Məhkəmə qərarları › İş №2(060)-1465/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1465/2024

27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1465/2024 27.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2988/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rəsmi nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yşalarına çatanadək saxlanmaları üçün təyin olunmuş hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment məbləğinin azaldılaraq, hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Birgə nikahdan iki uşaq doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2988/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi uşaqların saxlanmaları üçün ondan cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan əlavə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4381/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü X1 üçün ondan 193 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək saxlanması üçün 50 manat pulun tutulması qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvə almışdır. Həmin qətnamələrə əsasən onda cəmi hər ay 583 (340+243) manat pul tutulur. O, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində işləyir və hər ay 648 manat əmək haqqı alır. Məhkəmə qətnamələri ilə təyin edilmiş aliment məbləğini çıxdıqdan sonra ona cəmi 15 (məcburi dövlət ödəmələrindən sonra qalan məbləğ) manat pul qalır. Bu da hazırki tarixdə Azərbaycan Respublikasında olan minimum əmək haqqından 224 manat (270-46) azdır. Digər bir yerdən qazancı yoxdur. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul etmir. O, 2023-cü ildə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(060)-4307/2017 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılaraq hazırki iş üzrə İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun iddia tələbi üzrə işə baxan Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(060)-2988/2023 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin etmiş və uşaqların saxlanılmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, iki uşağa görə 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamədən narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermiş və AR Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2023cü il tarixli 2(105)-1808/2023 saylı qətnaməsi ilə verilmiş apellyasiya şikayətləri təmin olunmamış və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən sonra 2024-cü ilin yanvar ayından Respublika üzrə bir uşağın saxlanılması minimumu 235 manat olmuşdur. Əvvəlki məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləği ,yəni aylıq 170 manat aliment bir uşağın saxlanılması üçün yetərli olmadığı halda qarşı tərəf yenidən alimentin azaldılması ilə bağlı məhkəməyə iddia vermişdir. İddia tələbində qoyduğu dəlillər - onun başqa nikahdan bir uşağının olması, onun üçün alimentin tutulması barədə məhkəmə qətnaməsinin olması, aylıq əmək haqqısının olması və digər dəlillər artıq əvvəlki məhkəmə qətnamələri qəbul olunarkən araşdırılmış və həmin dəlillərə qiymət verilmişdir. Lakin qarşı tərəf buna baxmayaraq yenidən eyni dəlilləri sadalamaqla əvvəlki qətnamə ilə qət edilmiş alimentin artırılması barədə qanuni qüvvəsini almış qətnaməni faktiki olaraq mübahisələndirməklə alimentin artırmaya qədər olan məbləğdə - hər uşağa 110 manat olmaqla, 2 uşağa görə 220 manat olmasını məhkəmədən xahiş edir. Halbuki sonuncu məhkəmə qətnaməsindən sonra yaranmış vəziyyət-bir uşağın saxlanılması minimumunda artım təyin edilmiş alimentin artırılması barədə onun məhkəməyə müraciət etməyinə əsas verirdi. Qarşı tərəf qanuni qüvvəsi almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları görməzdən gələrək belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Belə hesab edir ki, qeyd olunan hallar və artıq bu mübahisə üzrə irəli sürülən dəlillərə qiymət verilməsi hazırki iddia tələbinin əsassızlılığına dəlalət edir, ona görə də xahiş edir ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilsin. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2988/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-4307/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilmişdir. - Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4381/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X5 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 802 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X7 anası X2 yanında qalması, İddiaçı xx.xx.2021 -ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün xx.xx.2022ci il tarixdən başlayaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi, doğum və müayinə xərclərinin yarısı - 778 (yeddi yüz yetmiş səkkiz) manatın İddiaçı tutularaq X3 ödənilməsi, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 50 (əlli) manat məbləğində pul vəsaitinin tutularaq X3 verilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1808/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2988/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2988/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X9 işləyir (Sürücü, avtomobil), aylıq əmək haqqı 648 manat təşkil edir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında olan nikah xx.xx.2022-ci ildə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2988/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-4307/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilmiş, həmin qətnamə apellyasiya qaydasında mübahisələndirilmiş, dəyişdirilmədən saxlanılmışdır. İddiaçı işləyir və aylıq əmək haqqı 648 manat təşkil edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X5 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X7 anası X2 yanında qalması və İddiaçı xx.xx.2021 -ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 50 manat məbləğində pul vəsaitinin tutularaq X3 verilməsi qət edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının maddi durumunun pisləşməsi ilə bağlı onun tərəfindən heç bir mötəbər sübut, dəlil təqdim edilmədiyinə görə iddia əsassızdır. Bundan əlavə alimentin azaldılaraq iddiaçının hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat sabit pul məbləğində müəyyən edilməsi uşaqların mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılmasına dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4378/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılması barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar