Məhkəmə qərarları › İş №2(060)-1245/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1245/2022

11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1245/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 dekabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayda 1500 manat sabit pul məbləğində alimentin, həmçinin uşağın üç yaşınadək hər ay 300 manat maddi yardımın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 iyul 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahdan 11 dekabr 2019-cu il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5155/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikahın pozulması, nikah pozulduqdan sonra 11 dekabr 2019-cu il təvəllüdlü X4 onun himayəsində saxlanılması qət edilmişdir. Hesab edir ki, oğlunun saxlanılması üçün cavabdeh onun xeyrinə hər ayda 1500 manat sabit pul məbləğində aliment ödəməlidir. Cavabdeh "Gold SOUK" şirkətində "Barakat Jewelleries"də menecer işləyir. O, həmçinin ingilis, rus və türk dilini bilir, bu üstünlüyünə görə iddiaçıda olan məlumata görə 5300 dirhəm yəni 2453,06 manat aylıq maaş alır, bundan başqa onun satışdan əldə etdiyi əlavə gəlirləri də vardır. Misal üçün, aylıq gəlirin orta səviyyəsi (əmək haqqı və bütün əlavə sosial ödənişlər və güzəştlər nəzərə alınmaqla) BƏƏ vətəndaşları üçün dövlət sektorunda 8200 dirhəm (2230 dollar) təşkil edir. Xarici vətəndaşlar üçün isə bu hədd 5600 dirhəmdir (1530 dollar). Cavabdeh həm oğlu Leonelin həm də onun sponsorluğunu öhdəsinə götürmüş, buna görə də ona viza verilmiş, həmin vizanın verilməsi üçün sözü gedən ölkə qanunvericiliyinə görə şəxsin aylıq gəliri minimum 4000 dirhəm olmalıdır. Bundan başqa BƏƏ-nin “General Directorate of Residency and Foreigners Affairs"- (xarici vətəndaşlar üçün nəzərdə tutulmuş qanunvericilik) qanunvericliyinə əsasən Dubayda yaşayan şəxsin alacağı maaş onun ehtiyaclarını ödəyəcək qədər olmalıdır. Lakin istisna olaraq xüsusi vəzifələrdə (idarəetmə, menecer, biznes, satınalma, hüquq, müəllimlik, həkimlik) maaş göstəricisi minimum 10000 dirhəmdir. Cavabdeh uşağı ilə maraqlanmır, heç bir ehtiyaclarını ödəmir. Uşağı təkbaşına saxlamaq isə onun üçün çətindir. Ayrıca gəlir mənbəyi yoxdur. Övladı azyaşlı olduğundan, təbii ki, onun daha çox ana qayğısına ehtiyacı var. Ona görə də hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakları olmadan baxılmasını və mülki iş üzrə yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə eyni məzmunlu izahat verərək iddianı müdafiə etdiyini bildirmişdir. Əlavə olaraq göstərdi ki, BƏƏ-nin «Sponsorluq şərtləri» barədə qanunvericiliyinə əsasən həmin ölkədə yaşayan əcnəbilər öz ailələrini həmin ölkəyə yalnız minimum 3000-4000 dirhəm aylıq gəlirləri olduğu halda gətirə bilərlər. Cavabdeh iddiaçı və uşağını həmin ölkəyə aparmış və bir müddət orada birgə yaşamışlar. Eləcə də cavabdeh ailəsi ilə birgə yaşaması üçün illik 30.000 dirhəm ödəməklə kirayə ev tutmuşdur. Müvafiq kirayə müqaviləsi iddia ərizəsinə əlavə edilmişdir. Bu göstərilən hallar cavabdehin yüksək gəlirə malik olduğunu və iddia edilən həcmdə aliment ödəməyə maddi imkanı yetdiyini göstərir. Cavabdehin hazırda satıcı işləməsi və 1800 dirhəm (800-900 civarında manat ) əmək haqqı alması barədə göstərdikləri inandırıcı deyildir. Həmin məbləğdə əmək haqqı müqabilində xarici ölkədə işləməsi ağbatan deyildir. Məhkəmə iclasında iştirak edən cavadehin nümayəndəsi öz izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, cavabdeh əvvəllər menecer işləmiş və aylıq gəliri yüksək olmuşdur. Lakin hal-hazırda satıcı işləyir və aylıq maaşı 1800 dirhəm yəni, təxminən 800-900 manat civarında təşkil edir. Bununla bağlı müvafiq əmək müqaviləsi təqdim edilmişdir. Həmin məbləğdən cavabdeh kirayə, nəqliyyat xərclərini və s. ödəyir. Eləcə də cavabdeh xeyli kredit borcları vardır. Bu baxımdan hər ay birgə nikahdan olan uşağın saxlanılması üçün 200 manat məbləğində aliment ödəməyi cavabdeh öhdəsinə götürür. Qalan hissədə iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan X2 sonra prosesin davam etdirilə bilməməsi barədə 29.11.2021-ci il tarixli, MŞİH- 08041 saylı arayışdan görünür ki, tərəflər X2 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. 50 manat mediasiyaya dair xərc Qəribova Lamiə tərəfindən ödənilmişdir. AZ-İ seriyalı, 404678 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahı Sumqayıt şəhər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 01 noyabr 2021-ci il tarixdə xitam verilmişdir. AZ-İİİ seriyalı, № 931533 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11.12.2019-cu il tarixdə Dubay şəhərində doğulmuş, atası Cavabdeh, anası X3r. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5155/2021 saylı 29.09.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X5 arasında 04 iyul 2018-ci ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış və 125 nömrə ilə qeyd olunmuş nikah pozulması və nikahın pozulmasından sonra tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan 11 dekabr 2019-cu il təvəllüdlü X4 anası X1 himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, valideynlər uşağı saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmaldır. Tutulmalı olan alimentin miqdarı, uşağın qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ və cavabdeh tərəfin etirafı nəzərə alınmaqla hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməli, qalan hissədə aliment təmin edilməməli, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 12 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Qalan hissədə alimentin təmin edilməsi nəticəsinə gələrkən məhkəmə cavabdehin qazancının 5300 dirhəm yəni 2453,06 manat həddində olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyini, sponsorluq şərtləri, əvvəllər yüksək məbləğdə vəsaitə kirayə qalınması barədə göstərilənlərin iddianın təmin edilməsi üçün yetərli əsas olmadığını, həmin halların əvvəlki dövrlərə aid olmaqla, şəraitin dəyişməsinin mümkülüyü ehtimalının olmasını, cavabdeh tərəfindən etirazın əsası olaraq əmək müqaviləsinin təqdim olunması və qazancının 1800 dirhəm (800-900 manat civarında) olması ilə bağlı halları nəzərə almışdır. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəyə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə cavabdehin əmlak vəziyyətini, üzərində aliment öhdəliyinin yaranması ilə bağlı halları, habelə uşağın azyaşlı olmaqla qulluğa ehtiyacının olmasını və bu səbəbdən iddiaçının işləməməsini nəzərə alaraq hesab edir ki, uşağın 3 yaşına çatanadək ananın saxlanılması üçün ərin arvadı saxlamaq vəzifəsi ilə əlaqədar hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Aliment iddiaçının məhkəməyə müraciət etdiyi 12 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ödənilmiş dövlət rüsumu nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 12 yanvar 2022-ci il tarixdən başlayaraq 11.12.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək ananın saxlanılması üçün hər ay 50 (əlli) manat məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar