Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-89/2023 15.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızının, cavabdehin nümayəndəsi və vəkili X7 iştirakları ilə iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızının Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün mediasiya qurumuna müraciət etdiyi vaxtdan, yəni 30 noyabr 2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində alimentin, eləcə də rüsumu olaraq ödənilmiş 100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16 aprel 2020-ci il təvəllüdlü X2 və 16 fevral 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün mediasiya qurumuna müraciət etdiyi vaxtdan, yəni 30 noyabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin, eləcə də rüsumu olaraq ödənilmiş 100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o cavabdehlə 16 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 16 aprel 2020-ci il tarixdə Seyfəddin adlı oğlan, 16 fevral 2023-cü il tarixdə isə Əsnad adlı qız övladı doğulmuşdur. O, ailənin dağılmasını istəmir, hətta ailənin bərpası üçün əlindən nə gəlirsə etməyə hazırdır. Lakin, cavabdeh ailənin maddi təminatının ödənilməsindən ötrü heç nə etmir. O, hazırda ata evində yaşayaraq, valideynlərinin hesabına çətinliklə dolanır. Heç yerdə işləmədiyindən uşaqların maddi xərclərini təmin edə bilmir. Bu səbəb də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmiş, həmçinin 30 noyabr 2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında aliment tələbi üzrə razılıq əldə edilmədiyinə görə mediasiya prosesinə xitam verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, qaynanası Məhruzə Ağaquliyeva və baldızları ilə arasında yaranmış sadə münaqişələrə görə sonuncular kənd nümayəndəliyinin vasitəsi ilə onu evdən qovduqları üçün o, 2022-ci ilin avqust ayının birinci yarısında ata evinə qayıtmış, habelə cavabdeh bu müddət ərzində övladları ilə maraqlanmamış, onlara hər hansı maddi yardım göstərməmişdir. Cavabdeh, birgə yaşadıqları dövrlərdə müxtəlif işlərdə çalışmaqla 350-500 manat məbləğində gəlir əldə etsə də, hazırda sonuncunun gəliri barəsində hər hansı formada məlumatı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X9 iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, o, məhkəməyə təqdim etdiyi etirazında bir uşağa münasibət bildirərək, cavabdehin sabit gəliri olduğu üçün məvacibinin dörddə bir hissəsində alimentin tutulmasına razılıq bildirmiş, lakin məhkəmə prosesi zamanı cavabdehin ikinci övladı doğulduğundan sonuncu hər ay gəlirinin üçdə bir hissəsi miqdarında alimentin tutulmasına etiraz etmir. Bundan əlavə, aliment tələbinin iddiaçının tələb etdiyi vaxtdan deyil, Azərbaycan Respublikasının Mülki Prosesual qanunvericiliyinə müvafiq olaraq, Seyfəddin Ağaquliyevə münasibətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, Əsnad Ağaquliyevaya münasibətdə isə bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdiyi vaxtdan tutulmasını xahiş edir. Bununla belə, cavabdeh sabit pul məbləğində aliment tutulduğu təqdirdə hər ay, hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimenti ödəməyə razıdır. Cavabdeh kərpic istehsalat sahəsində işləməklə, aylıq 350 manat əmək haqqı alır, habelə bundan əlavə gəliri yoxdur. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon İHB-nin Həmyə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 16 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 285628 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 16 sentyabr 2019-cu il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 10 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Ağaquliyeva" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon İHB-nin Həmyə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 04 may 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 374145 nömrəli, Şabran rayon qeydiyyat şöbəsi tərəfindən 28 fevral 2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı, 781778 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anaları Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızı olan X4 16 aprel 2020-ci il tarixdə Siyəzən şəhərində, X5 isə 16 fevral 2023-cü il tarixdə Şabran şəhərində doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan, eləcə də əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki Cavabdeh kərpic istehsalat sahəsində fəhlə işləməklə, aylıq 350 manat əmək haqqı alır. İşdə olan 30 noyabr 2022-ci il tarixli, 083557 nömrəli mədaxil qəbzindən görünür ki, Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızı mediasiya xidmətinin göstərilməsi üçün 100 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 16 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 16 aprel 2020-ci il tarixdə Seyfəddin, 16 fevral 2023-cü il tarixdə isə Əsnad adlı övladları doğulmuşdur. Həmçinin, tərəflər arasında nikah pozulmasa da, ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar uzun müddət olar faktiki olaraq birgə təsərrüfat idarə etmirlər. İddiaçı hazırda tək qadın olaraq yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh isə övladlarının maddi təminatı ilə maraqlanmır. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Adı çəkilən Məcəllənin 100.2-ci maddəsinə görə isə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin, məhkəmə iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızının iddia ərizəsinin və iddia ərizəsinin həcminin artırılmasına dair ərizəsinin “alimentin mediasiya qurumuna müraciət etdiyi vaxtdan, yəni 30 noyabr 2022-ci il tarixdən başlayaraq tutulması”na dair hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə qanunvericiliyinin yuxarıda qeyd olunan normasında alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğu təsbit edildiyindən alimentin mediasiya qurumuna müraciət edildiyi vaxtdan deyil, azyaşlı Seyfəddin Ağaquliyevə münasibətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi 14 dekabr 2022-ci il tarixdən, azyaşlı Əsnad Ağaquliyeva isə məhkəmə baxışı gedişində doğulduğundan sonuncuya münasibətdə iddiaçının iddia tələbinin həcminin artırılması barədə müvafiq ərizəni məhkəməyə təqdim etdiyi 10 mart 2023-cü il tarixdən tutulması məqsədəmüvafiqdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 16 aprel 2020-ci il təvəllüdlü X2 və 16 fevral 2023-cü il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2023-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq aldığı 350 manat əmək haqqı məbləği, həmçinin bu məbləğlə iddiaçının himayəsində olan uşaqların saxlanılması zərurəti, eləcə də iddiaçının qadın olmaqla, müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqları yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosialədalət prinsipi əsas götürülməlidir. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 16 aprel 2020-ci il təvəllüdlü X2 və 16 fevral 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün azyaşlı Seyfəddin Ağaquliyevə münasibətdə 14 dekabr 2022-ci il tarixdən, azyaşlı Əsnad Ağaquliyevaya münasibətdə isə 10 mart 2023-cü il tarixdən başlayaraq, Cavabdeh iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızının xeyrinə hər ay, hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızının azad edildiyi 72,80 manat dövlət rüsumunun 59%-i, yəni 42,95 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 100 manat məhkəmə xərcinin 59%-i, yəni, yəni 59 manatı Cavabdeh alınaraq iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 16 aprel 2020-ci il təvəllüdlü X2 və 16 fevral 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün azyaşlı Seyfəddin Ağaquliyevə münasibətdə 14 dekabr 2022-ci il tarixdən, azyaşlı Əsnad Ağaquliyevaya münasibətdə isə 10 mart 2023-cü il tarixdən başlayaraq, Cavabdeh iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızının xeyrinə hər ay, hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 100 (bir yüz) manat xərcin 59%-i, yəni 59 (əlli doqquz) manatı Cavabdeh alınaraq iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment tələbinin təmin edilən hissəsində dərhal icraya yönəldilsin. İddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızının azad edildiyi 72,80 manat dövlət rüsumunun 59%-i, yəni 42,95 (qırx iki manat 95 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-89/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-89/2023
15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver