Məhkəmə qərarları › İş №2(060)-1610/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1610/2023

31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1610/2023 31.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 15 yanvar 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü təvəllüdlü X7 anadan olmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında bağlanmış rəsmi nikah pozulmuşdur. İddiaçı ayrılan zaman Cavabdeh uşaqların saxlanması ilə bağlı aliment tələb etməmişdir. Belə ki, onun uşaqlarının saxlanmasından imtina etməsini heç düşünməmişdir. İddiaçı rəsmi ayrılan zaman aliment tələb etməmişdir. Lakin artıq uzun zamandır ki, Cavabdeh nə uşaqlarının saxlanmasına köməklik edir, nə də uşaqları ilə maraqlanır. Ona da köməksiz övladlarını saxlamaq çox çətindir. Artıq onlar böyüyür və ehtiyacları da artır. Tək qadın kimi köməksiz bütün ehtiyacların öhdəsindən gəlməyə artıq gücü qalmadığından aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ərizə təqdim edərək, Cavabdeh birgə nikahdan doğulmuş uşaqların saxlanılmaları üçün hər ay 500 manat məbləğində alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə:

a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 30 noyabr 2022-ci il tarixində verilmiş AZ-İ seriyalı, 428875 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Rafael oğlu ilə İddiaçı arasında arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021ci il tarixdə 173 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına İsmayılova soyadı verilmişdir.

8. İş materiallarında olan Sumqayıt Şəhər VVADQ şöbəsi tərəfindən 29 dekabr 2007-ci il tarixində verilmiş AZ-İİ № 034151 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 23 dekabr 2007-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh Rafael oğlu, anası İddiaçıdır.

9. İş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən 08 sentyabr 2009-cu il tarixində verilmiş AZ-İİ № 313557 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 20 avqust 2009-cu il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh Rafael oğlu, anası İddiaçıdır.

10. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 23 sentyabr 2016-cı il tarixində verilmiş AZ-İİİ № 831480 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 23 may 2013-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

12. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “bələdçi” vəzifəsində işləyir və onun vəzifə maaşı 550 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 15 yanvar 2007-ci il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan üç övladları olmuşdur. Sonradan tərəflər arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında qalırlar. İddiaçı birgə nikahdan olan uşaqların saxlanılmaları üçün aliment tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

18. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

19. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh övladları X1, X3 və X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 495 (dörd yüz doxsan beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

20. Belə ki, iddiaçı hər ay sabit pul məbləğində 660 manat miqdarında alimentin tutulmasını tələb etsə də, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu və cavabdehin zəruri imkanlara malik olmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. 21.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

22. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 01 fevral 2023cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 01 fevral 2023-cü il tarixindən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 165 (bir yüz altmış beş) manat olmaqla, ümumilikdə 495 (dörd yüz doxsan beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

24. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

25. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

26. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. Eyni Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

28. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yanlız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 01 fevral 2023-cü il tarixindən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 495 (dörd yüz doxsan beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar