Məhkəmə qərarları › İş №2(060)-1329/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1329/2024

08.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1329/2024 08.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Cavabdeh2 qarşı "icarə müqaviləsinin bərpa edilməsi, qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi və qeyriyaşayış sahəsindən çıxarılma tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 2 saylı Sumqayıt Ərazi İdarəsi və Cavabdeh2 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilənin bağlanması nəticəsində yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-cü ildə Cəbrayıl rayonu Soltanlı kəndindən məcburi köçkün düşərək həmin vaxtdan ünvan 1 ünvanda məskunlaşmışdır. Həmin vaxtlarda "xxxx" MMC-ni təsis etmiş və həmin MMC-nin direktorudur. 1998-ci ildə köhnə RAYPO deyilən cəmiyyətə məxsus Sumqayıt şəhəri, 3-cü məhəllə,ev 10/27-də yerləşən 168,40 kv.metr ticarət sahəsini icarəyə götürmüşdür. xx.xx.1998-ci ildə Sumqayıt şəhər Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi "xxxx" MMC-yə Texniki Pasport vermişdir. Həmin obyektdə 1994-cü ildən Qubadlı rayonundan məcburi köçkün düşmüş bir neçə ailə məskunlaşdığından ticarət sahəsindən istifadə edə bilməmişdir. Lakin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəllişdirilməsi Departamenti 2004-cü ildə "xxxx" MMC ilə müqavilənin pozulması barədə 1 saylı Yerli İqtisad Məhkəməsində iddia qaldırmış və iddia tələbini icarə haqqınını ödənilməməsini əsas gətirmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat İstehsal Birliyinin xx.xx.2004-cü il tarixli 214 saylı məktubunda göstərilmişdir ki, həmin qeyri-yaşayış sahəsində məcburi köçkünlər məskunlaşdığından obyektdən istifadə etmək mümkün olmamışdır. Həmin iddia ərizəsinə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad məhkəməsində baxılaraq məhkəmənin 05 iyul 2004-cü il tarixli 2950/3-589 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edildi. Uzun illər torpaqların azad olunmasını gözləmiş və torpaqlar azad olunduqdan sonra Sumqayıt şəhər icra Hakimiyyətinə və digər orqanlara gedərək əlində olan texniki pasportu göstərib köçkünlər getdikdən sonra obyektin icarəsində olması barədə qeydiyyat aparılmasını xahiş etdi. Teztez obyektə baş çəkmiş, orada yaşayanlara isə heç bir narazılıq bildirməmişdir. Son vaxtlar iddiaçıya məlum oldu ki, icarəyə götürdüyü ticarət sahəsinin 52 kvadratmetrinə dair həmin obyektdə məskunlaşmış Cavabdeh2 "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Çıxarış və Texniki pasport verilmişdir. İddiaçı bu barədə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi ərizə ilə müraciət etmişdir. İddiaçıya həmin xidmət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3/2-3346/2023 saylı cavab məktunda qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən 168,40 kv.metr qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə keçmiş Əmlak Komitəsi arasında bağlanılmış xx.xx.1998-ci il tarixli 938 nömrəli '"icarə müqaviləsi xx.xx.1999-cu il tarixdən ləğv edilmişdir və icarəçinin həmin müqavilə üzrə borcu yoxdur. Həmin cavab məktubundan sonra iddiaçı Cavabdeh2 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Çıxarış və Texniki pasport verilməsinin qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməklə ləğv edilməsi barədə Sumqayıt inzibati Məhkəməsinə iddia ərizəsi verdi. Məhkəmə tərəfindən verilmiş sorğu əsasında məlum oldu ki, ünvan 3 ünvanında yerləşən 52,4 kvadrat metr qeyri-yaşayış sahəsinin Cavabdeh2 satılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə xx.xx.2022-ci il tarixli 439 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsindən sonra cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh2 həmin 52,4 kv.metr qeyri-yaşayış sahəsinə dair 27. 04.2022-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyətə dair Çıxarış və texniki pasport verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 439 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə ləğv edilməli və həmin müqavilə əsasında cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh2 52,4 kv.metr qeyri-yaşayış sahəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyətə dair Çıxarış və texniki pasport ləğv edilməli və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 52,4 kvadrat metr qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin cavabdeh-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "İcarə müqaviləsinin ləğv olunması və icarə haqqı üzrə borcun ödənilməsi və qeyri yaşayış sahəsinin boşaldılması barədə" iddia tələbinə dair Azərbaycan Respublikası 1 saylı Yerli iqtisad Məhkəməsinin 05 iyul 2004-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin «icarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» 629 saylı xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə ləğv edilmiş Dövlət Əmlakı Nazirliyi ilə "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti arasında ünvan 3 ünvanında yerləşən 168,4 kv/m qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə 938 saylı 07 sentyabr 1998-ci il tarixli müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən icarəçi öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürmüşdür. Lakin cavabdeh şəxs tərəfindən müqavilənin şərtinə əməl olunmamış, ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı tam ödənilməmişdir, icarə müqaviləsi 12 ay müddətinə bağlanılsa da, «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 5-ci bəndinə müvafiq olaraq müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadığından o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə şərtlərinə əməl olunmamasına baxmayaraq, icarəçi tərəfindən bu günə qədər icarə haqqı ödənilmədən həmin sahədən istifadə olunmaqda davam edilir ki, bunun da nəticəsi olaraq müqavilə əsasında icarəyə götürülmüş qeyri-yaşayış sahəsi üzrə cavabdehin 25669027 manat icarə haqqı borcu yaranmışdır. Ona görə də "xxxx" MMC ilə bağlanmış icarə müqaviləsi ləğv edilməli və həmin sahə boşaldılaraq Dövlət Əmlakının idarə olunması və Özəlləşdirilməsi departamentinə təhvil verilməlidir. Lakin məhkəmənin qeyd edilən həmin qətnamə ilə müəyyən edilmişdir ki, ləğv edilmiş Dövlət Əmlak Komitəsi ilə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti arasında ünvan 3 ünvanında yerləşən 168,4 kv/m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 938 saylı 07 sentyabr 1998-ci il tarixli müqavilə bağlanılmışdır. Tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 272-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinə görə kirayədar əmlakı haqq ilə müvəqqəti istifadə üçün kirayəçi yə verməyi öz öhdəsinə götürür. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti icarəyə verən kimi öz üzərinə düşən vəzifələri yerinə yetirməmiş, bunun nəticəsi olaraq icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq müddətli sahiblik edilməməklə, qeyri-yaşayış sahəsindən istifadə edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin xx.xx.2004-cü il tarixli 214 saylı arayışından da görünür ki, ünvan 3 ünvanında yerləşən 168,4 kv/m qeyri-yaşayış sahəsində 1993-cü ildən hal-hazıra kimi məcburi köçkünlər məskunlaşmış və "xxxx" MMC həmin sahədən istifadə etməsi mümkün olmamışdır. Göründüyü kimi bütün göstərilən hallarda müqavilə şərtlərinə icarəyəverənin özü tərəfindən əməl olunmamış, əsassız olaraq süni formada icarə haqqı borcu yaradılmışdır. Bundan əlavə, iş materiallarından görünür ki, müqavilənin müddəti qurtardıqdan sonra tərəflər icarə müqaviləsinə xitam verilməsi barədə ərizə verməmişlər. «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə müvafiq olaraq müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadığından o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Buradan bir daha görünür ki, icarə müqaviləsi 2004-cü ildə iddia verilənədək qüvvədə olduğu halda xx.xx.1999-cu ildə necə ləğv edilə bilərdi. Digər tərəfdən iddiaçı Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyi Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti cavabdeh "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətindən 25669027 manat məbləğində (köhnə manatla) icarə haqqı tələb etdiyi hal da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-3346/2023 saylı cavab məktubunda icarəçinin həmin müqavilə üzrə borcu yoxdur cavabı verməsi tamamilə ziddiyət təşkil edir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 439 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin bağlanması nəticəsində yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməsi və Cavabdeh2 iddiaçıya satılmış 52 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilərək, "xxxx" MMC ilə keçmiş Əmlak Komitəsi arasında bağlanılmış xx.xx.1998-ci il tarixli, 938 nömrəli icarə müqaviləsinin bərpa edilməsi, ünvan 3-də yerləşən 52,4 kv.m qeyri yaşayış sahəsinə dair Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və texniki pasportun ləğv edilməsi və Cavabdeh2 həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

5. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir və hesab edir ki, Cavabdeh2 vicdanlı alıcıdır. Ondan əvvəlki məsələlərdən, həmin torpaq sahəsinin əvvəllər kimə məxsus olmasından məlumatı olmamışdır. O, dövlət orqanı kimi Əmlak Məsələləri Dövlət Xidməti ilə əvvəlcə icarə müqaviləsi bağlamış, daha sonra isə alqı-satqı yolu ilə torpaq sahəsini özəlləşdirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

9. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin xx.xx.1998-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 3 ərazisində yerləşən "xxxx" MMC-nin ticarət sahəsi 168,40 kv.m təşkil edir.

11. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2950/3-589 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin cavabdeh "xxxx" MMC-yə qarşı “938 saylı, 07 sentyabr 1998-ci il tarixli icarə müqaviləsomom ləğv olunması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarə haqqı üzrə 25.669.027 manat borcun ödənilməsi” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

12. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 439 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.metr olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X5 20.960 manat məbləğinə satılmışdır.

13. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 52,4 kv.m təşkil edən Sumqayıt şəhəri, 3-cü məhəllə, Nizami küçəsi, ev 27/10 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə, **********7 nömrə ilə qeydiyyata alınmışdır.

14. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məlumatın təqdim edilməsi barədə sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən ticarət sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsi barədə icarə müqaviləsinin ləğv edilməsi bağlı qərarın qəbul edilib-edilməməsi və ləğv edildiyi halda hansı əsaslarla ləğv edilməsi haqqında məlumatların və müsbət halda buna dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, qeyd edilən ünvanında yerləşən 168,4 kv.m qeyri-aşayış sahəsinə dair "xxxx" MMC ilə keçmiş Dövlət Əmlak Komitəsi arasında bağlanılmış xx.xx.1998-ci il tarixli, 938 nömrəli icarə müqaviləsi xx.xx.1999-cu il tarixindən ləğv edilmiş və icarəçinin həmin müqavilə üzrə borcu yoxdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.metr olan qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixli, 439 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında cavabdeh X1. Həmin əmlak üzərində cavabdeh X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixdə "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışla rəsmiləşdirilmişdir. Hazırda iddiaçı tərəf "xxxx" MMC ilə keçmiş Əmlak Komitəsi arasında bağlanılmış xx.xx.1998-ci il tarixli, 938 nömrəli icarə müqaviləsinin bərpa edilməsini, habelə X5 məxsus çıxarış və texniki pasportun ləğv edilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. İlk öncə məhkəmə iddia tələbinin "xxxx" MMC ilə keçmiş Əmlak Komitəsi arasında bağlanılmış xx.xx.1998-ci il tarixli, 938 nömrəli icarə müqaviləsinin bərpa edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı icarə müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Mülki Məcəllənin 337.2-ci maddəsinin 2-ci cümləsində qeyd olunmuşdur: “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Bu maddədə “müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsaydı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Yəni müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini müəyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər: məsələn, üçüncü şəxsin xeyrinə müqavilə (Mülki Məcəllə, maddə 403). Hüquq isə mümkün davranış qaydası olduğundan üçüncü şəxs həmin hüquqdan istifadə etməyə bilər və ya ondan imtina edə bilər. Ona görə də müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi yersizdir.

18. Lakin nəzərə alınmalıdır ki, 337.2-ci maddənin 2-ci cümləsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmayıb. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: a) hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; b) hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; c) vəzifənin icrasını çətinləşdirə bilər və s. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür. - hüquq münasibəti əmələ gəlir; - hüquq münasibəti dəyişir; - hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - münasibətin subyekti; - münasibətin obyekti; - münasibətin məzmunu.

19. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Əks yanaşma ona səbəb ola bilər ki, ölkədə istənilən şəxs istənilən əqdi mübahisələndirə bilər. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırkı işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq icarəyə verənlə icarəçinin arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir:

20. Birincisi, iddiaçı öhdəlik münasibətinin subyekti (icarəyə verən və ya icarəçi) deyil.

21. İkincisi, iddiaçının, öhdəlik münasibətinin obyektinə (əmlaka) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Mübahisələndirilən əmlak onun mülkiyyəti deyil, yaxud iddiaçının həmin əmlaka hər hansı başqa hüququ yoxdur. Mövcud olmayan hüququn müdafiəsi tələb edə bilməz, hüququn müdafəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır.

22. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yoxdur.

23. Göründüyü kimi İddiaçı "xxxx" MMC ilə hər – hansı bağlılığını (təsisçisi olmasını) təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

24. Beləliklə, hazırkı vəziyyətdə iddiaçı icarə müqaviləsini mübahisələndirmək hüququna malik deyildir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz».

26. Məhkəmə iddia tələbinin “ünvan 3-də yerləşən 52,4 kv.m qeyri yaşayış sahəsinə dair Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və texniki pasportun ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri).

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

31. Məhkəmə hesab edir ki, Cavabdeh2 adına olan Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydin) verilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli, 439 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qüvvədə olduğu halda, daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın, habelə texniki pasportun ləğv olunması istisna olunur.

32. İddiaçının Cavabdeh2 həmin sahədən çıxarılması ilə bağlı tələbi çıxarışın və texniki pasportun ləğv edilməsi tələbi ilə birbaşa əlaqəli olduğundan və həmin tələb təmin edilmədiyindən, prosesual qənaət prinsipi baxımından iddia bu hissədə də təmin edilməməlidir.

33. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Cavabdeh2 qarşı "icarə müqaviləsinin bərpa edilməsi, qeyriyaşayış sahəsinə dair verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi və qeyri-yaşayış sahəsindən çıxarılma tələbi"nə dair iddia ərizəsi rədd edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Cavabdeh2 qarşı "icarə müqaviləsinin bərpa edilməsi, qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi və qeyriyaşayış sahəsindən çıxarılma tələbi"nə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar