Məhkəmə qərarları › İş №2(060)-1058/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1058/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1058/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və cavabdeh Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı «alqı-satqı əqdinin bağlanmış hesab olunması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, 522 saylı, 0,06 ha torpaq sahəsinə dair cavabdehlə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhər Bələdiyyəsinin fərdi yaşayış evi tikmək üçün ona həyətyanı torpaq sahəsi ayrılması barədə 21.11.2002-ci il tarixli müraciətinə əsasən, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilən 28.11.2002-ci il tarixli rəyi nəzərə alaraq, Sumqayıt şəhər Bələdiyyə şurasının 60 saylı protokoluna, 29 noyabr 2002-ci il tarixli qərarına əsasən ona Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində 600 kv.m. ibarət həyətyanı torpaq sahəsi ayrılmışdır. Bunun üçün o, 20.11.2002 -ci il tarixində torpağın alqısatqısı üçün hər sota görə, hazırki qiymətlə 180 manat, cəmisi 1080 manat məbləğində pul ödəmiş və sonra da bələdiyyə tərəfindən alqı-satqı aktı tərtib olunaraq ona verilmişdir. Bələdiyyənin baş memarı tərəfindən hazırlanmış memarlıq planlaşdırma göstərişləri olaraq sahənin mənsubiyyətini və təyinatını özündə əks etdirən eskiz layihəsindən çıxarış və torpaq sahəsinin planı barədə müvafiq sənədlər və ona ayrılacaq yerin sərhədlərinin naturada müəyyən edilməsi, nişanlanması və sifarişçiyə təhvil verilməsi haqqında 9 dekabr tarixli akt da tərtib olunaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq olunub sahə ona təhvil verilmişdir. Torpaq sahəsi ayrılarkən, 20.11.2002 -ci il tarixində o, torpağın alqı- satqısı üçün hər sota görə 180 manat pulu 125 263 saylı qəbzlə ödəmişdir. Sahənin kodu 335377(76) olmuşdur. Bələdiyyə ilə alqı-satqı aktı olduğuna görə ona 523-cü sahə nişanı ilə torpaq sahəsi ayrılmasına dair inşaat pasportu da verilmişdir. Həmin sahədən o, və ailəsi indiyədək, artıq 18 ildir istifadə edirlər. Lakin, qanuni əsaslarla verilən və faktiki istifadələrində olan sahəni indiyədək o, öz adına sənədləşdirə bilməmişdir. Belə ki, 2011 -ci il may tarixində Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsindən gəlib ona məxsus sahənin bütün dönüş nöqtələrinin naturada qeyd olunub daimi nişangahlar qoyulmasına dair akt tərtib etmişlər, Bələdiyyə nümayəndələri isə gəlib ondan alqı-satqı aktını və ödənişi etmiş olduğum rüsum qəbzini götürmüşlər ki, qanunvericilikdə dəyişiklik var, yenidən tərtib edib verəcələr. O, da inanıb və təhvil vermişdir. Lakin həmin sənədlər ona qaytarılmamış və sonradan da dəfələrlə müraciətinə baxmayaraq Bələdiyyə işçiləri alqı-satqı aktı ilə ödəniş barədə qəbzin ondan götürülməmiş olduğunu və bunlar barədə qeydlərin bələdiyyədə mövcud olmadığını bildirmişlər. Sahənin sənədləşdirilməsi məqsədilə alqı-satqı aktının verilməsi barədə ərizə ilə 2020-ci il sentyabr tarixində cavabdeh təşkilata rəsmi olaraq da müraciət etmişdir. Lakin Sumqayıt Bələdiyyəsi 20 oktyabr 2020-ci il tarixli məktubla ona cavab vermişdir ki, torpağın alqı-satqısına dair akt yoxdur və sənədləşmə üçün 100 kvm-ə görə son hərrac qiyməti olaraq 1010 manat pul ödəməlidir. Bu isə qanunsuzdur, çünki o, torpağın dəyərini hələ 2002-ci ildə ödəmiş, belə çıxır ki 2-ci dəfə, özü də 6 dəfə artıq qiymətlə yenidən ödəməlidir. Cavabdeh təşkilatın bu hərəkəti qanunsuzdur, çünki ondan təzə torpaq sahəsi istəmir. Ondan uzun illər istifadəsində və sahibliyində olan, üstəlik inşaat pasportu olan torpağın sənədləşdirilməsini istəyir. İdarə tərəfindən alqı-satqı aktının verilməsi zəruridir ki, o, buna əsasən sahəyə dair çıxarış ala bilsin. Bundan başqa, əgər o, ödənişi etmiş olmasaydı və alqı-satqı aktı olmamış olsaydı, o halda ona 9 dekabr tarixli inşaat pasportu verilə bilməzdi. Bu hal özü sübut edir ki, onun cavabdeh təşkilatla aralarında alqı-satqı aktı olmuşdur. Lakin cavabdeh aktın olduğunu etiraf etmir və onu yenidən tərtib etməkdəndə boyun qaçırır. Beləliklə də o, alqı-satqı əqdi olmadığından öz hüququnu dövlət qeydiyyatına aldıra bilmir və məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 2005-ci il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335-ci maddəsinin normasına görə tərəflərdən biri əqdin bağlanmasından boyun qaçırırsa, onda bu digər tərəfin ərizəsi ilə məhkəmə qaydasında həyata keçirilə bilər. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, 522 saylı, 0,06 ha torpaq sahəsinə dair cavabdehlə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı “alqı-satqı əqdinin bağlanmış hesab olunmasına dair” iddia ərizəsini tamamilə əsassız hesab edirlər. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Sumqayıt Bələdiyyəsinin 29 noyabr 2002-cı il tarixli, 60 saylı qərarı ilə Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün İddiaçı adına rəsmiləşdirilsə də, tərəflər arasında torpağın alqısatqısına dair müqavilə bağlanmadığından, həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilməmişdir. Halbuki, 2004-cü ilin noyabrına olan redaksiyada Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci hissəsinə görə müəyyən edilmişdir ki, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 2004-cü ilin noyabrına olan redaksiyada 66-c maddəsinin 1-ci hissəsinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daim istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanı 3 tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ile rəsmiləşdirilir. Qanunvericiliyin tələbindən də görünür ki, bələdiyyə mülkiyyətində olar torpaq sahələrinin hər hansı fiziki şəxsə verilməsi üçün iki əsas mövcuddur: bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə (və ya akt). Hazırki işdə bələdiyyənin qərarı olsa da, müqavilə mövcud deyildir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında birmənalı şəkildə qeyd edilmişdir ki, daşınmaz əşyalara dair alqı-satqı müqavilələri yalnız yazılı şəkildə bağlandıqda etibarlı hesab edilə bilər. Hazırki iş üzrə də bu hallardan ən azı biri-əqdin yazılı formada tərtib edilməsimövcud deyildir. Bu baxımdan da hesab edirlər ki, iddiaçının müqavilənin bağlanmış hesab edilməsi barədə iddiası təmin eilə bilməz. İddiaçın mübahisələndirilən torpaq sahəsini torpağın hal-hazırda mövcud olan qiymətləri əsasında müvafiq ödənişlər müqabilində mövcud qanun normalarına uyğun olaraq əldə edə bilər. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin İddiaçı ünvanladığı 20.09.2020-ci il tarixli, 3089 nömrəli məktubun surətindən görünür ki, Sumqayıt Bələdiyyəsinin 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinin mülkiyyətinə ayrılması barədə 29 noyabr 2002-ci il tarixli 60 saylı qərarı qəbul olunarkən həmin torpaq sahəsinin alqı-satqısına dair müvafiq alqısatqı aktı tərtib edilməmişdir. Hal-hazırda isə torpaq qanunvericiliyinə dair normativ-hüquqi aktlarda edilmiş dəyişikliklərə görə torpağın alqı-satqı aktlarının verilməsi müddəası ləğv olunduğundan həmçinin həmin alqı-satqı aktını qeydiyyata alan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin özü də ləğv edildiyindən, ərizədə tələb etdikləri sənədin tərəfindən tərtib olunması mümkün deyildir. Eyni zamanda qüvvədə olan normativ xarakterli aktlara əsasən Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən fərdi ev tikintisi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahələrinin hər 100 kvadrat metrinə görə son hərrac qiyməti 1010 (bir min on) manat təşkil edir. İş materiallarında olan Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin aktın surətindən görünür ki, Sumqayıt Şəhər Bələdiyyəsi Şurasının 60 nömrəli, 29 noyabr 2002ci il tarixli qərarına əsasən Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evin tikintisi məqsədi ilə ayrılmış 600 (altı yüz) kv.metr olan 83 nömrəli torpaq sahəsi İddiaçı təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyə Şurasının 29.11.2002-ci il tarixli, protokol №60 saylı, qərarın surətindən görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyini nəzərə alaraq, şəhər bələdiyyəsi torpaq komissiyasının 29 noyabr 2002-ci il tarixli 51 saylı protokoluna əsaslanaraq, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 43, mənzil 36-da yaşayan İddiaçı baş plan əsasında 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək üçün 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 43, mənzil 36-da yaşayan İddiaçı Sumqayıt şəhər bələdiyyəsinə daxil olmuş 20.11.2002-ci il tarixli, B-21 saylı ərizəsinə baxılmasının nəticəsi barədə 28.11.2002-ci il tarixli, 02/221 nömrəli rəyinin surətindən görünür ki, Sumqayıt şəhər şöbəsinin mütəxəssisi tərəfindən 20-ci mikrorayon ərazisində baş plan əsasında ayrılmış torpaq sahəsinin alqı-satqı yolu ilə sənədləşdirilməsi üçün sahəyə baxış keçirilmişdir. Sumqayıt şəhərinin Baş planına əsasən fərdi ev tikmək üçün 20-ci mikrorayon ərazisindən İddiaçı 600 kv.metr torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə Sumqayıt şəhər şöbəsi etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 09.03.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşn 522 nömrəli 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 02.03.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Bələdiyyəsinin 29 noyabr 2002-ci il tarixli, 60 saylı qərarı ilə Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün İddiaçı adına rəsmiləşdirilsə də, tərəflər arasında torpağın alqı-satqısına dair müqavilə bağlanılmamışdır. İş materiallarında olan mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı təhkim aktı üçün Memarlıq və Şəhərsalma İdarəsinin hesabına 113,76 manat ödəniş etmişdir. İş materiallarında olan AZE seriyalı, №0******* saylı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, mənzil 112-də qeydiyyatdadır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxslər torpaq sahəsinin mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri də bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. «Torpaq islahatı haqqında" Qanunun 19-cu maddəsinə görə dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sadalanan maddi hüquq normalarının məzmunundan aydın olur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hərhansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, istinad olunan maddi hüquq normaları mübahisələndirilən hissədə torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün hər hansı əsas vermir. Həmin normalar torpaq üzərində hüququn yaranmasının ümumi qaydalarını müəyyən edir. Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman (24.05.2005-ci il) hələ qüvvədə olan 335-ci maddəsində əqdin etibarlı sayılmasının qaydası nəzərdə tutulmuşdur. Lakin həmin qayda notariat qaydasında təsdiq edilməli olan əqdlərə, əqdin notarial formasına riayət edilməməsinin nəticələrinə aid idi. Bələdiyyə ilə bağlanan alqısatqı müqavilələrinin notariat qaydasında təsdiqinin məcburiliyi isə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən, əqdin notariat qaydasında təsdiqinə yol verildiyi təqdirdə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri də bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 156-cı maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş yerli özünüidarə orqanının qərarına əsasən,qanunla müəyyənləşdirilmiş qaydada verilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi,həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarətməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.1 -ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar torpaq qanunvericiliyinə,"Bələdiyyənin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 10.1 -ci maddəsinə görə (bələdiyyə qərarının verildiyi zaman mövcud olmuş redaktəsində) bələdiyyə mülkiyyətində olan torpaq sahələri satıldıqda, qiymətlər torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3cü hissəsinə görə (bələdiyyə qərarının verildiyi zaman qüvvədə olmuş redaktədə) bələdiyyə mülkiyyətində olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə bələdiyyə mülkiyyətini bələdiyyələr idarə edirlər və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün bələdiyyənin qərarı və onlarla bağlanılan müqavilələr əsasdır. İddiaçının 2002-ci ildə Sumqayıt Bələdiyyəsinə torpağın alqı-satqı məbləğini ödədiyi və bundan sonra onunla alqı-satqı aktının bağlandığı, 2011-ci ildə isə həmin sənədlərin bələdiyyə qulluqçuları tərəfindən aldatma yolu ilə ondan alındığı barədə bildirdikləri həqiqəti əks etdirmir. Belə ki, alqı-satqı aktı üç nüsxədə tərtib olunan sənəddir ki, həmin nüsxələr keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqləndikdən və X5 qeydiyyata alındıqdan sonra onun bir nüsxəsi vətəndaşa verilirdi, bir nüsxəsi bələdiyyəyə təqdim olunurdu, bir nüsxəsi isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin arxivində saxlamırdı. Yəni, əgər belə bir sənəd mövcud olmuşsa, həmin sənədin ən azı bir nüsxəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin arxivini təhvil almış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində olmalı idi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 09.03.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşn 522 nömrəli 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Mövcud olmayan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, 522 saylı, 0,06 ha torpaq sahəsinə dair cavabdehlə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar