Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1146/2022 17.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay onun xeyrinə bir uşağın saxlanması üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, iki uşağın saxlanması üçün cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı Cavabdeh ilə 14.06.2013-cü il tarixdə isə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından 15.04.2014-cü təvəllüdlü X10 oğlu və 01.03.2016-cı il təvəllüdlü X6 oğlu adlı iki övladları var. Nikahlarının ilk illərində tərəflərin münasibətləri normal olsa da, sonradan cavabdehin təqsiri üzündən ailədəki münasibətlər gərginləşmiş və dözülməz həddə çatmışdır. Hal-hazırda iddiaçı cavabdehlə ayrı yaşayırlar. Cavabdeh övladlarına heç bir maddi yardım göstərmir. İddiaçı övladlarını təkbaşına böyüdür. Lakin hal-hazırda uşaqlar böyüdükcə onların probləmləri də böyüyür, cavabdeh isə bir valideyn kimi öz məsuliyyətini dərk etmir. İddiaçı övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır. Cavabdeh kifayət qədər gəlir əldə etməsinə baxmayaraq, könüllü şəkildə aliment verməkdən yayınır. Ona görə də, iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh hər ay iddiaçının xeyrinə bir uşağın saxlanması üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, iki uşağın saxlanması üçün cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək göstərdi ki, cavabdeh iddiaçı ilə 2013-cü ilin iyun ayında rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları var. Hazırda cavabdeh heç bir yerdə işəmir, maddi durumu çox zəifdir. Lakin buna baxmayaraq o, hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat aliment ödəyə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan № 05/Q-4613/69 saylı, 02.11.2021-ci il tarixli “Nikah haqqında çıxarış”dan görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində 14 iyun 2013-cü il tarixdə bağlanmış və 974 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Aslanova” soyadı verilmişdir. İş materiallarında olan, AZ-İİİ № 327332 saylı, 27.05.2014-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X10 oğlu 15.04.2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 2508 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİİ № 717269 saylı, 15.03.2016-cı il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 oğlu 01.03.2016-cı il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 1696 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal sahəsinin 05.11.2021-ci il tarixli arayışların görünür ki, İddiaçı və Cavabdeh Sumqayıt şəhəri, məhəllə 41a, ev 2a, mənzil 39-da yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra tərəflər tam mediasiyada iştirak etməmələri barədə 15.12.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Sumqayıt şəhəri Mediasiya Mərkəzinin mediatoru X2 15.12.2021-ci il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. X8 Mediasiya sessiyasında iştirak etdilər lakin razılığa gəlmədilər. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında 2022-ci il üçün “X3” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki halda 15.04.2014-cü təvəllüdlü X10 oğlu və 01.03.2016-cı il təvəllüdlü X6 oğlunun yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi qismən təmin edilərək bu məbləğ hər uşağa 175 manat olmaqla, ümumilikdə 350 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 10.01.2022-ci il tarixdə daxil olmuşdur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə Cavabdeh 15 aprel 2014-cü il təvəllüdlü X10 oğlu və 01.03.2016-cı il təvəllüdlü X6 oğlunun yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin 10.01.2022-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 15 aprel 2014-cü il təvəllüdlü X10 oğlu və 01.03.2016-cı il təvəllüdlü X6 oğlunun yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin 10.01.2022-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1146/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1146/2022
17.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver