Məhkəmə qərarları › İş №2(060)-1007/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1007/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1007/2021 10.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Muradov Nahid Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh və onun vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment və maddi yardım tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh övladı xx.xx.2008ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 300 manat alimentin tutulması və 100 manat əlavə xərc tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2006-cü ildə faktiki nikaha girərək ailə həyatı qurmuşdur. Həmin nikahdan onların xx.xx.2008-ci il təvəllüdlü X5 adlı övladları olmuşdur. Qızı Hüsnayənin yetkinsizlik Pri-PTİHTE nəticəsi kimi formalaşan inkişaf geriliyi xəstəliyi vardır. Davamlı dərmanlar qəbul etməlidir.Cavabdeh bu xərcləri odəməkdən imtina edir. Onlar faktiki olaraq ayrılmışdır. Övladlarının saxlanması ona çətinlik yaradır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəmədə izahat verərək, bildirdi ki, iddia tələbini qəbul etmir, övladının saxlanması üçün lazım olanı edir. Məhkəmədən qətnamə qəbul edilərkən bu hallara diqqət yetirilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X6 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 atası Cavabdehdur. - Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin faktiki nikahından xx.xx.2008-ci il təvəllüdlü X5 adlı övladı vardır. - 2879 saylı epikrizin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinsizlik Pri-PTİHTE nəticəki kimi formalaşan inkişaf geriliyi xəstəliyi (USY) vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər faktiki nikahla ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinsizlik Pri-PTİHTE nəticəsi kimi formalaşan inkişaf geriliyi xəstəliyi (USY) vardır. Onun mütəmadi müalicəsinə və davamlı tibbi müşahidəsinə iddiaçı xərc çəkir.Cavabdehlə faktiki olaraq ayrılmışlar. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətə layiq maraqlarını nəzərə alaraq, nikahdan xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir.Odur ki, məhkəmə 200 manat aliment tələbinin qismən təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Belə ki, məhkəmə hesab edir ki, uşağın əziyyət çəkdiyi ümumi bəlli olan xəstəlik olmaqla, davamlı müşahidə və müalicə kurslarının həyata keçirilməsinin sübut olunmasına ehtiyac yoxdur.Odur ki, məhkəmə, tərəflərin maddi vəziyyətini, qeyd olunan qanunvericiliyin normalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia 100 manat əlavə xərc tələbi hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsi bu Məcəllənin “Ailə üzvlərinin aliment öhdəlikləri” adlandırılan beşinci bölməsində nəzərdə tutulduğundan əlavə xərcə görə aliment tutulması həmin Məcəllənin 100.2-ci maddəsinə müvafiq olaraq xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı,xx xxxxxxx 2020-ci il tarixdən etibarən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment və xx.xx.2008-ci il təvəllüdlü X1 hər ay 50 manat sabit pul məbləğində əlavə xərc Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 500 manatdan artıq olduğu üçün və iddia qismən təmin edildiyindən qanunvericiliyin tələbinə əsasən 17 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 2020-ci il tarixdən etibarən xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində əlavə xərc Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 17 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi dərhal icra olunsun Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar