Məhkəmə qərarları › İş №2(060)-1261/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1261/2021

27.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1261/2021 27.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi və pul məbləği üzərində pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi və pul məbləği üzərində pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivində yerləşən 4 sot torpaq sahəsi üzərində və həmin torpaq sahəsində inşa etdirdiyi ikimərtəbəli fərdi yaşayış evinin tikintisinə və təmirinə xərclənən 72630 manat pul məbləği üzərində ½ hissədə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14.07.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur, birgə nikahlarından 03.05.2010cu il təvəllüdlü X1 və 14.06.2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3560/2020 saylı 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Ailə qurduqdan sonra bir müddət qayınanasına məxsus evdə yaşamışlar. Daha sonra birgə nikah dövründə cavabdehin adına Saray qəsəbəsi, Üzümlük massivində 4 sot torpaqda ev tikmişdir. Qeyd edir ki, evin 1-ci mərtəbəsi tam təmirli olaraq hazırdır. 2-ci mərtəbənin isə podmayak suvaq, elektrik santexnik işləri görülmüş və pəncərələr qoyulmuşdur. Evə aid olan bütün əşyaları da öz gəliri hesabına alıb quraşdırmışdır. Qeyd edir ki, o, məhkəmədə əmlak bölgüsü tələbinə dair iddia qaldırmışdır, lakin, məhkəmə onun iddiasını iddia tələbi düzgün qoyulmadığı üçün təmin etməmiş, qətnamənin əsaslandırma hissəsində ona hansı qaydada iddia qaldırmalı olduğu izah edilmişdir. İddia ərizəsinə əlavə etdiyi Sumqayıt Şəhər Məhkəməsinin 02.10.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, həqiqətən də cavabdehlə birgə nikah dövründə Abşeron rayonu, Saray qəsəbəsi Üzümçülük massivində cavabdehin adına 4 sot torpaq sahəsi almışlar. Qey edir ki, həmin evin tikintisinə tərəfindən 72630 manat pul vəsaiti xərcləmişdir. Həmin pullar onun cavabdehlə birgə nikah dövründə şəxsən qazandığı pul vəsaitləridir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisə predmeti olan torpaq sahəsini 2011-ci ildə almışlar. Torpaq sahəsi üzərində fərdi yaşayış evini 2011-ci ildə tikməyə başlamış, evin təmir-tikintisi 2018ci ildə bitmişdir. Hazırda ev tam təmirlidir. Torpağa dair mülkiyyət hüquqları qeydə alınsa da, evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Torpaq sahəsini 8000 ABŞ dollarına almışdır. Evin tikintisinə isə təxminən iddia edilən həcmdə vəsait sərf etmişdir. O, 20 ildir tikintidə işləyir, müxtəlif vaxtlarda dəmirçi-usta, briqadir işləmiş və aylıq gəliri yüksək məbləğdə olmuşdur. Samirənin anası onkoloji xəstə idi, 4 il həmin xəstəlikdən əziyyət çəkib, 2019-cu ilin dekabr ayında rəhmətə gedib. Cavabdehin torpağın və evin anasının vəsaiti hesabına alınması və tikilməsi barədə göstərdikləri doğru deyildir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. Vüsal ilə ailə qurduqdan sonra maddi imkanları olmadığından nə ev almış, nə də kirayə ev tuta bilmişlər. Bu səbəbdən ailə qurduqdan sonra anasına məxsus evdə yaşamışlar. Daha sonra mübahisə predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi Üzümçülük massivində torpaq sahəsi almış, anası və bacısının köməkliyi ilə bu evi tikmişlər. Vüsal az da olsa həmin evin tikinitisinə vəsait xərcləyib. Vüsal işləsə də qazandığı pulları evinə, ailəsinə xərcləməmiş, qazancını valideynlərinə vermişdir. Həmin evin tikintisinə anası daha çox xərc çəkmişdir. Odur ki, iddianı əsassız hesab edir və rədd edilməsini xahiş edir. Həmçinin bildirdi ki, anası icarəyə götürüb kafe işlətmiş, qazancı yaxşı olmuş, təxminən aylıq qazancı 1000-1500 manat təşkil etmişdir. O, özü işləməmişdir. Üç bacısı var, bacılarından biri Rusiyada yaşayır və işləyir, həmin bacısı onlara maddi kömək göstərmişdir. Torpaq sahəsini onlara bacısıgil tapmış, Vüsal baxıb bəyənmiş və sonra anası gedib torpağı almışdır. Anası şəxsən ona və ya Vüsala pul verməmişdir. Evin tikintisində işləyən ustaları Vüsal tapıb gətirsə də əl haqqını anası ödəmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3560/2020 saylı 04 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 14.07.2011-ci il tarixdə 1153 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması,…………, qət edilmişdir. İddiaçı Cavabdeh qarşı «əmlak bölgüsü və əmlak tələbinə dair» mülki iş üzrə qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3925/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 hektar torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.08.2011-ci il tarixdə, ********** qeydiyyat və **********81 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Belə olan halda iddiaçı öncə həmin torpaq sahəsi üzərində payların müəyyən edilməsi tələbi ilə çıxış etməli idi. Torpaq sahəsi üzərində paylar müəyyən edildikdən sonra isə Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydada tələblərlə çıxış edə bilərdi. Eyni zamanda həmin torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə sərf edilmiş pul məbləğinin üzərində pay hüququnun müəyyən edilməsi tələbi ilə çıxış etməli, daha sonra isə həmin məbləğin cavabdehdən tutulması barədə iddia qaldırmalı idi. Lakin iddiaçı qeyd edilən qaydalara riayət etmədən birbaşa torpaq sahəsinə və evə xərclənmiş pulun yarısının cavabdehdən tutulması barədə iddia qaldırmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia təmin edilməməlidir. “PRO BONO” Vəkil Bürosunun 14 sentyabr 2020-ci il tarixli 243 saylı sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22 sentyabr 2020-ci il tarixli №**********80 saylı məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0.04 ha torpaq şahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.08.2011-ci il tarixdə ********** qeydiyyat və **********81 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli 10/2049 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikilməsinə və təmirinə dair layihə sənədləri, eyni zamanda alınmış malların qaimə təqdim olunmadığından həmin fərdi yaşayış evinin tikilməsinə və təmirinə 2012-2018-ci il tarixlərdə çəkilmiş xərci müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikilməsinə və təmirinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 61,699 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 14.07.2011-ci il tarixdə nikah bağlamaqla yaranmışdır. Birgə nikahda olduqları müddətdə, mübahisə predmeti olan əmlak – torpaq sahəsi əldə edilmiş və üzərində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində cavabdehin adına qeydə alınmaqla hazırda cavabdehin mülkiyyətindədir. Fərdi yaşayış evinə əmlak hüquqları dövlət qeydiyyatına alınmamış, hüquqmüəyyənedici sənədləri olmamaqla özbaşına tikilidir. İddiaçı qeyd olunan torpaq sahəsinin birgə nikah dövründə əldə edildiyini və ümumi mülkiyyətləri sayıldığını və bu əsasla torpaq sahəsi üzərində ½ hissədə, eləcə də fərdi yaşayış evi özbaşına tikili olmaqla həmin evin tikintisi və təmirinin birgə nikah dövründə onun vəsaiti hesabına olduğunu və bu baxımdan çəkilmiş pul vəsaiti üzərində ½ hissədə payının müəyyən edilməsini iddia edir. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericilikdə birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 9.4-cü maddəsinin tələbinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Qanunvericilik ərlə arvadın mülkiyyətinin iki hüquqi rejimdə mövcudluğunu tanımışdır: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış edir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir. Ailə Məcəlləsinin: 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə işin faktiki hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasından çıxış edərək hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi ər-arvadın birgə nikah dövründə əldə edilməklə ümumi mülkiyyətinin hüquqi rejiminə aiddir və tərəflərin birgə mülkiyyətləri hesab olunmalıdır. Məhkəmə torpaq sahəsi üzərində inşa edilmiş evin tikintisinə sərf edilmiş pul vəsaiti üzərində payların müəyyən edilməsi hissədə iddia tələbinə münasibətdə aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir: Qanunvericilikdə ər-arvadın ümumi əmlakının bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının bölünməsi hallarını da əhatə edir. Bu baxımdan məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipi də hər bir şəxsin digər şəxslərdən ayrı və müstəqil olaraq iqtisadi varlığa malik olduğu, bir subyekt olaraq ayrı və müstəqil şəkildə mülki hüquq və öhdəliklərin tərəfi olduğunu qeyd etmişdir. Hüquqi və ya fiziki şəxsə mənsub maddi dəyərə malik olan bütün hüquqlar əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun passiv qismini təşkil edir. Bu mövqedən çıxış edərək qeyd etmək olar ki, mübahisə predmeti olan pul məbləğinin sərf edildiyi tərəflərin birgə nikh dövründə inşa edilmiş fərdi yaşayş evi özbaşına tkili olmaqla əmlaq hüquqları dövlət qeydiyyatına alınmasa da, həmin ev tərəflər üçün maddi dəyərə malikdir, həmin evin birgə nikah dövründə inşa edilməsi və tərəflərin ümumi istifadəsində olması işin mübahsəssiz halıdır. Bu baxımdan məhkəmə hesab edr ki, həmin evin tikintisinə çəkilmiş xərc – pul vəsaiti ər-arvadın birgə mülkiyyətinin qanuni rejiminə aid əmlak hesab edilməlidir. Cavabdehin torpaq sahəsinin alınması və tikintiyə çəkilmiş xərcin anasının vəsaiti hesabına olması barədə göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin bu barədə qeyd etdikləri özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn ümumi əmlak siyahısından çıxarılması üçün qanunda birbaşa nəzərdə tutulmuş hallar (Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi) məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən məhkəmə iddiaçının mübahisələndirilən əmlakın ər-arvadın birgə nikah dövründə qazanılmış ümumi əmlakı hesab edilməsi barədə göstərdiklərini əsaslı hesab edir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. 37.2-ci maddəyə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə Ailə Məcəlləsinin 37-ci maddəsinin tələbinə əsasən qeyd edir ki, tərəflər arasında hər hansı başqa razılaşma nəzərdə tutulmadığından, o cümlədən digər diqqətəlayiq hallar müəyyən edilmədiyindən qeyd edilən torpaq sahəsi və birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinin təmir-tikintisinə sərf edilmiş pul vəsaiti üzərində paylar ½ hissədə müəyyən olunmaqla bərabər paylara bölünməlidir. Qeyd olunanlara və Azərğaycan Respublikası MPM-nin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Saray qəsəbəsinədə yerləşən 0,04 ha torpaq sahəsi üzərində ½ hissədə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş xərc- 61.699 manat pul vəsait üzərində ½ hissədə tərəflərin payı müəyyən edilməlidir. İddia qalan hissədə sübuta yetmədiyindən təmin edilməməlidir Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsinədə yerləşən 0,04 ha torpaq sahəsi üzərində və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş xərc- 61.699 (altmış bir min altı yüz doxsan doqquz) manat pul vəsait üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar