Məhkəmə qərarları › İş №2(060)-1620/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1620/2021

13.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1620/2021 13.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Məhkəməsinin 2(012)-3019/2019 saylı qətnaməsi ilə müəyyən olunan hər ay 2 uşağın saxlanılması üçün cəmi 320 manat məbləğində alimentin ondan tutularaq Cavabdeh xeyrinə ödənilməsi öhdəliyindən azad edilməsi, aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 4480 manat məbləğində aliment borcundan azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 ilə xx.xx.2013-cü ildə nikah bağlayaraq ailə qurmuşdur. Nikahdan 2 övladları dünyaya gəlmişdir. O, Cavabdeh qarşı “nikahın pozulması tələbinə dair” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, lakin, nikahın pozulması baş tutmamış, mülki iş baxılmamış saxlanılmışdır. Daha sonra Cavabdeh “aliment” tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3019/2019 saylı qətnaməsi ilə onun iddiası təmin edilmiş, hər ay 2 uşağın saxlanılması üçün cəmi 320 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. O, cavabdehlə faktiki olaraq birlikdə yaşayır və uşaqların saxlanılmasında iştirak edir. Buna baxmayaraq, ondan uşaqların saxlanılmasına görə əlavə olaraq alimentin tutulması hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçi iddia tələbini müdafiə edərək oxşar məzmunda uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, silinməsini tələb etdiyi borc 2019cu ilin iyul ayından 2020-ci ilin oktyabr ayına qədər yığılan borc məbləğidir. Belə ki, həmin müddət ərzində cavabdehlə faktiki birlikdə yaşayaraq birgə nikahdan olan uşaqların tələbatlarını ödəmişdir. Cavabdeh ondan bu səbəbdən aliment tələb etməmişdir. Lakin icra şöbəsinə məlumat verilmədiyindən, həmin dövr üçün mübahisələndirilən borc məbləği yaranmışdır. Hazırda ondan aliment borcunun ödənilməsi tələb olunur. Lakin o, bunu əsassız hesab edir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ilə bir evdə yaşamaları məhkəmə qətnaməsi ilə onun həmin evə istifadə hüququnun tanınması və evə köçürülməsi əsasında mümkün olmuşdur. Bir evdə yaşamaları iddiaçı tərəfindən uşaqların təminatının ödənilməsi demək deyil. İddiaçı uşaqların təminatları ilə maraqlanmayıb, heç bir köməklik göstərməmişdir. O, özü uşaqların maddi təminatlarını qarşılamışdır. İddiaçı 2017-ci ildən heç bir yerdə işləmədiyi halda uşaqların təminatını necə ödəyə bilərdi, bu hal iddiaçının məhkəməyə doğru izahat vermədiyini təsdiq edir. İddiaçının göstərdikləri həqiqətə uyğun deyil. Cavabdehlə birgə təsərrüfat aparmayıblar, əgər belə olsaydı o, aliment tələbinin olmaması barədə ərizə ilə icra şöbəsinə müraciət edərdi. Onun anası xəstə olduğundan ona qulluq edilməsi ilə bağlı məşğul olmuş, bu müddət ərzində alimentin ödənilməsi ilə bağlı tədbir görülməsini tələb etməmişdir. Lakin, hazırda alimenti tələb edir. Qeyd olunanlara əsasən iddianı əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Abşeron rayon Məhkəməsinin 2(012)-4774/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə ilkin iddia üzrə iddia tələbi təmin edilmiş, İddiaçı və Cavabdeh arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən bağlanmış xx.xx.2013-cü il tarixli, 76 nömrə ilə qeyd edilmiş rəsmi nikahın pozulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment tələbinə” dair qarşılıqlı iddia üzrə iddia tələbinin qismən təmin edilməsi, xx xxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3019/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahdan iki övladının olması, tərəflər arasında nikahın pozulması, uşaqların saxlanılmaları üçün iş üzrə iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin bildirişindən görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3019/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 4480 manat aliment borcu vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 107.2-ci maddəyə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İlk növbədə məhkəmə qeyd edir ki, aliment üzrə borc dedikdə, məhkəmə qətnaməsi və ya aliment ödənilməsi barədə sazişlə faktiki ödənilmədiyi üçün yığılıb qalan borclar başa düşülür. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici aliment borcundan azad olunmanın əsaslarını müəyyən etməklə şəxsin borcdan azad olunmasını istisna etmir. Göründüyü kimi, iddiaçı cavabdehlə bir evdə yaşayaraq birgə nikahdan olan uşaqların saxlanılması üçün ödənişlər etməsinə istinad edərək iddianın təmin edilməsini tələb edir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, İddiaçı iddiasının əsası kimi göstərdiklərini məhkəmədə sübuta yetirə bilmədi. İddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri, birgə nikahdan olan uşaqların tələbatlarının təmin edilməsi üçün ödənişlər etməsi yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Belə ki, cavabdehin izahatından da göründüyü kimi, nikahın pozulmasına baxmayaraq tərəflərin bir evdə yaşamaları mübahisə olunmayan haldır. Lakin, tərəflərin birgə evdə yaşamaları onların birgə təsərrüfat idarə etmələri və uşaqların təminatının iddiaçı tərəfindən ödənilməsi anlamına gəlməyinə əsas vermir. Məhkəmə hesab edir ki, iddiaçının uşaqların maddi tələbatlarını ödəməsi və bu səbəbdən cavabdehlə ümumi razılıq əsasında aliment ödəməməsi ilə bağlı olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia sübut yetirilmədiyindən rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.217.4cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar