Məhkəmə qərarları › İş №2(060)-1672/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1672/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1672/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi-qızı Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinədair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2008ci ildə anadan olmuş qızı X1 üçün cavabeh Cavabdeh 235 manat aliment tutularaq iddiaçıya ödənilməsi, məhkəmədə ödənilməli olan dövlət rüsumu və mediasiya xərclərinin ona aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı,xx.xx.2007-ci ildə Cavabdeh ilə Sumqayıt şəhərində rəsmi nikaha girmiş, onların xx.xx.2008-ci ildə X3 adında qız övladı vardır. Cavabdeh iddiaçını Sumqayıt şəhəri,18-ci mkr,ev-21,mən-36-ya arvadı kimi köçürmüş və 2023-cü ilin iyun ayına qədər iddiaçı həmin mənzildə onunla birgə yaşayaraq birgə təsərrüfat idarə etmişlər. İddiaçı Cavabdeh ikinci evliliyindən olan arvadıdır. Birinci evliliyindən olan arvadı ölmüşdür. Birinci ailə münasibətlərindən cavabdehin Adilə və Mehman adında oğlu vardır. Oğlu ailə qursa da, arvadından boşanmışdır. Qızı Fəridə 2015-ci ildə Türkiyəyə gedib orada yaşamış,2022-ci ildə ölkəyə gəlmişdir və hamısı 5 bir ünvanda, üç otaqlı mənzildə yaşamışlar. Ərinin Adilə adlı qızı ölkəyə gələnədək çətinliklə olsa da yola getmişlər. Ərinin oğlu Mehman spirtli içki qəbul edib evdə iddiaçıya qarşı kobudluq etmişdir. Cavabdeh 2008-ci ildən yataq xəstəsi olduğundan ona arvadı kimi iddiaçı özü qulluq etmişdir. 2023-cü ilin iyul ayında iddiaçını və qızı Əsməri gecəyarısı yaşadıqları mənzildən bayıra atıb, evdən qovmuşlar. Qızı Əsmər həmin evdə qeydiyyatdadır, iddiaçı isə həmin evdə qeydiyyatda deyildir. İddiaçı 15 yaşlı qızı ilə məcbur olub kirayədə yaşayan digər qızının evində qalır. Qızının saxlanması üçün atası tərəfindən heç bir vəsait ödənilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-qızı Nümayəndə idia tələbini qəbul etməyərək bildirdi ki, atası 1-ci dərəcəli əlildir və yataq xəstəsidir. 550 manat pensiya alır ki, bu da onun iynə-dərmanına ancaq bəs edir. İddiaçı tərəflərindən mənzildən qovulmamışdır, əksinə özü çıxıb getmişdir. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: MŞS-MT030-2024-00132saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İlkin mediasiya sessiyasında iştirak etmiş, sessiyanın keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci İddiaçı ödəmişdir. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər VADQ şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 507 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin xx.xx.2008-ci təvəllüdlü X3 adlı bir övladı vardır. “Azemis” Elektron məhkəmə informasiya sisteminə edilmiş sorğunun nəticəsinə əsasən Cavabdeh gəlir məlumatlarından görünür ki, o, 593,3 manat pensiya alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2007-ci ildə nikaha daxil olaraq ailə qurmuş, onların xx.xx.2008-ci təvəllüdlü X3 adlı bir övladı doğulmuşdur. İddiaçı iddia edir ki, onu və qızını cavabdehin birinci evliliyi zamanı doğulan övladları evdən qovmuşlar. Hazırda kirayədə yaşayır. Cavabdeh ata kimi uşağının maddi ehtiyaclarını ödəmir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə iddianın yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, mediasiya xərci olaraq ödənilmiş 50 manatın əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 2400 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 44 manat dövlət rüsumu təşkil edir, həmin məbləğin 50 manatı mediasiya xərci kimi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci olaraq ödənilmiş 50 manatın əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar