Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1115/2023 10.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulmasına” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulmasına” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 31 avqust 2012-ci il tarixində Cavabdeh ilə 421 nömrəli nikah aktı ilə rəsmi nikaha daxil olmuşdur. Nikah dövründə üç övladları - 18 oktyabr 2012-ci il təvəllüdlü X5,11 oktyabr 2013-cü il təvəllüdlü X4 və 9 mart 2022-ci il təvəllüdlü X11 doğulmuşdur. Demək olar ki, ailə qurduqları vaxtdan Cavabdeh ilə aralarında dəfələrlə söz-söhbətlər olmuş, dəfələrlə təhqir olunmuş, vəfat edən atasına və anasına qarşı dəfələrlə nalayiq sözlər işlətmişdir. Bu sözsöhbətlərə baxmayaraq uşaqlarını atasız böyüməsin deyə ailəsini qoruyub saxlamağa çalışmışdır. Lakin 11 noyabr 2022-ci il tarixdə Cavabdeh 18 oktyabr 2012-ci il tarixdə anadan olmuş X5 və 11 oktyabr 2013-cü il tarixdə anadan olmuş X4 ilə birlikdə qeydiyyatda olduqları və yaşadıqları Şirvan şəhəri, bina 28, mənzil 14-ə evdən gecə vaxtı qovmuş, həmin vaxdan maraqlanmamış, heç bir maddi köməklik göstərməmişdir. Hal-hazırda 2012ci il 18 oktyabr tarixdə anadan olmuş X5 və 2013-cü il 11 oktyabr tarixdə anadan olmuş X4 onunla birlikdə qalır. Lakin 2022-ci il 9 mart tarixində anadan olmuş X1 və müalicə olunduğundan özlərində saxlamışlar. Hal-hazırda ailələri dağılmış və nikahları formal xarakter daşıyır. Yoldaşı Cavabdeh valideynin uşaqlarını saxlamaq vəzifəsini anlamır və təəssüf ki, bu məsuliyyəti dərk etmir. Ailənin yenidən bir yerdə olması mümkün deyildir. Halhazırda uşaqları saxlamaq onun üçün maddi cəhətdən çətindir. Uşaqlarının kiçik yaşlı olması ucbatından işləyə bilmir. Belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini təkbaşına edə bilmir. Cavabdeh Şirvan Şəhər Gömrük idarəsində işləyir. 1000 manat məbləğindən çox əmək haqqı və ünvanlı sosial yardım alır. Qeyd olunanlara əsasən məhkəmədən 18 oktyabr 2012-ci il təvəllüdlü X5, 11 oktyabr 2013-cü il təvəllüdlü X4 və 9 mart 2022-ci il təvəllüdlü X8 anası İddiaçı himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləği qismində hər ay 220 manat olmaqla, cəmi 660 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə xx.xx.2023-cü il tarixdə müraciət edərək, rəsmi nikahdan olan uşaqlardan ikisi iddiaçının, biri cavabdehin himayəsində olduğuna görə cavabdehdən iki uşağın saxlanması üçün hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edərək bildirdi ki, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2012ci ildə cavabdehlə rəsmi nikahla ailə qurmuşdur. Rəsmi nikahdan 3 uşaqları vardır. 4 aydır ki, qaynanası onu iki uşağı ilə evdən qovmuş, balaca uşağını isə özündə saxlamışdır. Həmin vaxtdan ayrı yaşayırlar. Cavabdehlə aralarında olan nikah pozulmamışdır. Cavabdeh Şirvan Şəhər Gömrük İdarəsində işləyir, lakin qazancını bilmir. Cavabdeh çox əsəbidir, tez-tez uşaqları döyür. Cavabdehlə 11 ildir ki, ailəlidirlər, nikahlarının pozulmasını istəmir. Cavabdeh ayrı yaşadıqları müddət ərzində uşaqları ilə maraqlanmamış, heç bir maddi yardım görsətməmişdir. Rəsmi nikahları qüvvədədir, boşanmamışdır. Dava-dalaş, söz-söhbət olduğuna görə ayrılmışlar. Uşaqların ikisi iddiaçının yanındadır. İddiaçının valideynləri rəhmətə getdiyindən məcbur olub uşaqları qoymuş və evdən çıxmışdır. Cavabdeh evdə tapılmır və uşaqları ilə maraqlanmır. Cavabdeh Gömrük orqanlarında işləyir, lakin qazancının miqdarını tam olaraq bilmir. Körpə uşaq sarılıq keçirmiş, beyin hüceyrələri ölmüş və daimi müşahidə tələb edəcək vəziyyətdədir. Uşağını əyani olaraq görmür lakin videokamera vasitəsilə görüntülü əlaqə yaradaraq görür. İki dəfə getmiş, bildirmişdir ki, “barışaq”. Üçüncü uşağı da iddiaçıya verirmişlərki, “götür saxla”. İddiaçı isə bildirmişdir ki, gəlir yeri yoxdur və ona baxa biləcək vəziyyətdə deyildir. İddia ərizəsində cavabdehin min manat maaş aldığını təxmini yazmışdır. Çünki, cavabdehin real əmək haqqının miqdarını tam olaraq bilmir. Barışıqla bitirmək mümkün deyildir. İşləmir, qardaşı saxlayır. Hər zaman cavabdeh onu qovmuş, bu səbəbdən də aliment tələb edir. Uşağın müalicəsinə xərc çəkirdi. Dərman almış, masaja aparırmış. Bu zamanda 100 manat xərc çıxırdı. Qaynanası da köməklik edirdi. Krediti maşın üçün götürmüş, qaynanası isə ödəmişdir. Uşaq doğulandan sonra xəstə olduğunu görmüşdür. 15 gün xəstəxanada yaşamışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı hər şeyi yalan danışır. İddiaçı uşaqlarını görməyə icazə vermir. Şirvan rayonunda kirayə ev tapmışdır ki, iddiaçı orada yaşasın. 300 manat ödəniş etmiş, iddiaçı isə bir gün qalmış, sonra evin internet şəbəkəsi olmadığına görə tərk etmişdir. 450-500 manat civarında əmək haqqı alır. Zəng edir, lakin iddiaçı telefona cavab vemir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. Bir körpə uşaq vardır. Xəstədir və müalicə olunur. Uşağın müalicəsi kəsilsə sağlamlığına təsir edə bilər. Cavabdeh tərəf dəfələrlə barışmaq istəmiş, kirayə ev tutmuş, lakin gəlməmişdir. Cehizləri də iddiaçı tərəf aparmışdır. Barışıqla bitirmək mümkün deyildir. Cavabdeh 517 manat məvacib alır. Uşağın müalicəsi ilə əlaqədar xərclər çəkir, kredit götürmüşdür. Bütün bunlarla bağlı aliment ödəmək iqtidarında deyildir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 11 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya prosessində iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50(əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikah Azərbaycan Respublikası Şirvan şəhəri qeydiyyt şöbəsində 31 avqust 2012-ci il tarixində akt qeydləri kitabında 421 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş sürətlərindən görünür ki, X4 11 oktyabr 2013-cü il, X5 18 oktyabr 2012-ci il və X11 9 mart 2022-ci il tarixdə anadan olmuşdurlar. Ataları Cavabdeh, anaları İddiaçıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqlarınmənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmətərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsastutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdimetdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirib, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, tərəflərin diqqətəlayiq maraqlarını, iddiaçı tərəfindən cavabdehdən tələb olunan aliment məbləğinin ödəmək iqtidarında olması təsdiq edən sübutları təqdim etməməsini, cavabdeh tərəfindən isə iddia tələbinin qəbul etməməsinə dair etirazının əsasını təşkil edən dəlilləri yalnız onun yanında qalan övladının xəstə olması olmasının tərəflərin mübahisə etmədikləri hal olub, həmin uşağın qulluğa ehtiyacı olmasını və halhazırda cavabdehin yanında olmasını nəzərə alıb, alimentin hər ay ödənilməklə, tərəflərin maddi vəziyyətlərini ədalətli şəkildə balanslaşdıraraq hesab edir ki, 18 oktyabr 2012-ci il təvəllüdlü X5, 11 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə 240 manat məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, aliment iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 13 yanvar 2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallaravə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrəqətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən 18 oktyabr 2012-ci il təvəllüdlü X5,11 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1115/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1115/2023
10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver