Məhkəmə qərarları › İş №2(059)-839/2025

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-839/2025

05.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-839/2025 05.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Siyəzən Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 2(059)-711/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, iddia ərizəsində tərəflərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi), həmçinin cavabdehin ünvanı qeyd edilmədiyinə, habelə cavabdehə qarşı yönələn tələb aydınlaşdırılmadığına görə icraata qəbul edilmədən geri qaytarılmışdır. İddiaçı Əliyeva X1 Rayon Məhkəməsinin sözügedən qərardadında göstərilən nöqsanların bir qismini aradan qaldırsa da, qalan hissədə aradan qaldırmamış və yenidən Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, hazırkı iddia ərizəsində tərəflərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi), habelə cavabdehə qarşı yönələn tələb aydınlaşdırılmasına baxmayaraq, bu ərizədə sonuncunun rəsmi qeydə alındığı Laçın rayonunun Qazıdərə kəndindəki ünvanı ümumiyyətlə qeyd edilməmiş, faktiki yaşayış yeri isə natamam, yəni Abşeron rayonunun Sulutəpə qəsəbəsi olaraq göstərilmişdir. Qeyd edilir ki, cavabdehin poçt ünvanı barədə mötəbər məlumatların təqdim edilməsi işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Sözügedən Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar