Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-913/2025 04.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Vahabzadə Gülay Xanlar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 may 2015-ci il təvəllüdlü X2 və 24 yanvar 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət etdiyi tarixdən hesablanmaqla, hər ay, hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, 24 may 2014-cü il tarixdə cavabdehlə faktiki ər-arvad kimi yaşasalar da, rəsmi nikaha daxil olmamışlar. Faktiki ər-arvad münasibətlərindən 05 may 2015-ci il tarixdə Akif adlı oğulları, 24 yanvar 2020-ci il tarixdə Ayla adlı qızları doğulmuşdur. Rəsmi nikahları olmasa da, Cavabdeh razılığı ilə hər iki övladının atalığı müəyyən edilməklə, uşaqların atasının Rufan olması tanınmışdır. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan aralarında tez-tez narazılıqlar, daha sonra münaqişələr yaranmağa başlamışdır. Münaqişənin səbəbi cavabdehin ailə dəyərlərinə ciddi yanaşmaması, evə, uşaqlara baxmaması, onların maddi təminatına biganə yanaşmasıdır. Belə ki, 1 ildən çoxdur o, iki övladı ilə birgə cavabdehdən ayrı, Siyəzən şəhərində öz valideynlərinin mənzilində yaşayır. Belə olan halda, o, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mediasiya xidmətinə müraciət etmiş və bununla əlaqədar müvafiq rüsum olan 60 manat məbləğində pul ödəmişdir. Mediatorun rəhbərliyi ilə mediasiya prosesi keçirilsə də, mübahisə üzrə ilkin mediasiya sessiyasında hər hansı bir razılıq əldə edilməmişdir. Bu barədə mediator Hümmət Əliyev tərəfindən ona 28 noyabr 2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı rəsmi iş yeri olmasa da "xxxx" market MMC-də fərdi qaydada satıcı işləyir. Həmçinin, İddiaçı 2024-cü ilin dekabr ayından övladları ilə birgə cavabdehdən ayrı yaşayır. Bundan başqa, tərəflər 10 il ərzində faktiki ailə münasibətində olsalar da, rəsmi nikaha daxil olmamışlar. Evləndikdən sonra bir müddət Siyəzən rayonunun Beşdam kəndində bir yerdə yaşasalar da, sonradan Siyəzən şəhərinə köçərək kirayə qalmağa başlamışlar. Tərəflər ayrıldıqdan sonra bir müddət cavabdeh iddiaçıya arada-bir maddi yardım etsə də, son iki ay ərzində övladlarına hər hansı bir formada dəstək göstərməmişdir. Bundan başqa, iddiaçı övladlarının gündəlik tələbatlarını təmin etməkdən əlavə, aylıq 150 manat kirayə pulu da ödəyir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, dayısı qızı olan İddiaçı ilə 24 may 2014-cü il tarixdə toyları olmuş, 10 il rəsmi nikahları olmadan bir yerdə yaşamış, habelə faktiki nikah münasibətlərindən Akif və Ayla adlı uşaqları doğulmuşdur. Qısa müddət Siyəzən rayonunun Beşdam kəndində yaşasalar da, sonradan Siyəzən şəhərində yerləşən H.Əliyev küçəsindəki 46 nömrəli evin 33-cü mənzilinə köçmüşlər. Lakin, 2024-cü ilin dekabr ayından münasibətləri kəsilmiş, o, kirayə qaldıqları mənzili tərk etmişdir. Bundan sonra, bir müddət imkanı olduqca övladlarına ərzaq və pul verməklə, maddi dəstək göstərsə də, son iki ayda maddi cəhətdən sıxıntıları olduğu üçün bunu edə bilməmişdir. Hazırda, günaşırı fərdi qaydada kababçı işləməklə gün ərzində 25 manat, ayda isə 375 manat gəlir əldə etsə də, yay mövsümündə daha artıq qazancı olur. Eyni zamanda, şəkər xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də, qarşı tərəfə hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat aliment ödəməyə hazırdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 27 sentyabr 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 322787 nömrəli və 24 fevral 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 367298 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin, eləcə də, eyni tarixlərdə verilmiş AZ-İİİ seriyalı, 942113 nömrəli və AZ-İV seriyalı, 374099 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anaları İddiaçı olan X4 05 may 2015-ci il tarixdə, X3 24 yanvar 2020-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan şəxsi və gəlir məlumatları barədə çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də kassir, satıcı-nəzarətçi işləməklə, aylıq 400 manat əmək haqqı alır. İşdə olan mötəbər maliyyə sənədindən görünür ki, Gülarə Manafova mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 24 may 2014-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmiş, 2024-cü ilin dekabr ayınadək ər-arvad kimi yaşamış və onların bu münasibətlərindən 05 may 2015-ci il tarixdə Akif və 24 yanvar 2020-ci il tarixdə Ayla adlı övladları doğulmuşdur. İddiaçı hazırda yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 25 noyabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2025-ci il üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında 2025 və 2026cı il üçün də minimum aylıq əmək haqqının məbləği 400 manat təşkil etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 05 may 2015-ci il təvəllüdlü X2 və 24 yanvar 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.4-1 bəndinə və 8.4-2-cü bəndinin İ cümləsinə əsasən məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. İşin faktiki hallarından da göründüyü kimi, Azərbaycan Respublikasında 2025-ci il üçün uşağa münasibətdə yaşayış minimumunun 246 manat müəyyən edilsə də, iddiaçının minimum aylıq əməkhaqqı alması, cavabdehin isə aylıq qazancının məbləği nəzərə alınaraq, sosial ədalət nöqteyi-nəzərdən alimentin tələb olunan miqdarda tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, onların işləməklə aylıq qazanca malik olmasını, yetkinlik yaşına çatmayan uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iddia ərizəsinin 2025-ci ildə məhkəməyə təqdim edilməsi nəzərə alınmalı, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 150 manat sabit pul məbləğində alimentin məbləği, həmin il ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının müvafiq misli həddinə uyğunlaşdırılmaqla, aylıq alimentin məbləği 400 x 0,40 = 160 manatla hesablanmalı və 05 may 2015-ci il təvəllüdlü X2 və 24 yanvar 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 08 dekabr 2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli olmaqla, ümumilikdə 0,80 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 79,04 (yetmiş doqquz manat 04 qəpik) manat dövlət rüsumunun 65%-i, yəni 51,37 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üzrə ödənilmiş 60 məhkəmə xərcinin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 05 may 2015-ci il təvəllüdlü X2 və 24 yanvar 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 08 dekabr 2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli olmaqla, ümumilikdə 0,80 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icraya yönəldilsin. İddiaçı ödəməkdən azad edildiyi 79,04 (yetmiş doqquz manat 04 qəpik) manat dövlət rüsumunun 65%-i, yəni 51,37 (əlli bir manat 37 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-913/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-913/2025
04.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver