, məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, cavabdeh övladı doğulandan hal-hazıradək övladı ilə maraqlanmamış, habelə qızları Rüqqəyanın maddi və mənəvi tələbatlarını ödəməmişdir. Odur ki, bir daha iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 25 iyun 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 552731 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 25 iyun 2023-cü il tarixdə 44 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Qafarova” soyadı verilmişdir. İşdə olan 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 04 sentyabr 2024-cü il tarixdə verilmiş AZ-V seriyalı, 034479 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X3 30 iyul 2024-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan mötəbər maliyyə sənədindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasına müraciət edərkən, 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 25 iyun 2023-cü ildə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan 30 iyul 2024-cü il tarixdə Rüqəyya adlı uşaqları doğulmuşdur. Tərəflər arasında nikahın pozulmamasına baxmayaraq, uşağın saxlanılması, yəni onun maddi ehtiyaclarının qarşılanması ilə bağlı ailənin daxilində mübahisə yaranmışdır. Cavabdehin uşaqlarının saxlanmasında iddiaçıya maddi cəhətdən yardım etməməsi səbəbindən sonuncu hazırda yetkinlik yaşına çatmayan uşağını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Adı çəkilən Məcəllənin 100.2-ci maddəsinə görə isə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 30 iyul 2024-cü il təvəllüdlü X1 üçün iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının himayəsində körpə uşağının ( 5 ay 7 günlük) olması ilə bağlı o, hazırda işləmək imkanına malik olmadığından iddiaçı 30 iyul 2024-cü il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək saxlanılması üçün cavabdehdən maddi yardım tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 30 iyul 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 06 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment və həmin uşağın 3 yaşı tamam olanadək 100 manat sabit pul məbləğində əlavə xərc Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, qətnamə alimentin və əlavə xərcin tutulmasına dair hissədə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üzrə ödənilmiş, cəmi 60 manat məhkəmə xərci Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 30 iyul 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 06 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment və həmin uşağın 3 yaşı tamam olanadək 100 (bir yüz) manat sabit pul məbləğində əlavə xərc Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Mediasiya xidmətinin göstərilməsi üzrə ödənilmiş, cəmi 60 manat məhkəmə xərci Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Qətnamə alimentin və əlavə xərcin tutulmasına dair hissədə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar