Məhkəmə qərarları › İş №2(059)-914/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-914/2025

04.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-914/2025 04.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Vahabzadə Gülay Xanlar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 aprel 2023-cü il tarixli barışıq sazişi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilməsini və cavabdehdən onun xeyrinə hər ay 260 manat sabit pul məbləğində alimentin tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdehlə onun arasında 28 fevral 2017-ci il tarixdə bağlanmış rəsmi nikah Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə aralarında Gəncə 1 saylı Mediasiya təşkilatında 28 aprel 2023-cü il tarixdə bağlanılmış barışıq sazişinə əsasən nikahın pozulması və birgə nikahdan doğulmuş 29 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qarşı tərəfdən onun xeyrinə hər ay 220 manat məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Lakin, hazırda həmin məbləğ övladının saxlanılması ilə əlaqədar xərcləri qarşılamadığına görə alimentin artırılmasına zərurət yaranmışdır. Bu səbəbdən Quba 1 saylı Mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, qarşı tərəfin mediasiya prosesinə gəlməməsi səbəbindən mediasiyanın tətbiqi baş tutmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, 2020-2021-ci tədris ilində Tərtər rayon Adil Məmmədov adına Xoruzlu kənd orta məktəbində, 2021-2025-ci tədris illərində isə Gədəbəy rayon Elşən Məmmədov adına Xarxar kənd orta məktəbində informatika müəllimi kimi fəaliyyət göstərmişdir. Habelə, Xoruzlu kənd orta məktəbində fəaliyyət göstərərkən yol xərcləri də daxil olmaqla 260 manat, Xarxar kənd orta məktəbində isə yol xərcləri də daxil olmaqla 542 manat əmək haqqı almışdır. Bundan sonra, 2025-ci ilin sentyabr ayından rəsmi iş yeri olmamaqla, hal-hazırda gözəllik salonunda fəaliyyət göstərib ayda qeyri-sabit məbləğdə qazanc əldə edir. Belə ki, hazırda Bakı şəhərində kirayə yaşamaqla, aylıq 300 manat kirayə haqqı ödəyir. Habelə, birgə nikahdan olan qızı İncinin iki fənn üzrə fərdi hazırlığına görə hər ay ümumilikdə 80 manat xərc çəkir. Eyni zamanda, övladı böyüdüyünə görə onun xərclərinin artması səbəbindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 06 sentyabr 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 662270 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X3 29 iyun 2017-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş 28 aprel 2023-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı mediasiya sessiyasında iştirak etmiş, habelə Cavabdeh 29 iyun 2017-ci il təvəllüdlü X1 məqsədilə hər ay 220 manat məbləğində alimentin İddiaçı ödənilməsi barədə razılaşmış və tərəflər sözügedən sazişi imzalamışlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(059)-408/2023 saylı qətnaməsindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində 28 fevral 2017-ci il tarixdə, 15 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması və 29 iyun 2017-ci il təvəllüdlü X2 anası, İddiaçı himayəsində və yanında saxlanılması qət edilmişdir. İşdə olan mötəbər maliyyə sənədindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər əvvəl faktiki, 28 fevral 2017-ci il tarixdə isə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 29 iyun 2017-ci il tarixdə İnci adlı övladları doğulmuşdur. Daha sonra, tərəflər arasındakı nikah cavabdehin tələbi ilə 13 noyabr 2023-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Habelə, ailə münasibətlərindən irəli gələn mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl, tərəflər Gəncə 1 saylı mediasiya təşkilatında 28 aprel 2023-cü il tarixdə barışıq sazişi bağlayaraq, hər ay cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Hazırda isə iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 29 iyun 2017-ci il təvəllüdlü İncinin artan tələbatını qarşılaya bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sözügedən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında 29 dekabr 2025-ci il tarixli Qanuna əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2026-cı il üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında 2025-cı il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat təşkil etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 29 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Sözügedən qərarın 8.4-3-cü bəndinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Bu qərarın 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Habelə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Plenumun 20 dekabr 2024-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeləri özündə əks etdirən bir sıra məsələlərə ümumiləşdirilmiş izahın verilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 14 yanvar 2025-ci il tarixdə rayon (şəhər) məhkəmələrinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər. Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe, iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır. Bununla yanaşı, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.4-1 bəndinə və 8.4-2-cü bəndinin İ cümləsinə əsasən məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəalarını, hüquqi mövqeləri, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Belə ki, tərəflər arasında Gəncə 1 saylı Mediasiya təşkilatında 28 aprel 2023-cü il tarixdə bağlanılmış barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləği ötən üç ilədək müddət ərzində uşağın qida, geyim, təhsillə bağlı artan gündəlik tələbatlarının təmin edilməsi üçün yetərli deyildir. Bundan əlavə, 2021- 2025-ci illərdə, eləcə də, barışıq sazişinin bağlandığı dövrdə İddiaçı rəsmi qaydada işləyib aylıq sabit qazanca malik olmasına rəğmən, 2025-ci ilin sentyabr ayından fərdi qaydada fəaliyyət göstərməklə, aylıq qazancı dəyişkən olmuşdur. Bunlar isə nəticə etibarilə, iddiaçının maddi vəziyyətində dəyişiklik baş verməsinə dəlalət edir. Belə olan halda, alimentin artırılması ilə bağlı iddiaçı əvvəlcə mediasiya təşkilatına, sonra isə məhkəməyə müraciət etməkdə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, aliment ərizənin verildiyi vaxtdan, yəni 08 dekabr 2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Bununla da, iddia ərizəsinin 2025-ci ildə məhkəməyə təqdim edilməsi nəzərə alınmalı, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay görə 260 manat sabit pul məbləğində alimentin məbləği, həmin il ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının müvafiq misli həddinə uyğunlaşdırılmaqla, aylıq alimentin məbləği 400 x 0,65 =260 manatla hesablanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, həmçinin tərəflərin maddi və əmlak vəziyyətini, habelə, yetkinlik yaşına çatmayan uşağın saxlanılması vacibliyini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, tərəflər arasında Gəncə 1 saylı Mediasiya təşkilatında 28 aprel 2023-cü il tarixdə bağlanılmış barışıq sazişi ilə 29 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulmalı olan alimentin miqdarı dəyişdirilməli, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 08 dekabr 2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 51,20 (əlli bir manat 20 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üzrə ödənilmiş 60 məhkəmə xərcinin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflər arasında Gəncə 1 saylı Mediasiya təşkilatında 28 aprel 2023-cü il tarixdə bağlanılmış barışıq sazişi ilə 29 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulmalı olan alimentin miqdarı dəyişdirilsin. 29 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 08 dekabr 2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı ödəməkdən azad edildiyi 51,20 (əlli bir manat 20 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar