Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-162/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət hüququnun məhdudlaşdırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə övladı xx.xx.2021ci il təvəllüdlü X4 oğlunun ünsiyyətdə olma hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, xx.xx.2021-ci il təvəllüdlü X4 oğlu ilə atası Cavabdeh uşağın anası İddiaçı iştirakı ilə hər ayın ilk bazar günü saat 11:00-dan 13:00-dək uşağın yaşayış yeri üzrə mənzil şəraitində ünsiyyətdə olmaq hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış rəsmi nikaha Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xitam verilmiş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü X5 oğlu onun himayəsində saxlanılmışdır. Daha sonra cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2021-ci il təvəllüdlü X5 oğlu ilə ünsiyyətdə olmaq tələbi ilə bağlı Bakı şəhər Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və Binəqədi Rayon Məhkəməsinin 2(001)-4824/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü X5 oğlunun 3 (üç) yaşına çatanadək onun iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan saat l4:00-dək mənzil şəraitindən kənar, övladı 3 (üç) yaşına çatandan sonra isə sərbəst şəkildə, Cavabdeh özünün müəyyən edəcəyi məkanda, onun iştirakı olmadan hər həftənin bazar günü saat 1l:00-dan saat 19:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. O da bilir ki, uşağın atası ilə ünsiyyət hüququ vardır. Lakin, cavabdeh azyaşlı, südəmər övladı ilə görüş zamanı səsini qaldırır, qapını möhkəm çırpır, özünü normal şəkildə idarə edə bilmir. Buna görə də südəmər, körpə uşaqda qorxu, stres, həyəcan hissi və diksinmələrin yaranmasına səbəb olur. Cavabdehlə ünsiyyətdə olmaq südəmər, körpə uşağın psixologiyasına mənfi təsir göstərir. Cavabdeh çox aqressiv, əsəbidir. Cavabdehin psixi durumu normal deyildir. Cavabdeh hətta uşağı qaçıracağını və ona göstərməyəcəyini dəfələrlə bildirmişdir. Bu səbəbdən övladı üçün, uşağın sağlamlığı, gələcəyi üçün olduqca narahatdır. Azyaşlı, körpə uşağın o cür ata ilə ünsiyyətə cəlb olunması, atanın bu davranışları uşağın tərbiyəsinə, mənafeyinə tamamilə ziddir. Hesab edir ki, Cavabdeh uşağın psixi inkişafına mənfi təsir edir və buna görə də uşaqla ünsiyyətinə müvəqqəti məhdudiyyət qoyulmalıdır. İddiaçı və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdilər və onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, o, uşağı çox istəyir, ona bir ata kimi, valideyn kimi qayğısına qalmağa çalışır. Vaxtında alimenti ödəyir. Odur ki, iddia əsassızdır. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X4 oğlu adlı övladları vardır. - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-565/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X4 oğlunun ananın yanında qalması və Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə qədər tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat, xx.xx.2022-ci il tarixdən başlayaraq isə 193 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4824/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh övladı - xx.xx.2021-ci il təvəllüdlü X5 oğlu ilə uşaq 3 (üç) yaşına çatanadək ananın iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan saat l4:00-dək mənzil şəraitindən kənar, xx.xx.2021-ci il təvəllüdlü X5 oğlu 3 (üç) yaşına çatandan sonra isə sərbəst şəkildə, Cavabdeh özünün müəyyən edəcəyi məkanda, ananın iştirakı olmadan hər həftənin bazar günü saat 1l:00-dan saat 19:00-dək ünsiyyətdə olmaq (görüş) hüququ verilmişdir. - Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 488 №-li, xx.xx.2023-cü il tarixli rəyi ilə göndərilən müayinə aktından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşayır. Mənzildə Cavabdeh ilə birgə anası – 1960-cı il təvəllüdlü X2, qardaşları – 1982-ci il təvəllüdlü X1 və 1986-cı il təvəllüdlü X6 yaşayır. Mənzildə yaşayan şəxslər uşağın onlarla ünsiyyətinə etirazı olmadıqlarını, onu çox sevdiklərini bildirmişlər. Ailə səmimi, mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan bir uşaq doğulmuşdur. xx.xx.2022ci il tarixli məhkəmə qətnaməsi ilə həmin nikah pozulmuş, cavabdehdən uşağın saxlanılması alimentin tutulması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə ataya uşaqla ünsiyyətdə olmaq hüququ verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 488 №-li, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Komissiya Cavabdeh övladı xx.xx.2021-ci il təvəllüdlü X5 oğlu ilə ünsiyyət müddətinin azaldılmasını məqsədəuyğun hesab etmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir; Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Bu Məcəllənin 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 11490-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarına əsasən, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenumunun 28 oktyabr 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, “Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir.” BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsində görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh atalıq hüququndan məhrum edilməmiş, onun övladı üzərində atalıq hüququnu həyata keçirmək hüququ vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin konstitusion hüquqları müdafiə edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı cavabdehin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirdiyini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət hüququnun məhdudlaşdırılması tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət hüququnun məhdudlaşdırılmasına dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-162/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-162/2024
13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver