Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1120/2022 10.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşağı 05.06.2021-ci il təvəllüdlü Allahverdiyev (Kərimov) Ümid Rəşad oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün 01.08.2021-cil tarixdən 31.12.2021-ci il üçün ötən dövr üçün hər ay 175 manat miqdarında, 01.01.2022-ci il tarixdən başlayaraq isə hər ay 193 manat miqdarında sabit pul məbləğində alimentin, həmçinin tərəfindən mediasiya üzrə 51 manat, eləcə də ekspress poçt xidməti üzrə ödənilmiş 10 manat xərclərin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2020-ci ildə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşdur. Cavabdeh ilə birgə yaşamaqlarından bir övladı var: 05.06.2021-ci il təvəllüdlü Allahverdiyev (Kərimov) Ümid Rəşad oğlu. Cavabdehlə ailə həyatlarının ilk müddətini onun valideynlərinə məxsus mənzildə birgə yaşamış, 05.06.2021ci il tarixdə övladı dünyaya gəldikdən sonra onların münasibəti dəyişmiş və nəticə olaraq o, iki aylıq körpə uşağını götürərək oranı tərk etmək məcburiyyətində qalmışdır. Hazırda valideynlərinə məxsus mənzilə körpə uşağı ilə birgə sığınmışdır. Beləliklə, 01.08.2021-ci il tarixdən cavabdehlə ayrı yaşamaqla birgə təsərrüfat aparmışlar. Həmin vaxtdan da valideynlərinin köməyi ilə uşağı təkbaşına böyüdür. Hazırkı vaxtda uşağın saxlanılmasında sıxıntı keçirir. Belə kı, uşağın saxlanması xərcləri günü-gündən artır, o, isə təkbaşına bütün bu xərclərin öhdəsindən gəlmək iqtidarında deyil. Uşağın atası olan cavabdeh isə rəsmi iş yeri və kifayət qədər qazancı olsa da, onun saxlanılması xərclərində iştirak etməkdən yayınır. O, qanunvericiliyin tələblərinə uyğun olaraq, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl mediator xidmətinə müraciət etmişdir. Belə ki, qarşı tərəf ilkin mediasiya sessiyasında iştirakdan imtina etmiş, mübahisə öz həllini tapmamışdır. Odur ki, ailə mübahisəsinin davamı olaraq məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilibdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 189 manat məbləğində müəyyən edilibdir. Hesab edir ki, uşağın saxlanılması xərcləri yetərli olması üçün cavabdehdən tutulan aliment sabil pul məbləğində olmaqla 01.08.2021-cil tarixdən 31.12.2021-ci il üçün olan dövr üçün hər ay 175 manal miqdarında, 01.01.2022-ci il tarixdən başlayaraq isə 189 manat miqdarında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının 01.08.2021-ci il tarixdən cavabdehlə ayrı yaşamağa başlaması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Lakin cavabdeh iddia ərizəsinə etiraz ərizəsində ən azından 27.10.2021-ci il tarixdən faktiki ayrıldıqlarını etiraf etmişdir. Bundan başqa cavabdeh azyaşlı uşağı 05.06.2021-ci il təvəllüdlü Allahverdiyev (Kərimov) Ümid Rəşad oğlunun saxlanılmasında maddi cəhətdən iştirak etməmişdir. Halbuki, cavabdeh Azfen-də işləmiş, çox yüksək əmək haqqı almışdır. İddiaçının maddi vəziyyəti isə çox ağırdır. O atasına məxsus bir otaqlı evə sığınmışdır. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə əsasən iddiaçı ilə o, 01.08.2021-ci il tarixindən deyil, 27.10.2021-ci il tarixindən ayrı yaşayırlar. Lakin, bu müddət ərzində o, iddiaçı ilə birgə nikahdan olan övladı 05.06.2021-ci il təvəllüdlü X2 üçün lazımlı və zəruri olan hər bir addımı atmışdır. Bu səbəbdən İddiaçı qaldırdığı iddia ilə razı deyil. Məlumat üçün bildirmək istəyir ki, İddiaçı tərəfindən verilmiş iddianın aliment hissəsi ilə bağlı qeyd edə bilər ki, işsiz vətəndaş olmağını və heç bir yerdə işləməməyini nəzərə alaraq, övladı 05.06.2021-ci il təvəllüdlü X1 aliment yalnız hər ay 130 manat olmaqla verə bilər. Cavabdeh məhkəmədən etirazının nəzərə alınmasını, İddiaçı tərəfindən verilmiş iddianın qismən, aylıq 130 manat aliment təyin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 417725 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh Allahverdiyev (Kərimov) Ümid Rəşad oğlunun atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 02.07.2021-ci il tarixdə 345 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 05.06.2021-ci il təvəllüdlü Allahverdiyev (Kərimov) Ümid Rəşad oğlu adlı bir övladları anadan olmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Allahverdiyev (Kərimov) Ümid Rəşad oğlu 05.06.2021-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 06.01.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün İddiaçı təəfindən 51 (əlli bir) manat məbləğində mediasiya xərci ödənilmişdir. İşdə olan 22.11.2021-ci il tarixli qaimədən görünür ki, iddiaçının nümayəndəsi Vəkil tərəfindən cavabdehə bildiriş ünvanlanması ilə əlaqədar 10 (on) manat poçt xidməti haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsin qohumluq məlumatlarından görünür ki, Cavabdeh yalnız bir uşağı - 05.06.2021-ci il təvəllüdlü Allahverdiyev (Kərimov) Ümid Rəşad oğlu var. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehlə 01.08.2021-ci ildən etibarən fakitki olaraq ayrıldıqlarını bildirmiş və buna əsasən də 01.08.2021-ci il tarixdən başlayaraq aliment müəyyən edilməsini xahiş etsə də, məhkəməyə cavabdehlə 01.08.2021-ci il tarixdən faktiki olaraq ayrılmasını və övladı ilə birlikdə ayrı yaşamasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh isə etirazında iddiaçı ilə 27.10.2021-ci il tarixdən ayrı yaşadıqlarını etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əvvəlki dövr üçün alimentin tutulması ən tezi 27.10.2021-ci il tarixdən başlana bilər. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, cavabdeh etiraz ərizəsində övladı 05.06.2021-ci il təvəllüdlü X2 üçün lazımlı və zəruri olan hər bir addımı atdığını bildirsə də, etiraz ərizəsinə bununla bağlı hər hansı sübut (iddiaçıya pul göndərilməsi barədə ödəniş qəbzi, uşaq üçün alınmış zəruri məhsulların çekləri və s.) əlavə etməmiş, o cümlədən məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ötən dövr üçün alimentin tutulması hissəsində iddia qismən (27.10.2021-ci il tarixdən) təmin edilməlidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən isə, 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunanları və cavabdehin yalnız bir övladının olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh sabit pul məbləğində aliment tutulmalı, bu məbləğ 27.10.2021-ci il tarixdən - 31.12.2021-ci il tarixədək 175 manat, 01.01.2022-ci ildən etibarən isə 193 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən 175 və 193 manat olmaqla aliment tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 2316 manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 43 (30+13) manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 06.01.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 51 manat məbləğində mediasiya xərci ödəmişdir. İddia qismən təmin edildiyindən və mübahisə ailə münasibətlərindən irəli gəldiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı - 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 05.06.2021-ci il təvəllüdlü Allahverdiyev (Kərimov) Ümid Rəşad oğlunun saxlanılması üçün 27.10.2021-ci ildən 31.12.2021-ci il tarixədək 175 (bir yüz yetmiş beş) manat, 01.01.2022-ci ildən başlayaraq yetkinlik yaşına çatana kimi isə 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və poçt xidməti üzrə ödənilmiş 10 (on) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 25 (iyirmi beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1120/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1120/2022
10.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver