Məhkəmə qərarları › İş №2(059)-792/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-792/2025

18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-792/2025 18.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı və onun və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Siyəzən Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(059)-642/2024 saylı qətnaməsinə əsasən 09 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(059)- 351/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, İddiaçı Cavabdeh xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı iddia edir ki, maddi vəziyyəti ağır olduğu üçün müəyyən olunmuş alimentin miqdarı azaldaraq hər ay 100 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etmir və iddia tələbinin təmin edilməsinə hər hansı münasibət bildirmir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-642/2024 saylı qətnaməsi ilə ondan 09 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən olunmuş alimentin miqdarını azaldaraq hər ay 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cii il tarixli, 2(059)-642/2024 saylı qətnaməsi ilə Cavabdeh ona qarşı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi tələbinə dair iddiası qismən təmin edilməklə, 09 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək ondan Cavabdeh xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra onun ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə Hüseynova (Mirzəyeva) Xanım Şahlar qızı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, habelə bu nikahdan xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X6 adlı iki övladları doğulmuş, həmçinin övladı Harun Hüseynov sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra doğulmuşdur. Bundan başqa, o, “Alov Mühafizə" MMC-də mühafizəçi vəzifəsində işləməklə tutmalar çıxandan sonra 364 manat əmək haqqı alır. Eyni zamanda, uşaqlar körpə və azyaşlı olduğuna görə həyat yoldaşı X4 heç yerdə işləyə bilmir, uşaqlara baxır. Ailənin başqa qazanc yeri yoxdur. Cavabdeh isə himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X3 görə ondan aliment, həmçinin Siyəzən şəhər (səhv etmirsə 6 saylı) tam orta məktəbdə müəllim işləməklə yüksək əmək haqqı və 3-cü qrup əlil kimi dövlətdən pensiya alır. Hesab edir ki, cavabdehin maddi vəziyyəti onun maddi vəziyyətindən yaxşıdır. Cavabdehin himayəsində olan uşaq da nəzərə alınmaqla aylıq əmək haqqısının 1/2 hissəsi 3 uşaq arasında bərabər bölünməlidir. Bu halda cavabdehin himayəsində olan uşağın mənafeyinin pozulduğunu başa düşür, ona görə də, hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək 100 manat həddində müəyyən edilməli, himayəsində olan 2 övladının mənafeləri də mütləq nəzərə alınmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, mühafizəçi işləyərək, tutulmalardan sonra 364 manat əmək haqqı alır, habelə aldığı əmək haqqı ilə himayəsində olan iki azyaşlı uşağının maddi xərclərini qarşılaya bilmir. Belə ki, Harun adlı övladının zəruri xərclərini qarşılamaq üçün aldığı əmək haqqı yetməməklə yanaşı, bu xərcləri qarşılamaqda valideynləri ona köməklik edirlər. Ona görə də, hər üç övladının mənafeyinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiq etməklə yanaşı, izahatında göstərdi ki, iddiaçıdan cavabdehin xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması digər uşaqlara münasibətdə bərabərlik hüququnu pozur. Belə ki, iddiaçı 1200 manat əmək haqqı aldığı təqdirdə, onun əmək haqqısının 1/2 hissəsini hər üç uşaq arasında 200 manat olmaqla bərabər paylara bölünə bilər. Bununla belə, iddiaçının hazırki əmək haqqısı ilə aliment öhdəliyi 100 manatdan aşağı olsa da, iddiaçı cavabdehin xeyrinə 100 manat aliment ödəməyə hazırdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr belə işlərə baxarkən hər iki tərəfin mənafeyini, ailə və maddi vəziyyətini nəzərə almalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq Hüquqları haqqında” Qanun Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 19. 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 27 dekabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını iş materialları ilə birgə araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 09 sentyabr 2024-cü il tarixli, 2(059)-642/2024 saylı qətnaməsindən görünür ki, 09 iyul 2018ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(059)-351/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 11 aprel 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 470126 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında 11 aprel 2022-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Hüseynova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 13 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 794327 nömrəli və 02 iyul 2025-ci il tarixdə verilmiş AZ-V seriyalı, 060452 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası İddiaçı, anası X4 olan müvafiq olaraq X2 04 dekabr 2022-ci il tarixdə Siyəzən şəhərində, X6 isə 25 iyun 2025-ci il tarixdə Xaçmaz şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan və "xxxx" MMC tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli, 48/2025 nömrəli arayışın surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də 13 mart 2024-cü il tarixdən mühafizəçi vəzifəsində işləyir. Həmçinin, İddiaçı hesablanmış əmək haqqı 400 manat, alacağı məbləğ isə 364 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, iddiaçı Cavabdeh “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində müəllim işləməklə, aylıq 457 manat əmək haqqı alır. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, iddiaçının rəsmi iş yeri olmaqla aylıq sabit qazancının olmasını, həmçinin məhkəmə qətnaməsi çıxdıqdan sonra tərəflərin maddi vəziyyətində hər hansı dəyişiklik olmamasını, ailə vəziyyətində dəyişikliyin olmasının (yeni uşağının doğulmasının) isə alimentin məbləğinin azaldılmasına səbəb olan hal olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməli, çəkilmiş 60 manat məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Çəkilmiş 60 (altmış ) manat məhkəmə xərci iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar