Məhkəmə qərarları › İş №2(060)-1518/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1518/2025

02.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1518/2025 02.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildə Cavabdeh2 ilə el adəti ilə evlənib ailə qurmuşdur. xx.xx.2014-cü il tarixdə isə nikahı Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Yusif və Məhəmməd adlı iki əkiz uşaqları doğulmuşdur. İddiaçı Cavabdeh2 ilə ailə qurduqdan sonra tərəflər onun anası X8 adına olan Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışlar, iddiaçının cehiz əşyaları hazırda həmin evdə yerləşir. Tərəflər həmin evdə yaşayarkən qayınanası mərhum X14 tərəflərə bildirmişdir ki, o, öləndən sonra bu evi tərəflərə saxlayacaq və bankdan pul götürüb evi təmir etdirə bilərlər. Bundan sonra iddiaçı Cavabdeh2 ilə təxminən 2018-ci ildə evin təmirtikinti işlərinə başlamışlar. Ev iki otaqlı olmuşdur, tərəflər evin qabaq hissəsini artıraraq uzun zal, talvar və hamam tikdirmişlər. Təmir-tikinti işlərinə pul çatmadığından xx.xx.2019cu il tarixdə anası İddiaçı1 “Azərbaycan Beynəlxalq Bankdan” 2500 manat, iddiaçı isə xx.xx.2019-cu il tarixdə həmin Bankdan 1500 manat, cəmi 4000 manat pul götürüb evin təmirinə xərcləmişlər. Həmin Banka olan kredit borcunu hər ay iddiaçı və anası İddiaçı1 ödəmişlər. Təmir-tikinti işlərlə məşğul olan usta və fəhlələrə, Etibara, Aydına və Rafayıla iddiaçı və anası İddiaçı1 yemək, çay vermişlər. Təmir-tikinti işləri tam başa çatmadığından xx.xx.2023-cü il tarixdə iddiaçı yenidən "xxxx" Kommersiya Bankı ASC-dən 3140 manat kreditə pul götürüb evin təmir-tikinti işlərinə xərcləmişlər. Həmin Bankın kredit borcunu hər ay iddiaçı və anası İddiaçı1 hələ də ödəyirlər. X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Təxminən 2024-cü ilin mart ayının axırlarında qayınanası mərhum X8 bacısı qızı Cavabdeh1 tərəflərin evinə gəlib bildirmişdir ki, həmin fərdi ev onun mülkiyyətindədir, o, evi satır və tərəflərin həmin evdən çıxmasını tələb etmişdir. İddiaçı ona həmin evdən çıxmaq istəmədiyini, iddiaçının həmin evin əsaslı təmir-tikinti, yenidən quraşdırma işləri aparaq evin dəyərini xeyli artıran vəsait qoymasını bildirdikdə isə Cavabdeh1 həmin vaxt anası İddiaçı1 döyüb evdən qovmuşdur, əri Cavabdeh2 isə iddiaçıya artıq onunla yaşamaq istəməməsini, iddiaçı ilə boşanmaq istəməsini bildirmişdir. Cavabdeh2 bu sözlərindən sonra iddiaçı başa düşdüşdür ki, onlar birləşib evi sataraq bölmək, iddiaçını isə evdən çıxarmaq istəyirlər və buna görə iddiaçı onlardan qorxduğundan həmin evdən çıxaraq hazırda iki uşaqla birlikdə valideynlərinin evində yaşayır. 3 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Samux rayon notariat ofisinin 02 mart 2024-cü il tarixli, 4Ə-164 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 etibarnamə üzrə nümayəndəsi X16 tərəfindən həmin ev Cavabdeh1 bağışlanmış və 14 mart 2024-cü il tarixdə onun adına Çıxarış verilmişdir. Cavabdeh2 ilə birgə yaşadıqları dövrdə, hazırda Cavabdeh1 adına olan Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanda yerləşən fərdi yaşayış evinin hazırki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-tikinti işlərinin usta, fəhlə pulu ilə birlikdə "xxxx" MMC şirkəti tərəfindən qiymətləndirilməsinə əsasən iddiaçı 19675,20 manat pul xərcləmişdir. Həmin pulun yarısı, yəni 9837,60 manat məbləğində pul iddiaçıya verilməlidir. İddiaçı dəfələrlə Cavabdeh1 həmin evin təmir-tikinti işlərinin aparılmasına xərclədikləri pulun ödəməsini tələb etsə də, o, iddiaçıya pul ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanda yerləşən fərdi yaşayış evin hazırki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-tikinti işlərinin usta, fəhlə pulu ilə birlikdə 19675,20 manat pulun yarısı, yəni 9837,60 manat məbləğində pulun, "xxxx" MMC şirkətinə ödənilmiş 250 manat, dövlət rüsumu kimi ödənilən 120,44 manat və İMS-yə ödənilmiş 60 manat pulun alınıb iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

4. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı2 onun xalasının gəlini olmuşdur. İddiaçı2 xalası oğlu Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixdə Gəncə «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Onların birgə nikahından əvvəllər uşaqları doğulmamışdır. Lakin süni mayalanma nəticəsində xx.xx.2019-cu il tarixdə X13 və X5 adlı iki uşaq anadan olmuşdur. Xalası sağ olanda bacardığı qədər həm öz xəstə oğluna, həm də onun nikahda olduğu İddiaçı2 və uşaqlara baxsa da, xalasının vəfatından sonra İddiaçı2 Cavabdeh2 baxmaq istəməmiş, onun xəstəliyindən istifadə edərək, İddiaçı2 və anası onu incitmişlər. Xalası da sağlığında oğlunu ona əmanət etdiyi üçün o, bu günə qədər ona baxır. Xalası oğlunun səhhətində ciddi problemlər olduğu üçün özünü sərbəst apara bilmir. xx xxx 1985-ci il təvəllüdlü Cavabdeh2 hazırda onun köməyi olmadan sərbəst şəkildə özünü fəaliyyət qabiliyyətli şəxs kimi apara bilmir. Ümumiyyətlə həyatını kənar şəxsin köməyi olmadan davam etdirməsi qeyri-mümkün vəziyyətə gəlmişdir. O, Cavabdeh2 bütün təhlükələrdən qorumaqla ona baxır, həyat üçün lazımi hər şeyi vaxtlı-vaxtında edir və sağlamlığı üçün yaxşı olan bütün tədbirləri görür. Yaranmış vəziyyətlə bağlı hazırda məhkəməyə Cavabdeh2 onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilmişdir. Ayrıca hazırkı iddia qeyd olunanlar tamamilə yalandır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3515/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən tam aydın şəkildə görünür ki, İddiaçı2 iddia ərizəsində qeyd edir ki, “Cavabdeh2 2013-cü il tarixdə nikaha girsə də nikahlarını xx.xx.2014-cü il tarixdə Gəncə «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində qeydə aldırmışlar. Onların birgə nikahından əvvəllər uşaqları doğulmamışdır. Lakin sonradan Cavabdeh2 anasının təkidi ilə edilmiş süni mayalanma nəticəsində xx.xx.2019-cu il tarixdə X13 və X5 adlı 2 uşaq anadan olmuşdur. Cavabdeh2 ilə nikaha girdikdən bir müddət sonra aralarında olan münasibətlər pozulmuşdur. 2024-cü ilin mart ayından faktiki olaraq ayrılmış və müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Hazırda onlar arasındakı nikah formal xarakter daşayır və barışmaqları mümkün deyildir. Məhkəmə iclasının təxirə salındığı 3 ay vaxt ərzində onların ailə münasibətləri bərpa edilməmişdir. İddiada qeyd edir ki, mənzilin təmiri üçün kredit götürmüşdür. Hazırda həmin məbləğlə bağlı iddia qaldırmışdır. Lakin o, cehiz əmlakını evdən çıxararkən əşyaların çəkilişini edən zaman kameraya düşmüş evin görüntülərindən aydın olur ki, həmin ev uzun illərdir ki, ümumiyyətlə təmir olmamışdır. Bundan başqa iddia ərizəsinə sübut qismində əlavə edilmiş kredit müqavilələrinin hazırkı iş üzrə sübut qismində qiymətləndirilməsinə də etiraz edir. Belə ki, həmin kredit müqavilələri İddiaçı2 öz şəxsi ehtiyacları üçün götürülmüşdür. Onların hazırkı iddia üzrə heç bir əlaqəsi olmamışdır. Hətta həmin kreditin biri məhz süni mayalanma üçün götürülmüşdür. Ola bilsin ki, İddiaçı2 yaxınları onun adına kredit götürüb istifadə etmişlər ki, indi o müqaviləni qanunsuz sübut kimi təqdim etmişdir. Bundan əlavə, İddiaçı2 anası dəfələrlə ona hədə-qorxular gəlmişdir. Bir müddət sonra isə İddiaçı2 anası Bənzər xanım ondan qanunsuz şəkildə 10.000 manat ona pul verməsini tələb etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ № 978736 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı2 23 avqust 2014-cü il tarixdə nikahlarını bağlamışlar və nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1716 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Məmmədova soyadı verilmişdir.

9. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 04 fevral 2020-ci il tarixində verilmiş AZ-İV № 414411 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 13 dekabr 2019-cu il tarixində Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh2, anası İddiaçı2dır.

10. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 04 fevral 2020-ci il tarixində verilmiş AZ-İV № 414410 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13 dekabr 2019-cu il tarixində Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh2, anası İddiaçı2dır.

11. İş materiallarında olan ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı xəstəliyindən vəfat etmişdir.

12. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 723 nömrəli əmlaka dair arayışın verilməsi barədə xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanına dair arayışın verilməsi barədə 27 mart 2024-cü il tarixli, **********, 3-21-3-33/1-2746/2024 saylı məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Məktuba cavab olaraq bildirilir ki, Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanında yerləşən mənzil 17 mart 2010-cu il tarixli, **********22-05101- 093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X8 adına olmuşdur. Gəncə şəhər 7 saylı notariat kontorunun 18 mart 2010-cu il tarixli, 4Ə-01-83 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanında yerləşən mənzilin 12.9 kv.m bir yaşayış otağı, 18.0 kv.m köməkçi sahəsi X14 tərəfindən X2. Müqaviləyə əsasən X6 (12.9 kv.m 1 yaşayış otağı, 18 kv.m köməkçi sahə) və X8 (22.5 kv.m 2 yaşayış otağı) payları göstərilməklə adlarına 09 aprel 2010-cu il tarixli, **********22-05101-093001 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri çıxarışa verilmişdir. Samux rayon notariat ofisinin 02 mart 2024-cü il tarixli, 4Ə-164 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 etibarnamə üzrə nümayəndəsi X16 tərəfindən X8 mülkdə olan payı (22.5 kv.m 2 yaşayış otağı) Cavabdeh1 bağışlanmış, X6 (12.9 kv.m 1 yaşayış otağı, 18.0 kv.m köməkçi sahə, 09 aprel 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli) və Cavabdeh1 22.5 kv.m 2 yaşayış otağı, 14 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa verilmişdir.

13. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanılmış xx.xx.2019cu il tarixli, BPM**********70 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı1 illik 24 faizlə, 38 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir.

14. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanılmış xx.xx.2019cu il tarixli, BPM**********69 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı2 illik 24 faizlə, 30 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir.

15. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-xx.xx.2024-cü il tarixi əhatə edən çıxarışdan görünür ki, İddiaçı2 illik 28 faizlə, 24 ay müddətinə, 3140 manat məbləğində kredit verilmişdir.

16. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualın həlli ilə bağlı Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən, 30.9 kv.m ümumi sahədən, 12.9 kv.m yaşayış sahəsindən və 18.0 kv.m köməkçi sahədən ibarət olan, 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin hazırki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-tikinti işlərinin usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə real bazar dəyərinin müəyyən edilməsi məqsədilə ərazi üzrə monitorinq təşkil edilərək qiymətləndirmə işi aparılmışdır. Qiymətləndirmə zamanı binanın mövcud vəziyyətə gətirilməsi üçün tikinti işlərinin gedişatı zamanı zəruri olan tikinti materiallarının alınması və icra edilməsi üçün xidmətlər daxil olmaqla hesablanmışdır. Ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılmış və təhlil olunmuşdur. Monitorinq bazasında toplanan və fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunmuşdur. Beləliklə, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən, 30.9 kv.m ümumi sahədən, 12.9 kv.m yaşayış sahəsindən və 18.0 kv.m köməkçi sahədən ibarət olan, 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin hazırki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-tikinti işlərinin usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2024-cü il tarixə real bazar dəyəri 19675,20 manat təşkil edir.

17. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3515/2024 saylı qətnaməsi ilə İddiaçı2 iddiası qismən təmin edilmiş, İddiaçı2 və Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə Gəncə «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1716 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2019-cu il tarixdə anadan olmuş X7 və X4 anaları İddiaçı2 yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2019-cu il tarixdə anadan olmuş X7 və X1 üçün Cavabdeh2 İddiaçı2 xeyrinə hər ay, hər uşağa görə 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən X13 və X5 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, İddiaçı2 iddiasının qalan hissədə təmin edilməməsi, qətnamənin aliment tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

18. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-02288 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

b)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

22. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Başqa sözlə, Mülki Məcəllədə, Ailə Məcəlləsində və uyğun qanunvericilik aktlarında ər və arvadın əmlakının hüquqi vəziyyəti, onların əmlakla bağlı hüquq və vəzifələri əmlakın qanuni rejimi hesab olunur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Lakin hər hansı bir əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin olması zəruridir: 1.Əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır; 2.Əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır.

24. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı Qərarının 3.14-cü bəndində göstərilmişdir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.

25. Həmin Qərarın 3.15-ci bəndində göstərilir ki, qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür.

26. Həmin Qərarın 3.16-cı bəndində göstərilir ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

27. Məhkəmə qeyd edir ki, iddiaçılar bankdan götürülmüş kreditin mərhumə X11 məxsus (hazırda Cavabdeh1 məxsusdur) ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin təmir-tikintisinə istifadə olunmasını bildirsələr də, həmin faktı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər.

28. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

29. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

30. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

31. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

32. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

40. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar