Məhkəmə qərarları › İş №2(060)-1025/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1025/2021

11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1025/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh Nağıyev Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Nağıyev Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Nağıyev Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü Nağıyeva Mələk Cavabdeh qızının müalicə xərcləri üçün ödənilmiş 1724 manatın ½ hissəsinin, yəni 862 manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Nağıyeva Mələk Cavabdeh qızı dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(060)-477/2016 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikah qeydi ləğv edilməsi, xx.xx.2015-ci il təvəllüdlü Nağıyeva Mələk Cavabdeh qızının anasının yanında saxlanması və cavabdehdən xx.xx.2015-ci il tarixdən başlayaraq uşağın saxlanması üçün ayda 108 manat məbləğində alimentin tutulması qət edilmişdir. 2017-ci ildə cavabdeh ümumilikdə 3000 manatdan çox olan aliment borcunu ödəməmək üçün onunla barışmış, daha sonra yenidən çıxıb getmişdir. xx.xx.2015-ci il təvəllüdlü Nağıyeva Mələk Cavabdeh qızı ürək çatışmazlığından xəstəxana şəraitində müalicə alır. Bir dəfə cərrahiyyə əməliyyatı olmuş, əməliyyat düzgün edilmədiyinə görə yenidən əməliyyat edilmişdir. Hazırda cavabdeh övladının ağır müalicə üçün müayinələrdən keçməsi və dərman almaq üçün xərclərin ½ hissəsini ödəməkdən imtina edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir. Övladı bir dəfə əməliyyat olunmuş, bu əməliyyatdan sonra sağalmışdır. Hazırda sağlamdır və heç bir problemi yoxdur. Həmin əməliyyatın xərclərinə də lazımi köməkliyi göstərmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1995-ci ildə anadan olmuş, Xırdalan şəhəri, Quşçuluq massivi, İ.Rüstəm küçəsi ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Cavabdeh xx.xx.1989-cu il, Sumqayıt şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2016-cı il tarixli, 223356 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətinə əsasən, tərəflər arasında nikahın pozulması aktı xx.xx.2016-cı ildə, 197 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nağıyeva Mələk Cavabdeh qızı xx.xx.2015-ci ildə anadan olmuşdur. Uşağın atası Nağıyev Cavabdeh, anası İddiaçıdır. İş materiallarına ödəniş qəbzləri əlavə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3184/2019 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-2882/2019 saylı qətnaməsi dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü Nağıyeva Mələk Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində aliment və uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc kimi ödənilmiş 167,50 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (81.2.). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (81.3.). İşdən göründüyü kimi iddiaçı cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2015ci il təvəllüdlü Nağıyeva Mələk Cavabdeh qızının müayinə və müalicəsi üçün göstərilmiş tibbi xidmətlər üçün tərəfindən 1724 manat ödəniş həyata keçirildiyini bildirir və həmin məbləğin yarısının cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1). İddiaçı öz tələbinin əsası kimi məhkəməyə ödəniş qəbzləri təqdim etmişdir. Həmin ödəniş qəbzləri əsasında ümumi ödənilmiş məbləğ 1724 manat təşkil edir. Lakin, həmin qəbzlərin bəzilərindən ödənişlərin məhz Nağıyeva Mələk Cavabdeh qızına tibbi xidmətlərin göstərilməsi üçün edildiyi müəyyən edilmir. Bu səbəbdən həmin qəbzlər məhkəmə tərəfindən məhz Mələk Nağıyevaya tibbi xidmətlərin göstərilməsi müqabilində edilmiş ödənişləri təsdiq edən sübut kimi qiymətləndirilmir. Nağıyeva Mələk Cavabdeh qızına tibbi xidmətlərin göstərilməsi üçün ödənişlər edildiyini təsdiq edən qəbzlərlə ödənilmiş ümumi məbləğ isə təxminən 888 manat təşkil edir ki, həmin məbləğin ½ hissəsi 444 manatdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 444 (dörd yüz qırx dörd) manat pul cavabdeh Nağıyev Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar