Məhkəmə qərarları › İş №2(060)-13/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-13/2023

28.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-13/2023 28.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayənədəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh övladı xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, cavabdehlə 2017-ci il nikaha daxil olmaqla ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 adlı övladları vardır. Cavabdeh Gürcüstan vətəndaşıdır və hal-hazırda Gürcüstan Respublikası Laqodexi rayonu, Uzuntala kəndində yaşayır. Cavabdehlə ayrılmışlar, cavabdeh övladının saxlanmasını yardım etmir, övladının saxlanılması ona çətinlik yaradır. Belə ki, o heç yerdə işləmir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayənədəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185.5ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il tarixində doğulan Fatimə Vəliyevanın atası Cavabdeh, anası İddiaçıdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3854/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Gürcüstan Respublikasının səlahiyyətli məhkəməsinə:

1. Gürcüstan Respublikası Laqodexi rayonu, Uzuntala kəndində olan və yaşayan Gürcüstan Respublikası vətəndaşı, şəxsi nömrəsi **********0 olan Cavabdeh qismində dindirilməsi;

2. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti, məhkəmə baxışının yeri və vaxtı barədə məhkəmə bildirişi cavabdehə təqdim edilməsi;

3. Cavabdehin iddiaya qarşı nə kimi etirazları olduğu və həmin etirazların hansı sənədlərlə təsdiq edilə biləcəyi aydınlaşdırılması tapşırılmışdır. Məhkəmə tapşırığına cavab alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-14/2- 6816/2023 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin Cavabdeh barəsində tağşırığının icrasına dair məlumat Gürcüstanın Ədliyyə Nazirliyindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuşdur. Məlum olmuşdur ki, Cavabdeh mülki məhkəmə icraatı barəsində müvafiq qaydada məlumatlandırılmışdır və ona məhkəmə sənədləri təqdim edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2017-ci ildə nikaha daxil olmadan ailə qurmuşlar. Onların 07 yanvar 2018-ci il təvəllüdlü X2 adlı bir övladı doğulmuşdur. Cavabdeh Gürcüstan Respublikasının vətəndaşıdır və halhazırda Gürcüstan Respublikası, Laqodexi rayonu, Uzuntala kəndində yaşayır. 2018-ci ildən tərəflər ayrı yaşayırlar. Cavabdeh ailəsinə baxmır, uşağın saxlanması üçün iddiaçıya maddi cəhətdən heç bir köməklik etmir. Odur ki, 07 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın yetkinlik yaşına çatmayan övladın saxlanılması üçün aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixdən etibarən Cavabdeh 07 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh 07 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Ödənilməli olan 34 manat Dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar