Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1497/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan 08.05.2021-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatana qədər hər ay 150 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 20 noyabr 2020-cu il tarixdə Gəncə ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsində qeydiyyatdan keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 08.05.2021-ci il təvəllüdlü Oqtay Məmmədov adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqdan bir müddət sonra ailədə soyuqluq yaranmışdır. Həyat yoldaşı gəlirini evə və ailəyə xərcləməyərək, öz istək və maraqlarını ailədən üstün tutur. Övladlarının azyaşlı olması, xüsusi baxım və diqqət tələb etməsi və gündəlik qayğıya etiyacının olmasına baxmayaraq cavabdeh valideyinlik məsuliyyətini dərk etməməklə yanaşı ona heç bir maddi və mənəvi köməklik gösrətmir və iddiaçının da işləməyinin qarşısını alır. Cavabdehin dözülməz davranışının nəticəsidir ki, hal-hazırda ata evində yaşayır və uşağın gündəlik yeməyini və sairə almağa imkanı yoxdur və cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi, həmçinin bildirdi ki, o, hal-hazırda anasının yanında qalır. Cavabdeh hərbiçidir və 1000 manata yaxın əmək haqqı alır. Hal-hazırda cavabdeh Gəncə şəhərində xidmət edir. Onlar iki aydır ki, ayrı yaşayırlar. İddiaçı hazırda işləmir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2001-ci ildə anadan olmuş, Qubadlı rayonu, Aşağı Cibikli ərazi dairəsi, Xallava kəndində qeydiyyatdadır. Cavabdeh xx.xx.1992-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 1 saylı Mənzil Kommunal Sahəsinin 23.08.2021-ci il tarixli, 3198 saylı arayışında cavabdehin ünvan 1 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. Nikah haqqında şəhadətnamənin surətinə əsasən tərəflər arasında nikah 20.11.2020-ci il tarixində, Gəncə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadları verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən 08.05.2021-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Bu səbəbdən məhkəmə cavabdehdən uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat məbləğində alimentin tutulmasını məqsədə uyğun hesab edir. İddiaçı eyni zamanda uşaq üç yaşına çatana qədər hər ay 150 manat maddi yardımın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Ailə Məcəlləsində həmçinin göstərilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər (84.1.). Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir (84.2.2.). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin ona maddi yardım qismində aliment ödəməsini tələb edə bilər. İddiaçı izahatında cavabdehin hərbçi kimi xidmət etdiyini və 1000 manata yaxın əmək haqqı aldığını bildirmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddiaçının bildirdiklərini təkzib edən hər hansı sübut təqdim etməmiş və bununla bağlı mövqeyini ifadə etməmişdir. MPM-ə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1.). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2.). Məhkəmə valideynlərin və uşağın ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli X2 3 yaşına çatana kimi saxlanması üçün 50 manat maddi yardım cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı məhkəməyə 07.09.2021-ci il tarixində müraciət etmişdir. Lakin, iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmışdır. Sonradan iddiaçının ərizəsi əsasında iddianın baxılmamış saxlanması barədə qərardad ləğv edilərək işə mahiyyəti üzrə baxılmışdır. Həmin ərizə məhkəməyə 17.01.2022-ci il tarixində daxil olduğundan alimentin tutulması da həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 08.05.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatanadək hər ay 50 (əlli) manat maddi yardım qismində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 17.01.2022-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1497/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1497/2022
15.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver