Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-892/2025 26.01.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Vahabzadə Gülay Xanlar qızının katibliyi, iddiaçı X4, Cavabdeh iştirakları ilə, iddiaçı X4 Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X9 Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 03 yanvar 2010-cu il təvəllüdlü X2, 24 sentyabr 2012-ci il təvəllüdlü X6 və 26 mart 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün məhkəməyə müraciət etdiyi tarixdən hesablanmaqla, hər ay, hər uşağa görə 246 manat olmaqla, cəmi 738 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 23 iyul 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 03 yanvar 2010-cu il tarixdə Gülçöhrə, 24 sentyabr 2012-ci il tarixdə Fariz və 26 mart 2021-ci il tarixdə Harun adlı övladları doğulmuşdur. Evliliklərinin ilk dövlərində mehriban yaşasalar da, sonradan aralarında tez-tez narazılıqlar, daha sonra isə münaqişələr yaranmağa başlanmışdır. Bu səbəbdən də uzun müddətdir o, uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdeh Fövqəladə Hallar Nazirliyində işləməklə, aylıq kifayət qədər yüksək əmək haqqı alsa da, övladlarının maddi təminatlarına biganə qalmaqla, onların saxlanılmasına heç bir maddi yardım etmir. Habelə, Siyəzən Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, uşaqların onun himayəsində və yanında qalması qət edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdehin özü və valideynləri tərəfindən fiziki-psixoloji şiddətə məruz qalması səbəbindən psixoloji durumunda problemlər yarandığı üçün 3 il bundan əvvəl qarşı tərəfin valideynləri ilə birgə yaşadıqları Şabran rayonunun Ağbaş kəndində yerləşən evi tərk edib Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 29 nömrəli binanın 12-ci mənzilində keçmiş əri olan Cavabdeh və övladları ilə birgə yaşamağa başlamışlar. Cavabdehin fiziki və mənəvi iztirabları davam etdiyi üçün nikahın pozulması tələbi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş və bu məhkəmənin 11 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, habelə ər-arvad münasibətləri də faktiki olaraq həmin tarixdən tamamilə kəsilmişdir. Nikahın pozulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edərkən, aliment tələb etməməsinin səbəbi cavabdehin dövlət işində çalışdığı üçün işlədiyi İdarədə nikahlarının pozulmasından məlumatın olmasını istəməməsi olmuşdur. Lakin, qarşı tərəf nikahları rəsmi qaydada pozulduğu tarixdən sonra, övladlarına heç bir maddi köməklik göstərmədiyinə görə, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, cavabdehlə 17 il birgə təsərrüfat idarə edərək özü də işləmiş, cavabdeh 2023-cü ildə 21 700 manat miqdarında kredit götürməklə, aylıq 645 manat kredit ödənişi həyata keçirdiyi üçün ailənin, uşaqların dolanışığı onun öhdəsinə düşmüşdür. Cavabdeh isə 21700 manat kredit məbləğinin 13000 manat hissəsinə avtomobil almış, qalan məbləği isə Şabran rayonunun Ağbaş kəndində yerləşən evin təmirinə sərf etmişdir. Hətta, əvvəllər birgə nikah dövründə alınan avtomobil onların hər ikisinin istifadəsində olmasına baxmayaraq, sonradan cavabdeh tərəfindən onun əlindən alınmış və hazırda təkcə keçmiş əri tərəfindən istifadə edilməkdədir. Növbəli iş rejimində işləyən cavabdeh şəxsi təsərrüfatında iri və xırdabuynuzlu mal-qara saxlamaqla, birgə yaşadıqları dövrdə əlavə gəlir də əldə etmişdir. O, özü Ağbaş kənd mədəniyyət evinin müdiri vəzifəsində işləməklə, aylıq aldığı 497 manat əmək haqqından savayı, Siyəzən şəhərindəki salonların birində lazeroloq kimi də fəaliyyət göstərərək hər ay 600-700 manat əlavə gəlir də əldə edir. Özü də lazer aparatını kreditlə aldığı üçün 1 il ərzində hər ay 375 manat, növbəti illərdə isə aylıq 560 manat olmaqla kredit ödənişlərini həyata keçirməlidir. Bundan başqa, qazancından hər ay 250 manat kirayə haqqının ödənilməsinə, 250 manat isə övladlarının fərdi məşğələləri üçün sərf edilməkdədir. Odur ki, iddianın qismən təmin edilməsi, yəni övladları Gülçöhrənin, Farizin və Harunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, 3 il bundan öncə, əvvəllər iddiaçı ilə birgə yaşadıqları Şabran rayonunun Ağbaş kəndində yerləşən ata evini tərk edib Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 29 nömrəli binanın 12-ci mənzilində keçmiş arvadı olan iddiaçı Nərmin Nəcəfova və övladları ilə birgə yaşamağa başlamış, elə həmin dövrlərdən iddiaçının ona qarşı münasibətində soyuqluq yaranmışdır. Sonradan, keçmiş arvadının adını mobil telefonunda “pasiyent” kimi qeyd etdiyi 15 nəfər kişi ilə münasibətinin olması ona məlum olmuş, iddiaçı da məhz bu səbəbdən nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Gələcəkdə iddiaçının ona xəyanət etməsi ilə bağlı şərəf və ləyaqətin müdafiəsi, eləcə də, birgə nikahdan olan uşaqlarının onun himayəsinə verilməsi tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Bununla belə, hazırkı vaxtda iddia tələbini qismən qəbul edərək, birgə nikahdan olan hər uşağa görə hər ay 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin qarşı tərəfin xeyrinə ödənilməsinə razıdır. Belə ki, özü Siyəzən Rayon Dövlət X3 118 nömrəli Yanğından Mühafizə bölməsində manqa komandiri vəzifəsində işləməklə, aylıq 875 manat əmək haqqı alır. Lakin, 2022-ci ildə 21700 manat kredit götürərək, bu məbləğin 13000 manatına avtomobil almış, qalan məbləği isə evin təmirinə sərf etmişdir. Buna görə də o, hazırda 645 manat kredit ödənişini aylıq əmək haqqı hesabına həyata keçirdiyi üçün tələb olunan məbləğdə aliment ödəmək iqtidarında deyildir. Hazırda yaşadığı Şabran rayonunun Ağbaş kəndində taxıl becərməklə yanaşı, 2 baş iribuynuzlu mal-qara və 20-30 ədəd toyuq-cücə saxlasa da, təsərrüfatından il ərzində yüksək gəlir əldə etmir. Ehtiyac olduqda, dolanışıq üçün valideynləri də aldıqları pensiya məbləğindən ona kömək edirlər. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Şabran RİHB-nın Ağbaş İƏD üzrə nümayəndəliyi tərəfindən 01 sentyabr 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 500055 nömrəli və 19 noyabr 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 978553 nömrəli, eləcə də Şabran rayon qeydiyyat şöbəsi tərəfindən 28 aprel 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 548603 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anaları Nəcəfova (Musayeva) Nərmin Akif qızı olan X5 03 yanvar 2010-cu il tarixdə və X10 24 sentyabr 2012-ci il tarixdə Şabran rayonunun Ağbaş kəndində, X11 isə 26 mart 2021-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(059)-551/2025 saylı qətnaməsindən görünür ki, tərəflər arasında keçmiş Dəvəçi Rayon İcra Hakimiyyəti Başçısının Ağbaş İƏD üzrə nümayəndəliyində 23 iyul 2008-ci il tarixdə, 09 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması və 03 yanvar 2010-cu il təvəllüdlü X2, 24 sentyabr 2012-ci il təvəllüdlü X6 və 26 mart 2021-ci il təvəllüdlü X7 anaları, Nəcəfova (Musayeva) Nərmin Akif qızının himayəsində və yanında saxlanılması qət edilmişdir. İşdə olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan şəxsi və gəlir məlumatları barədə çıxarışdan görünür ki, X9 “X1 İdarəsi”ndə mədəniyyət evinin müdiri vəzifəsində işləməklə, aylıq 497 manat əmək haqqı alır. İşdə olan mötəbər maliyyə sənədindən görünür ki, Nərmin Nəcəfova mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 23 iyul 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 03 yanvar 2010-cu il tarixdə Gülçöhrə, 24 sentyabr 2012-ci il tarixdə Fariz və 26 mart 2021-ci il tarixdə Harun adlı övladları doğulmuşdur. Daha sonra, tərəflər arasındakı nikah iddiaçının tələbi ilə 11 sentyabr 2025-ci il tarixdə məhkəmə qaydasında pozulsa da, onların birgə nikahından olmaqla, iddiaçının himayəsində yaşayan uşaqlara alimentin ödənilməsi barədə tələb olmadığı üçün hazırda mübahisələndirilən bu məsələ həll olunmamışdır. İddiaçı hazırda yetkinlik yaşına çatmayan uşaqların maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında 29 dekabr 2025-ci il tarixli Qanuna əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2026-cı il üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında 2025 və 2026cı il üçün də minimum aylıq əmək haqqının məbləği 400 manat təşkil etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 03 yanvar 2010-cu il təvəllüdlü X2, 24 sentyabr 2012-ci il təvəllüdlü X6 və 26 mart 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.4-1 bəndinə və 8.4-2-cü bəndinin İ cümləsinə əsasən məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Eyni zamanda, iddiaçı əvvəlcə cavabdehdən hər ay uşağa görə 246 manat sabit pul məbləğində aliment tələb etməsinə baxmayaraq, sonradan məhkəmə iclasında hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı Nərmin Nəcəfova hazırda qarşı tərəfdən 600 manat sabit pul məbləğində aliment tələb etməsinə baxmayaraq, onun özünün də işləməklə aylıq yüksək qazanca malik olması nəzərə alınaraq, sosial ədalət nöqteyi-nəzərdən alimentin tələb olunan miqdarda tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu, habelə tərəflərin hər ikisinin işləməklə aylıq qazanca malik olmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iddia ərizəsinin 2025-ci ildə məhkəməyə təqdim edilməsi nəzərə alınmalı, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 200 manat sabit pul məbləğində alimentin məbləği, həmin il ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının müvafiq misli həddinə uyğunlaşdırılmaqla, aylıq alimentin məbləği 400 x 0,375 = 150 manatla hesablanmalı və tərəflərin birgə nikahından doğulmuş 03 yanvar 2010-cu il təvəllüdlü X2, 24 sentyabr 2012-ci il təvəllüdlü X6 və 26 mart 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 27 noyabr 2025-ci il tarixdən başlayaraq, Cavabdeh iddiaçı X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli olmaqla, ümumilikdə 1,25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfdən qismən müdafiə edildiyindən, eləcə də, sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı X4 ödəməkdən azad edildiyi 108,56 (bir yüz səkkiz manat 56 qəpik) manat dövlət rüsumunun 61%-i, yəni 66,22 (altımış altı manat 22 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üzrə sərf edilmiş 60 məhkəmə xərcinin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 03 yanvar 2010-cu il təvəllüdlü X2, 24 sentyabr 2012-ci il təvəllüdlü X6 və 26 mart 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 27 noyabr 2025ci il tarixdən başlayaraq, Cavabdeh iddiaçı X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli olmaqla, ümumilikdə 1,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icraya yönəldilsin. İddiaçı X4 ödəməkdən azad edildiyi 108,56 (bir yüz səkkiz manat 56 qəpik) manat dövlət rüsumunun 61%-i, yəni 66,22 (altımış altı manat 22 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-892/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-892/2025
26.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver