Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1278/2024 20.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 240 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olana qədər saxlanması üçün hər ay 100 manat maddi yardımın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 240 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olana qədər saxlanması üçün hər ay 60 manat maddi yardımın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2022-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan bir uşaq doğulmuşdur. Birgə nikah dövründə yaşadıqları müddət ərzində ilk əvvəl münasibətləri normal olmuşdur. Lakin, uşaqları olandan sonra xasiyyətləri uyğun gəlmir və ailə münasibətləri artıq pozulmuşdur. Belə ki, cavabdeh uşağına və ailəsinə qayğı və maddi yardım göstərmir. Cavabdeh xx.xx.2023-cü ildə onu evdən qovmuşdur. Hazırda onlar ayrı yaşayırlar. O, anasının yanında yaşayır, azyaşlı uşaq da onun himayəsindədir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, cavabdehin övladına baxmadığını, uşağı ilə maraqlanmadığını bildirdi. Əlavə olaraq cavabdehdən hər ay 240 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olana qədər saxlanması üçün hər ay 60 manat maddi yardımın tutulmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etdiyini və uşağın saxlanması üçün cəmi 300 manat aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh "xxxx" Firmasında və "xxxx" MMC-də işləyir, müvafiq olaraq aylıq əmək haqqı 400 və 180 manat təşkil edir. - 12 saylı Mənzil-Kommunal Sahəsinin 1135 №-li arayışından görünür ki, cavabdeh Qasımov X2 rayonundan məcburi köçkündür, Sumqayıt şəh., 40-cı məh., ev 1, mənzil 22də yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2020-ci il ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 adlı övladları vardır. Cavabdeh "xxxx" Firmasında və "xxxx" MMC-də işləyir, müvafiq olaraq aylıq əmək haqqı 400 və 180 manat təşkil edir. Belə ki, cavabdeh iddianı qəbul edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə aliment hissəsində iddia təmin edilməlidir. Məhkəmə xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 240 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Belə ki, cavabdeh iddianı qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə tərəflərin maddi vəziyyətini, qeyd olunan qanunvericiliyin normalarının tələblərini, cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına çatana kimi saxlanması üçün 60 manat aliment tələbi hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə, tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, onun mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduqlarını, cavabdehin müntəzəm gəlirinin olmasını və iddianı qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 240 manat sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 60 manat miqdarında aliment cavabdehdən tutularaq tutularaq iddiaçıya verilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 2880 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 48.8 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli olmasına baxmayaraq cavabdeh həmin xərcdən azaddır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh Qubadlı rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 240 manat sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 60 manat miqdarında aliment tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1278/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1278/2024
20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver