Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-73/2023 20.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdeh Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Siyəzən rayon dövlət notariat ofisinə və Bank "xxxx" ASC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Siyəzən rayon dövlət notariat ofisinə və Bank "xxxx" ASC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş 26 oktyabr 2022ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 19 mart 2010-cu il tarixli, 254 saylı lisenziya və nizamnamə əsasında fəaliyyət göstərən Bank ‘'BTB'’ Acıq Səhmdar Cəmiyyəti ilə onun arasında 13 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona şəxsi istifadə məqsədilə 60 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 250000 manat məbləğində aylıq əsasla qaytarmaq şərtilə kredit verilmişdir. Kreditin təminatı qismində "xxxx" ASC-nin müdiri X1 13 may 2019-cu il tarixdə Bankla ipoteka müqaviləsi bağlayaraq ASC-yə məxsus Siyəzən şəhərinin Xətai küçəsindəki 149 saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipotekaya qoymuşdur. Eyni zamanda, X3 13 may 2019-cu il tarixdə Bankla zaminlik müqaviləsi bağlayaraq ona verilən kredit məbləğinə zamin durmuşdur. Öhdəliyin icrası onun tərəfindən mütəmadi icra olunsa da, ölkədə baş vermiş pandemiya nəticəsində müqavilə öhdəliyi üzrə icra olunacaq işlərdə problemlər yarandığına görə öhdəliyin icrasında müəyyən səbəblərdən dolayı yubanmalar baş vermişdir. Bank tərəfindən 2021-ci il tarixdə tərəflərə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində kredit və ipoteka müqaviləsindən irəli gələn mübahisələr üzrə iddia qaldırılmış, məhkəmə gedişi zamanı tərəflər arasında şifahi razılaşma mövcud olduğundan iddia tələbi irəli sürən tərəfindən verilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürülməsi barədə məhkəməyə ərizə ilə müraciət edilmiş, məhkəmə müraciəti təmin etmişdir. Hazırki vəziyyətdə cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Siyəzən rayon icra və probasiya şöbəsinə 26 oktyabr 2022-ci il tarixli icra qeydi verilərək, “ünvan 1 ünvanda yerləşən əmlaka tutmanın yönəldilmiş və bununla bağlı öhdəliyi müəyyən edən müqaviləyə əsasən vaxtında ödənilməmiş 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 253781,02 manat müəyyən edilmişdir. 26 oktyabr 2022-ci il tarixdə Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş icra qeydi qanunsuz və əsasız olmaqla, heç bir hüquqi nəticə yaratmır, icra qeydində yazılanlar həqiqəti əks etdirmir. Odur ki, qeyd olunan icra qeydinin etibarsız hesab olunması barəsində qanuni və əsaslı məhkəmə qətnaməsi qəbul olunmalıdır. Belə ki, o, Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli icra qeydinin verilməsindən xəbərsiz olmuş, kredit və ya iş üzrə bağlanmış ipoteka müqaviləsi tərəflərin razılığı və ya məhkəmə qaydasında ləğv edilməmişdir. Notarius Bankın təqdim etdiyi sənədləri, mübahisənin olub-olmamasını aydınlaşdırmadan icra qeydi vermişdir. Bankın tələb etdiyi məbləğ qanunsuzdur və qəsdən şişirdilmişdir. Cavabdeh Bankın təqdim etdiyi sənədlər əsasında icra qeydi verilərək, normal məhkəmə araşdırmasına vaxt itirməmək kimi yeni təcrübə formalaşdırmağa çalışılmışdır. Bank kredit sazişi üzrə məhkəmə münasibətlərindən çəkinərək qanunsuz icra qeydinin verilməsinə nail olmuşdur. Bankla onun arasında mübahisə olduğundan bu mübahisə yalnız məhkəmə qaydasında öz həllini tapa bilər. Qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatlan ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda — notarius tərəfindən icra qeydi verilməklə, tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq, belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissəhissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsinin olması, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsinin notariat orqanlarının üzərinə düşməsi nəzərə alınmalıdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Bank "xxxx" ASC-dən kredit məbləği götürüldükdən sonra pandemiyaya qədər aparılan ödənişlərdə bir gün belə olsa gecikmələr olmamışdır. Pandemiya dövründə sərhədlər bağlı olduğuna görə nəinki Rusiya Federasiyasına, hətta yerli bazara tərəvəz məhsullarını (pomidor, xiyar) göndərmək mümkün olmamışdır. Bundan sonra, Bank "xxxx" ASC-nin işçiləri Siyəzən şəhərinə gələrək mövcud vəziyyəti, o cümlədən tonlarla tərəvəz məhsullarının (pomidorun, xiyarın) zibil kimi qalaqlandığını görmüş, bununla bağlı onlar tərəfindən şəkillər və videolar çəkilmişdir. Demək olar müəssisələri müflisləşmişdir. Çünki, hər ay qazdan istifadəyə görə 20000, 25000, bəzən 30000 manat vəsait sərf edilir. Bir gün gecikmə isə qaz istismar idarəsi tərəfindən qazın verilişinin dayandırılması ilə nəticələnir. Bu səbəbdən də, kredit ödənişlərini həyata keçirə bilməmişlər. İşləri də mövsümi xarakterlidir. Belə ki, onlar yay aylarında deyil, qış aylarında fəaliyyət göstərirlər. Keçən il Bank "xxxx" ASC borcla əlaqədar Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, orada həmin mübahisəyə baxılmış, lakin, həmin ərəfədə bankla danışıqlar aparılması nəticəsində qarşılıqlı razılaşma əldə olunmuşdur. Yəni, indiyə kimi bankdan da onları aldatmaq niyyətlərinin olmaması müşahidə edilmişdir. Cavabdeh bankla razılaşma əsasında hər ay əsas borcdan silinmək şərtilə 3000 və ya 5000 manat vəsait ödəməli olmuşlar. Çünki, dəbbə pulu həmin vaxt 50000 manat hesablanmışdır. Bundan əlavə, onun tərəfindən yenidən ödənişlər edilməyə başlandıqda, o, borcun dəbbə və faizdən silinməsini müşahidə etmişdir. Hazırda, cavabdeh bankın marağı ipoteka predmetini onların əlindən almaqdır. O, 22 sentyabr 2022-ci il tarixli icra qeydi haqqında bildirişi olduğu ünvanda yaşamadığı üçün almamış, bildiriş gəlsə belə həmin ünvana aparılmışdır. Bundan başqa, hansısa məqamda hansısa sənədi, o cümlədən məktubu alsa belə, ola bilər, onu oxumamış, içərisində yazılanları bilməmiş və ya fikir verməmiş, icraya yönəldilmə ilə əlaqədar olmasını düşünməmiş, habelə icra qeydinin məhkəməsiz aparılmasından məlumatsız olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, tərəfindən 26 oktyabr 2022-ci il tarixdə icra qeydi tərtib edilmiş, habelə bu qeyddə göstərildiyi kimi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76cı və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 38-ci maddəsinə əsasən Bank "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan "xxxx" ASC-yə məxsus ipoteka predmeti olan Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlaka İddiaçı 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 manat dəbbə pulu olmaqla, cəmi 253781,02 manat borcuna görə tutma yönəldilmişdir. Qeyd olunan icra qeydi tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarına əsasən qeydin mübahisəsiz olmasını təsdiq edən sənədlər də toplanmışdır. Belə ki, notariat ofisinə tutma yönəldilmiş əmlak barədə hüquqmüəyyənedici sənəd, daşınmaz əmlakın dövlət reyestr xidmətində dövlət qeydiyyatına alınması barədə arayış, 13 may 2019-cu il tarixli ipoteka müqaviləsi, icra qeydinin tərtib olunması üçün Bankın idarə heyəti tərəfindən verilmiş səlahiyyətli nümayəndəyə verilmiş etibarnamə, 22 sentyabr 2022-ci il tarixli bildiriş, həmçinin bu bildirişin İddiaçı və "xxxx" ASC-nin nümayəndəsi tərəfindən qəbul olunmasına dair sənədlər təqdim edilmişdir. Bundan əlavə, "xxxx" ASC-nin fəaliyyətinin müvəqqəti dayandırılmasına əsas olmuş sənəd olsa belə, bu tutmanın yönəldilməməsinə əsas vermir. Eyni zamanda, İddiaçı, "xxxx" ASC-yə və Rəhman İsmayılova 26 may 2021-ci il tarixdə verilmiş pretenziya məktubu göndərilmiş, bu məktub da onlara təqdim edilmişdir. Bundan başqa, bank tərəfindən notariat ofisinə təqdim edilmiş maliyyə arayışından da göründüyü kimi İddiaçı tərəfindən kredit ödənişləri 11 iyun 2019-cu il tarixdən etibarən icra edilməyə başlanılsa da, sonuncu ödəniş 10 may 2022-ci il tarixdə 5000 manat həcmində olmuş və bundan sonra dayanmışdır. Həmçinin, bank tərəfindən 13 may 2019-cu il tarixli kredit müqaviləsi, əmlakın yüklülüyü barədə arayış da, notariat ofisinə təqdim edilən sənədlərin arasında olmuşdur. Bundan əlavə, özü də kredit müqaviləsinin qüvvədə olub-olmaması ilə əlaqədar elektron sistem vasitəsilə müvafiq yoxlama aparmış və icra qeydini vermiş, bu zaman hər hansı bir mübahisəli hal müşahidə etməmişdir. Beləliklə, icra qeydi onun tərəfindən tam qanunamüvafiq tərtib edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Bank "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, 13 may 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borcverən (Bank "xxxx" ASC) 250000 manat məbləğində krediti illik 8 faizlə 60 ay müddətinə borcalanın (İddiaçı) mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu 12 ay güzəşt müddəti daxil olmaqla, 13 may 2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi Bank "xxxx" ASC ilə zamin X3 arasında 13 may 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin eyni tarixli kredit müqaviləsi üzrə borcun tam və keyfiyyətli icrası üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmçinin, 13 may 2019-cu il tarixli, AKİADG-00002-15/19A nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən ipoteka qoyan ("xxxx" ASC) müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin (bundan sonra Əsas öhdəlik adlanacaq) icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14 mart 2019 tarixdə 1 nömrəli reyestr kitabında, 33 nömrəli vərəqində **********40-12301 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ASC-yə məxsus Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipoteka saxlayana (Bank "xxxx" ASC-yə) ipotekaya qoymuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14 may 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, 13 may 2019-cu il tarixli kredit müqaviləsində nəzərdə öhdəliyin təminatı kimi “ünvan 2 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə Bank "xxxx" ASC qarşısında yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 20 sentyabr 2022-ci il tarixli borc haqqında arayışın surətindən görünür ki, İddiaçı Bank "xxxx" ASC-yə 20 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 253781,02 manat borcu vardır. Eyni zamanda, iddiaçı kredit borcundan sonuncu dəfə 10 may 2022-ci il tarixdə 5000 manat ödəniş etdikdən sonra bu ödənişləri dayandırmışdır. İşdə olan 22 sentyabr 2022-ci il tarixli bildirişin surətinin məzmunundan aydın olur ki, Bank "xxxx" ASC tərəfindən ipotekaqoyan "xxxx" ASC-yə, zamin X2 və borcalan İddiaçı məlumat verilərək, banka ödənilməli olan kredit və faiz borclarının ödənilmə müddətləri pozulduğu üçün icranı təmin etmək məqsədilə borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. İşdə olan 22 sentyabr 2022-ci il tarixli, 229161 və 229162 nömrəli poçt xəbərnamələrinin surətlərindən görünür ki, Bank "xxxx" ASC tərəfindən İddiaçı məlum ünvanlarına “Atlas Ekspress” poçt xidməti vasitəsilə göndərilmiş icra qeydi bidirişlərindən poçt xəbərnaməsinin nömrəsi 229161 olan, onun Bakı şəhərinin ünvan 3 ünvanında yaşamaması səbəbindən çatdırılmasa da, 229162 nömrəli poçt xəbərnaməsi ilə göndərilmiş digər bildirişin İddiaçı yaşadığı Bakı şəhərinin Nizami rayonundakı İ.Məmmədov küçəsində yerləşən 7 saylı evin 63-cü mənzilində 23 sentyabr 2022-ci il tarixdə təqdim edilməsi təmin edilmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən Nümayəndə tərəfindən 26 oktyabr 2022-ci il tarixdə reyestrdə 8İ-2175 nömrə ilə qeyd edilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydinin surətindən görünür ki, ipoteka saxlayan Bank "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan "xxxx" ASC-yə məxsus ipoteka predmeti olan Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlaka İddiaçı 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 manat dəbbə pulu olmaqla, cəmi 253781,02 manat borcuna görə tutma yönəldilmişdir. İşdə olan 21 noyabr 2022-ci il tarixli qəbzdən görünür ki, iddia tələbi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin mübahisəsiz hallarından da göründüyü kimi İddiaçı 13 may 2019-cu il tarixdə Bank "xxxx" ASC ilə kredit müqaviləsi imzalamaqla, 60 ay müddətinə illik 8 faiz ödəmək şərtilə 250000 manat məbləğində kredit götürmüş, həmçinin kredit öhdəliyinin təminatı kimi sözügedən bankla Rəhman İsmayılov arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmaqla, yanaşı “ünvan 4 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müəyyən edilmiş ödəniş cədvəlində qeyd olunan məbləğ kredit alan, yəni iddiaçı tərəfindən müəyyən müddət ödənilməmişdir. Bu səbəbdən də bankın tələbi ilə 26 oktyabr 2022-ci il tarixdə ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydi verilmişdir. Hazırda, İddiaçı icra qeydinin verilməsi prosedurunun pozulduğunu və ona ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlə məlumat verilmədiyini iddia edərək 26 oktyabr 2022-ci il tarixli icra qeydinin ləğvini tələb etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin İ, İİ və Vİ hissələrinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş təlimatın 169-1-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda, ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda, ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə, ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinin b) yarımbəndində göstərilmişdir ki, icra qeydi almaq üçün ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli” təqdim olunur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Bu Qanunun 36-cı maddəsinin İ hissəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Qeyd olunan normanın məzmunundan görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər ipoteka qoyanın və müqavilədə qeyd olunan digər şəxsin ünvanına göndərilməlidir. Təminatlı kredit müqavilələri üzrə icra qeydinin verilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi ilə başlanılır. Hazırki iş üzrə belə bildirişlər 22 sentyabr 2022-ci il tarixdə Bank "xxxx" ASC tərəfindən əsas borcluya, yəni İddiaçı göndərilmiş, habelə Bakı şəhərinin ünvan 3 ünvanına göndərilmiş bildiriş sonuncunun qeyd olunan ünvanda yaşamaması səbəbindən çatdırılmasa da, Bakı şəhərinin Nizami rayonundakı İ.Məmmədov küçəsində yerləşən 7 saylı evin 63-cü mənzilinə göndərilmiş bildirişin 23 sentyabr 2022-ci il tarixdə iddiaçıya təqdim edilməsi təmin edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin tələblərindən də aydın olur ki, bildiriş poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra çatdırılmış sayılır, bu hal sonrakı addımların atılmasına imkan verir. Bildirişin alınıb-alınmamasından asılı olmayaraq, bu halda bankın icra qeydinin verilməsi üçün notariusa müraciət etmək hüququ yaranmış olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci və 38-ci maddələrinin İ hissələrinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Beləliklə, işin faktiki hallarından da göründüyü kimi mübahisə predmetini təşkil edən 26 oktyabr 2022-ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş, habelə onun etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə tələb üzrə iddia müddətinin keçməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bu Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göründüyü kimi İddiaçıla cavabdeh Bank "xxxx" ASC arasında borc müqaviləsində irəli gələn öhdəlik münasibətləri 13 may 2019-cu il tarixdən yaranmış, öhdəliyin icrası müddəti 13 may 2024-cü il kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən kredit ödənişləri 11 iyun 2019-cu il tarixdə başlasa da, ödənişlərin icrası dövründə müəyyən vaxtlarda yubanmalarla fasilələr olmuş, 10 may 2022-ci il tarixdə isə o, kredit borcundan 5000 manat ödəniş etdikdən sonra ödənişlər ümumiyyətlə dayanmış, habelə qeyd olunan tarixdə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə borcunu etiraf etməsini göstərən hərəkətlər etməsi, yəni cavabdeh banka olan borcun qismən ödənilməsi istiqamətində tədbirlər görməsi nəticəsində iddia müddətinin axımı kəsilmiş, axımda fasilə yaranmışdır. Belə ki, iddiaçı kredit borcundan 10 may 2022-ci il tarixdə 5000 manat ödəniş etdikdən sonra bu ödənişləri dayandırması ilə 3 illik iddia müddətinin axımı əvvəlki qaydada, yenidən başlanmış, həmin tarixdən 5 ay 16 gün müddət keçdikdən sonra, yəni 26 oktyabr 2022-ci il tarixdə icra qeydi verilmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh bank arasında mülki mübahisəyə Mülki Məcəllənin 380-ci maddəsini tətbiq edilməklə, mülki qanunvericilikdə (Mülki Məcəllənin 373.2-ci maddəsi) nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Siyəzən rayon dövlət notariat ofisinə və Bank "xxxx" ASC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Siyəzən rayon dövlət notariat ofisinə və Bank "xxxx" ASC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-73/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-73/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver