Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1536/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində idarə etdiyi "Mercedes Benz” markalı, **-MJ-*** dövlət qeydiyyat nömrəli avtomobillə Abşeron rayonu, Novxanı kəndi ərazisində hərəkətdə olarkən, qarşıdan gələn iş üzrə Cavabdeh idarə etdiyi “Saypa” markalı, **-PY-*** dövlət qeydiyyat nömrəli avtomobillə qəflətən dönmə əməliyyatı edərək iddiaçının avtomobili ilə toqquşmuş və nəticədə iddiaçıya məxsus avtomobilin qabaq hissəsi əzilmişdir. Bununla bağlı hadisə yerinə polis əməkdaşları gəlmiş, iddiaçını və cavabdehi Abşeron Rayon Polis Şöbəsinə aparmışlar. Orada araşdırılma aparılmış və cavabdehin sığortasının olmaması aşkar edilmişdir. İddiaçı cavabdehlə razılığa gəlməyi və avtomobilinə dəymiş zərəri ödəməyi təklif etsə də, o, iddiaçı ilə razılaşmamışdır. Müstəqil ekspert tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən, iddiaçıya məxsus avtomobilə 1630 manat maddi zərər dəymişdir. Hazırda iddiaçıya məxsus avtomobilə vurulmuş vəziyyətdə olmaqla, avtomobilindən istifadə edə bilmir. Cavabdeh isə nə iddiaçının avtomobilini düzəltdirmək istəmir, nə də dəymiş pulu ödəmək fikrində deyildir. Göstərilənlərə əsasən iddiaçıya məxsus olan “Mercedes Benz” markalı, **-MJ-*** dövlət qeydiyyat nömrəli avtomobilə vurduğu ziyana görə 1630 manat pul və ödədiyi 37 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyinə dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan BB seriyalı 492892 saylı, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** MJ *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E320 minik” markalı avtomobil X1 məxsusdur.
9. İş materiallarında olan Abşeron rayon Polis idarəsinin Dövlət yol Polis şöbəsinin YHN-si üzrə baş inspektoru polis mayoru Seymur Nəbiyev tərəfindən verilmiş arayışa əsasən xx.xx.2025-ci il tarixdə baş vermiş yol –nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi ** MJ *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E320 minik” markalı avtomobil əzilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində **-PY-*** dövlət qeydiyyat nişanlı, “X3” markalı avtonəqliyyat vasitəsinin sağ arxa hissəsi zədələnmişdir.
10. İş materiallarında olan Abşeron DYP tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli № TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, **-PY-*** dövlət qeydiyyat nişanlı, “X3” markalı avtonəqliyyat vasitəsini idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 783 nömrəli arayışın surətindən görünür ki, avto yol nəqliyyat qəzasına uğramış “Mercedes Benz” markalı, **-MJ-*** dövlət nömrə nişanlı, 1994-cü il buraxılışlı olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri - zəhmət haqqı 640 manat, ehtiyyat hissələri 990 manat olmaqla, cəmi 1630 manat məbləğində qeyd olunmuş vəsaitlər tələb olunur.
12. İş materiallarında olan İcbari Sığorta Bürosu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “X3” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC ilə xx.xx.2021-xx.xx.2022-ci il tarix aralığında PPA********** nömrəli, "xxxx"ASC ilə xx.xx.2022-xx.xx.2023-cü il tarix aralığında PAT********** nömrəli, "xxxx" ASC ilə xx.xx.2023-xx.xx.2024-cü il tarix aralığında PDS********** nömrəli sığorta müqavilələri qüvvədə olmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə idarə etdiyi **-PY-*** dövlət qeydiyyat nişanlı, “X3” markalı avtomobil ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə iddiaçıya məxsus ** MJ *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E320 minik” markalı avtomobilə ziyan dəymişdir. Hazırda iddiaçı vurulmuş zərərin əvəzini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
19. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir.
22. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1630 (bir min altı yüz otuz) manat məbləğində pul və 37 (otuz yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.
23. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1630 (bir min altı yüz otuz) manat məbləğində pul və 37 (otuz yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən (qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra) bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva