Məhkəmə qərarları › İş №2(060)-1541/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1541/2021

10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1541/2021 10.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “uşaqların yanında qalması və aliment” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların yanında qalması” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “uşaqların yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2011-ci il təvəllüdlü qızı Yusifli Nübar və xx xxxxx 2013-cü il təvəllüdlü oğlu Yusifov İsrailin yetkinlik yaşına çatana qədər onun himayəsində saxlanılması və hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat alimentin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh ailəsinə baxmır. Heç bir dövlət işində işləmir, ustalıq edir, amma dəfələrlə işə vaxtında getmədiyi üçün işlədiyi məkanlarda problem yaradaraq ayrılıb. Evin bütün xərclərini və kommunal xərclərini özü ödəmişdir. Cavabdeh ailə məsuliyyətini başa düşmür, gününün çox hissəsini çayxanalarda pullu qumar oyunlarında keçirmişdir. Birgə yaşadıqları müddətdə evdə iki dəfə onun qızıllarını oğurlayıb lombarda qoyaraq pul götürüb. Uşaqların bütün ehtiyaclarını özü qarşılayır, mütəmadi olaraq ondan pul tələb edir, vermədikdə isə münaqişə yaradır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların yanında qalması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabhehlə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli nikahın pozulması və birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 onun yanında qalmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək uşaqların onun yanında saxlanılması hissəsində tələbini müdafiə etmədiyini bildirdi. Qarşılıqlı iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, ailə qurduqları ilk vaxtlarda münasibətləri yaxşı olmuşdur. Lakin, son vaxtlar münasibətləri pisləşmişdir. Boşanma barədə fikri qətidir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı izahatında göstərdi ki, ilkin iddia tələbini müdafiə edir, qarşılıqlı iddia tələbini qəbul edir, nikahın pozulmasına razıdır. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Eləcə də ilkin iddia üzrə iddiaçı xx xxxxxx 2021-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında göstərmişdir ki, o, özü müəllimə işləyir, 580 manat əmək haqqı alır, həmçinin şagirdlərlə məşğələləri olur və bununla bağlı hər ay təxminən 2000-2500 manat əlavə gəliri olur. Cavabdehin daimi iş yeri və stabil qazancı yoxdur, fərdi qaydada usta işləyir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı izahatında göstərdi ki, ilkin iddia tələbinə münasibətdə bildirir ki, uşaqların anasının yanında saxlanılmasına etirazı yoxdur, aliment tələbini isə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat məbləğində qəbul edir. Belə ki, iş olanda fərdi qaydada usta işləyir, iddia edilən məbləğdə aliment ödəməyə qazancı yoxdur. Qarşılıqlı iddianı müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi hüquqlarını müdafiə etdiyi şəxsin göstərdiklərini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında dindirilən xx xxxxxx 2011-ci il təvəllüdlü Yusifli Nübar və xx xxxxx 2013-cü il təvəllüdlü Yusifov İsrail bildirdilər ki, tərəflər valideynləridir. Artıq xeyli müddətdir ki, anaları ilə birgə yaşayırlar, valideynləri boşanacağı halda analarının yanında qalmaq istəyirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə təmin edilməlidir. Mülki iş materiallarında olan: AZ-İ seriyalı, 576712 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 568 nömrəli akt qeydi ilə nikah bağlanmış, qadına Yusifova soyadı verilmşdir. AZE seriyalı, 11669469 saylı və AZE seriyalı 12892432 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surətindən görünür ki, Yusifli Nübar Şahin qızı xx.xx.2011-ci ildə və X5 xx.xx.2013-cü ildə anadan olmuşlar, ataları Cavabdeh, anaları İddiaçıdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, İddiaçı ümumi təhsil məktəbində müəllimə işləyir və aylıq əmək haqqı 611 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2010-cu il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Hazırda tərəflər ər-arvad münasibətlərini faktiki olaraq kəsmişlər, nikah formal xarakter daşıyır. Uşaqlar ananın yanında qalırlar. Qarşılıqlı iddia üzrə cavabdeh nikahın pozulmasına razıdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 3, 19, 20 və 21-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılıqları olduğundan Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 568 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağının müəyyən edilməsidir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək,habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə, uşaqların fikrini və yaşayış yerinin müəyyən edilməsi ilə bağlı tərəflər arasında qarşılıqlı razılığı nəzərə alaraq hesab edir ki, boşanmadan sonra birgə nikahdan olan uşaqlar ananın yanında qalmalıdırlar. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağının müəyyən edilməsidir. 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, valideynlər uşaqları saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutulmalıdır. Alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyətləri, habelə uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ, habelə cavabdehin ilkin iddianı qismən etirafı nəzərə alınaraq ağlabatan məbləğ həddində müəyyən edilməklə, xx xxxxxx 2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən uşaqların saxlanılması valideynlərdən hər hansı birinin deyil, hər ikisinin vəzifəsi olması ilə bağlı qanunvericiliyin göstərişlərini, bu baxımdan uşağın saxlanılması ilə bağlı xərclərin tərəflər arasında bölüşdürülməklə nəzərə alınmasını, ilkin iddia üzrə iddiaçının kifayət qədər qazancının olması ilə bağlı göstərdiklərini (aylıq 611 manat əmək haqqı və 2000-2500 manat gəlirinin olması), cavabdehin daimi iş yeri və stabil qazancının olmadığını və bu halın ilkin iddia üzrə iddiaçının izahatında göstərdikləri ilə öz təsdiqini tapdığını nəzərə almışdır. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia üzrə iddiaçı iddia edilən məbləğdə alimenti ödəməyə cavabdehin zəruri vəsaitinin olması, cavabdehin əmlak vəziyyəti barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddianı sübuta yetirmək yükü iddiaçının üzərinə düşən vəzifə olmaqla bununla bağlı müvafiq sübutlar məhkəməyə təqdim edilməlidir. Məhkəmə eləcə də ilkin iddianın aliment hissədə qismən təmin edilməsi nəticəsinə gələrkən iddiaçının izahatında verdiyi məlumatları MPM-nin 76-cı maddəsi baxımından sübut növü olaraq qiymətləndirmişdir. MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən, qarşılıqlı iddia tam təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 568 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında qalsınlar. xx xxxxxx 2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. İlkin və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar