Məhkəmə qərarları › İş №2(059)-71/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-71/2023

16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-71/2023 16.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Məlikova (Bəşirova) Gülbikə İbad qızının və onun vəkili X5, Cavabdeh iştirakları ilə iddiaçı Məlikova (Bəşirova) Gülbikə İbad qızının Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı Məlikova (Bəşirova) Gülbikə İbad qızı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 07 avqust 2011-ci il təvəllüdlü X6 və 26 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün məhkəməyə müraciət etdiyi vaxtdan başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ərizəçi tərəfindən onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 27 iyun 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 07 avqust 2011-ci il tarixdə Fərid, 26 avqust 2013-cü il tarixdə isə Fikrət adlı oğlan övladları doğulmuşdur. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə arasındakı nikah pozulmuş, eləcə də, uşaqların onun yanında və himayəsində saxlanılması qət edilmişdir. Beləliklə, hazırda övladları onun yanında və himayəsində qalır. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən işə baxan hakimi tərəfindən şikayətin təmin edilməməsi, Siyəzən Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilmişdir. Cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir, həmçinin onun gəlin köçən zaman cehiz qismində ər evinə apardığı əmlak da cavabdehin evində qalmışdır. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmiş, həmçinin 12 noyabr 2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında əmlak və aliment tələbi üzrə razılıq əldə edilmədiyinə görə mediasiya prosesinə xitam verilmişdir. Həmçinin, cavabdeh aylıq yüksək gəlir əldə etməsinə baxmayaraq, övladlarına maddi yardım göstərmir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Məlikova (Bəşirova) Gülbikə İbad qızı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdehin maddi durumu yaxşı olsa da, sonuncu uşaqların maddi durumu ilə maraqlanmır. Halbuki, Cavabdeh özünə yaxın zamanlarda bahalı avtomaşın almışdır. Bundan əlavə, cavabdeh rəsmi işindən əlavə taksi fəaliyyəti də göstərərək əlavə gəlir də əldə edir. Digər tərəfdən, o, rəsmi olaraq heç yerdə işləməsə də, gözəllik salonunda lazer- epilyator ustası çalışmaqla, işinin 20%-i miqdarında, yəni aylıq 200 manatadək gəlir əldə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X12 iddiaçının izahatında qeyd edilənləri təsdiq edərək, izahatında göstərdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən uşaqlar üçün yaşayış minimumu həmin il üçün 193 manat olsa da, 2023-cü il üçün 220 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə, cənab Prezidentin sərəncamı ilə minimum əmək haqqının məbləği də artırılmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olmamaqla yanaşı, "xxxx" QSC-də ayda 8 gün atıcı vəzifəsində işləyərək, aylıq 350-360 manat gəlir əldə edir və digər hallarda Siyəzən şəhərində olur. Bundan əlavə, iddiaçının qeyd etdiyi avtomaşın qardaşı Vasif Bəşirova məxsus olmaqla, sonuncu Bakı Dövlət Universitetinin Kimya mühəndisliyi fakültəsini bitirərək, hazırda İmişli şəhərində işləyir. Bundan başqa, iddiaçı uşaqların mənafeyini, eləcə də gələcək həyat perspektivlərini düşünməli, bu mənada onun maddi durumunu da nəzərə almalıdır. Bununla yanaşı, anası şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Buna görə də, o, anasının müalicəsi üçün 2022-ci ilin dekabr ayında "xxxx" ASC-dən 1300 manat məbləğində kredit götürmüşdür. Bununla yanaşı, o, övladları üçün aliment ödəməkdən boyun qaçırmır, habelə hər ay iki uşaq üçün qazancının 1/3 hissəsi miqdarında və ya hər uşağa görə hər ay 100 manat sabit pul məbləğində alimenti ödəməyə razıdır. Bundan əlavə, cavabdeh tərəfindən ona uşaqları ilə görüşməyə maneələr yaradılır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə tərəflərin, habelə iddiaçının vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 19 avqust 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 711886 nömrəli və 06 dekabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 175515 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası Bəşirova (Məlikova) Gülbikə İbad qızı olan X13 07 avqust 2011-cil il tarixdə, X11 isə 26 avqust 2013-cü il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(059)-54/2022 saylı qanuni qüvvəsini almış qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində 27 iyul 2011-ci il tarixdə, 133 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş və 07 avqust 2011-ci il təvəllüdlü X13 və 26 avqust 2013-cü il təvəllüdlü X11 iddiaçı Bəşirova (Məlikova) Gülbikə İbad qızının himayəsində və yanında saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki Cavabdeh "xxxx" QSC-də atıcı vəzifəsində işləməklə, 350,30 manat əmək haqqı alır. İşdə olan ödəniş qrafikinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 14 dekabr 2022-ci il tarixli, GTZK8647385A299 saylı kredit müqaviləsi üzrə 12 ay müddətinə, illik 15 % ödəmək şərti ilə 1300 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 nömrəli ZTSEK tərəfindən verilmiş AZ seriyalı, 485900 nömrəli arayışı surətindən görünür ki, 1986-cı il təvəllüdlü X3 qulluğa ehtiyacı olmaqla, uşaqlıqdan birinci qrup müddətsiz əlildir. İşdə olan X8 X17 Şəxsin 16 yanvar 2023-cü il tarixli, 54/p saylı arayışından görünür ki, X2 Müalicə Diaqnostika Mərkəzi PHŞ-nin poliklinikasında 28 yanvar 2011-ci il tarixindən şəkərli diabet 2 tip. İnsulin tələbli (E10.5) diaqnozu ilə qeydiyyatdadır. İşdə olan 12 noyabr 2022-ci il tarixli, 083551 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 100 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 27 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 07 avqust 2011-ci il tarixdə Fərid, 26 avqust 2013cü il tarixdə isə Fikrət adlı oğlan övladları doğulmuşdur. Daha sonra, tərəflər arasındakı nikah iddiaçının tələbi ilə 04 aprel 2022-ci il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. İddiaçı hazırda yetkinlik yaşına çatmayan uşağını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında 2022-ci il üçün uşağa münasibətdə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 07 avqust 2011-ci il təvəllüdlü X6 və 26 avqust 2013-cü il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlara münasibətdə yaşayış minimumunun 193 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aldığı 350,30 manat əmək haqqı məbləği, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması, kredit borcunun ödənilməsi üçün sərf edildiyi, eləcə də, cavabdehin himayəsində İ dərəcə əlilliyi olan bacısının və şəkərli diabet xəstəliyindən əziyyət çəkən anasının olması, eyni zamanda iddiaçının özünün də işləməklə, aylıq qazanca malik olması nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqları yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosialədalət prinsipi əsas götürülməlidir. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 07 avqust 2011-ci il təvəllüdlü X6 və 26 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 25 noyabr 2022-ci il tarixdən başlayaraq, Cavabdeh iddiaçı Məlikova (Bəşirova) Gülbikə İbad qızının xeyrinə hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq iddiaçı Məlikova (Bəşirova) Gülbikə İbad qızının azad edildiyi 66,32 manat dövlət rüsumunun 57%-i, yəni 37,80 (otuz yeddi manat 80 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 100 (bir yüz) manat xərcin tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 07 avqust 2011-ci il təvəllüdlü X6 və 26 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 25 noyabr 2022ci il tarixdən başlayaraq, Cavabdeh iddiaçı Məlikova (Bəşirova) Gülbikə İbad qızının xeyrinə hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin təmin edilən hissəsində dərhal icraya yönəldilsin. İddiaçı Məlikova (Bəşirova) Gülbikə İbad qızının azad edildiyi 66,32 manat dövlət rüsumunun 57%-i, yəni 37,80 (otuz yeddi manat 80 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar