Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1198/2021 06.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ASC ilə bağlanmış 22.10.2020-ci il tarixli kredit müqaviləsinə əsasən hər ay ödənilməsi müəyyən olunan 170.16 manat məbləğində borcun ½ hissəsinin (yarısının), yəni 85,08 manat məbləğində hissəsinin hər ay cavabdehdən tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, kredit müqaviləsi üzrə banka ödənilmiş 5513,78 manatın yarısının, yəni 2756,89 manatın və hər ay ödəniləcək 170,16 manatın ½ hissəsinin, yəni 85,08 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 25.11.2016-cı ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 02.09.2017-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3746/2019 saylı 16.05.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahda olduqları dövrdə Maraqlı şəxs ASCdən 28.03.2018-ci il tarixli kredit müqaviləsi əsasında onun adına 5220 manat məbləğində kredit götürmüşdürlər. O, müəllimə işlədiyi üçün maaşını Maraqlı şəxs ASC-dən alır. Ona görə də keçmiş həyat yoldaşı (cavabdeh) krediti onun adına götürməyi təklif etmiş, o da razılaşmışdır. Lakin həmin kredit məbləğini cavabdeh özü öz ehtiyacları üçün istifadə etmişdir. Birgə nikah pozulduqdan sonra cavabdeh kredit məbləğini ödəməkdən imtina etmişdir. Cavabdehə krediti onun ödəməli olduğunu bildirsə də, o, krediti ödəməkdən yayınmışdır. Kredit məbləği vaxtı-vaxtında tam şəkildə ödənilmədiyi üçün bank kredit ödənişini ona xəbər vermədən əmək haqqı kartından silməyə başlamışdır. 22.10.2020-ci il tarixində bank ilə kredit müqaviləsi bağlanıldı. Bu müqaviləyə görə əvvəlki, yəni birgə nikah dövründə götürülmüş kreditdən qalan 3782,71 manat üçün yeni cədvəl tərtib edilmişdir. Kredit borcunun ödənilməsi üçün hər ay onun maaşından 170,16 manat məbləğində pul tutulur. 22.10.2020-ci il tarixində bağlanmış müqavilə ilə ona verilən məbləğ 28.03.2018-ci il tarixli kredit müqaviləsi ilə yaranmış borcdur. Yəni, o bankdan faktiki olaraq yeni məbləğ almamışdır. Əvvəlki müqavilədən qalan borcuna sadəcə olaraq yeni cədvəl açılmışdır. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs ASC 01.02.2021-ci il tarixdə məhkəməyə mülahizə təqdim edərək, iddiaçının tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanılmış 28.03.2018-ci il tarixli 126CLM********** saylı kredit müqaviləsinə əsasən ona illik 25,84 faizlə, 48 ay müddətinə 5220 manat kredit verilmişdir və o, öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. - Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanılmış 22.10.2020-ci il tarixli RGTK3202956A126 saylı kredit müqaviləsinə əsasən ona illik 20 faizlə, 28 ay müddətinə 3782,71 manat kredit verilmişdir və o, öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. - 22.10.2020-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, kredit borcunun ödənilməsi üçün hər ay iddiaçının maaşından 170,16 manat məbləğində pulun tutulması üçün yeni cədvəl tərtib edilmişdir. - Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah 29.06.2019-cu ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 248 nömrəsi ilə qeyd edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3746/2019 saylı 16.05.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.11.2016-cı il tarixli nikahın pozulması, 02.09.2017-ci il təvəllüdlü X1 İddiaçı yanında qalması, 02.09.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Maraqlı şəxs ASC-nin “Qubadlı” Filialının 04.03.2021-ci il tarixli 693 saylı arayışından görünür ki, İddiaçı 28.03.2018-ci il tarixində 126CLM********** müqavilə nömrəsi ilə öz adına olan 5220 manat məbləğində kredit götürmüşdür. Bu kredit müqaviləsi 22.10.2020-ci il tarixində yeni RGTK3202956A126 müqavilə nömrəsi ilə restrukturizasiya olunmuşdur. - Maraqlı şəxs ASC-nin “Qubadlı” Filialının 21.04.2021-ci il tarixli 729 saylı arayışından görünür ki, İddiaçı 28.03.2018-ci il tarixli 126CLM********** saylı müqavilə üzrə 4472,45 manat və 22.10.2020-ci il tarixli RGTK3202956A126 saylı müqavilə üzrə 1041,33 manat ödəniş etmişdir. Ümumilikdə iki müqavilə üzrə banka 5513,78 manat ödəniş daxil olmuşdur. Hazırda müştərinin bu günə olan qalıq borcu 3088,86 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 25.11.2016-cı ildə rəsmi nikaha daxil olmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3746/2019 saylı 16.05.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahda olduqları dövrdə Maraqlı şəxs ASC-dən 28.03.2018-ci il tarixli kredit müqaviləsi əsasında iddiaçının adına 5220 manat məbləğində kredit götürmüşdürlər. Bu müqavilə 22.10.2020ci il tarixində yeni müqavilə nömrəsi ilə restrukturizasiya olunmuşdur. Həmin müqaviləyə görə əvvəlki, yəni birgə nikah dövründə götürülmüş kreditdən qalan 3782,71 manat üçün yeni cədvəl tərtib edilmişdir. 21.04.2021-ci ilədək 5513,78 manat kredit ödənişi edilmişdir. Kredit borcunun ödənilməsi üçün hər ayın 22-25-i tarixlərində iddiaçının maaşından 170,16 manat məbləğində pul tutulur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, 28.03.2018-ci il tarixli müqavilə iddiaçı ilə cavabdehin birgə nikah dövründə bağlanılaraq kredit götürüldüyündən, bununla da tərəflərin ümumi borc öhdəlikləri yarandığından ödənişlər onlar arasında bərabər bölünməlidir. Beləliklə, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə ödənilmiş 5513,78 manat pulun ½ hissəsi 2756,89 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli və Maraqlı şəxs ASC ilə bağlanmış 22.10.2020-ci il tarixli kredit müqaviləsinə əsasən hər ay ödənilən 170.16 manatın ½ hissəsi, yəni 85,08 manat hər ayın 20-si Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Kredit müqaviləsi üzrə ödənilmiş 5513,78 manat pulun ½ hissəsi 2756,89 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Maraqlı şəxs ASC ilə bağlanmış 22.10.2020-ci il tarixli kredit müqaviləsinə əsasən hər ay ödənilən 170.16 manatın ½ hissəsi, yəni 85,08 manat hər ayın 20-si Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1198/2021
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1198/2021
06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver