Məhkəmə qərarları › İş №2(060)-1686/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1686/2021

02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1686/2021 02.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Birinci iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh İddiaçı qızının, Birinci iddia üzrə cavabdeh, birləşdirilən iddia üzrə iddiaçı X3 və vəkili X1 iştirakları ilə, Birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı “uşaqların himayədə qalması və aliment” tələbinə dair, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair birləşdirilən iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı “uşaqların himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 28.03.2009-cu il təvəllüdlü X2 və 11.01.2011-ci il təvəllüdlü X4 onun yanında qalmaları və cavabdehdən uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment və 11.01.2011-ci il təvəllüdlü X4 müalicəsi üçün hər ay 200 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.12.2007-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahdan iki övladları 28.03.2009-cu il təvəllüdlü X7 və 11.01.2011-ci il təvəllüdlü X9 olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da sonradan münasibətlər pisləşmiş, ailə faktiki olaraq dağılmışdır. Hal-hazırda aralarındakı nikahın pozulması və aliment tələbinə dair mülki iş Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Ayrı yaşadıqları müddətdə uşaqlar onunla qalıb, bu müddəət ərzində cavabdeh uşaqların saxlanılmasında heç bir maddi yardım göstərməyib. Qızı Məryəm anadangəlmə iflic xəstəliyindən əziyyət çəkir. Uşaqların saxlanılması xərcərini, eləcə də Məryəmin müalicə xərclərini qarşılamağa çətinlik çəkir. Odur ki, iddia olunan məbləğdə aliment ödənilməsini tələb edir. Cavabdehin bu məbləği ödəməyə imkanı vardır, belə ki, hərbiçidir, hər ay 2000 manat əmək haqqı alır. 08 yanvar 2021-ci il tarixdə iddiaçı X10 cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında 01 dekabr 2007-ci ildə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 01 dekabr 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Rəsmi nikahdan 28 mart 2009-cu il təvəllüdlü X7 və 11 yanvar 2011-ci il təvəllüdlü X9 anadan olmuşdur. Bir ilə yaxındır ki, ayrı yaşayırlar. Ərarvad münasibətləri artıq mövcud deyildir, nikahları formal xarakter daşıyır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1676/2021 saylı, 04 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair mülki işlə İddiaçı cavabdeh X5 qarşı “uşağın himayədə qalması və aliment” tələbinə dair iddiası üzrə 2(060)-1686/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və birinci iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, nikahın pozulmasına razı deyil, ailəsinin dağılmasını istəmir. Həmçinin bildirdi ki, məhkəmə tərəfindən verilmiş müddətdə barışıq əldə olunmamışdır. Xeyli müddətdir ki, Cavabdehla birgə təsərrüfat aparmırlar. O, uşaqları ilə birgə Eminin atasıgillə birlikdə yaşayır. Emin onlarla birgə yaşamır. Cavabdehla faktiki ayrıldıqları vaxtdan uşaqların təlabatını, ərzaq təminatını Eminin atası qarşılayır. Həmin xərclərin kimin vəsaiti hesabına ödənildiyini bilmir. Qızı Məryəm anadan olduğu vaxtdan skalioz xəstəliyindən əziyyət çəkir. İl ərzində davamlı olaraq, yəni iki aydan bir müalicə kursu – massaj, idman dərsləri – götürməlidir və bu müalicə uşağın 18 yaşınadək olmalıdır. Hər dəfə müalicə kursu götürərkən təxminən 100 manata yaxın vəsait xərcləyir. O, uşaqlara qulluq edilməsi ilə əlaqədar işləmir və uşaqların təminatının ödənilməsində ona atası kömək edir. Qeyd olunanların nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə cavabdeh, birləşdirilən iddia üzrə iddiaçı izahatında göstərdi ki, verilmiş üç ay müddətdə barışığa gəlməmişlər, nikahın pozulmasında təkid edir. Boşanmadan sonra uşaqların ananın yanında saxlanılmasına etirazı yoxdur. Həmçinin göstərdi ki, birinci iddia tələbininin alimentə dair hissəsini qəbul edir, yəni birgə nikahdan olan uşaqların saxlanılması üçün qazancının 1/3 hissəsi miqdarında aliment tutulmasına razıdır. O, hərbiçidir və aylıq əmək haqqı 1800 manat təhkil edir. Lakin müalicə xərcləri ilə bağlı olan hissədə tələbi əsassız hesab edir və qəbul etmir. Bildirir ki, qızı Məryəm nə ağır xəstə, nə də ki, şikəst deyildir. Anadan doğularkən bir ayağında müəyyən problem olsa da hər il 2 dəfə poliklinikada fizioterapiya qaydasında müalicə almaqla demək olar ki, problemi aradan çıxmış, o, sərbəst qaçır, oynayır və özündə heç bir qüsur hiss etmir. Qızı heç bir xəstəxana və sanatoriyada müalicə almayıb və buna ehtiyacı yoxdur. Onun müalicəsi dövlət poliklinikasında yarım saatlıq fizioterapeya alması olmuş, bu da ödənişsiz həyata keçirilirmişdir. Tutulacaq alimentin miqdarı hər ay təxminən 500-600 manat təşkil edəcəkdir, bu pulla uşaqların istənilən tələbatını ödəmək mümkündür. Uşaqlar indiyə kimi onun ata-anasının yanında yaşayırlar, o, hər ay atasına uşaqların təminatını ödəməsi üçün pul göndərmişdir, yemək-içməklərini valideynləri təmin edirlər. Odur ki, alimentin əvəllinin məhkəmə qətnaməsi çıxdığı tarixdən tutulmasını qanuni hesab edir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən birləşdirilən iddia üzrə iddiaçının vəkili onun göstərdiklərini müdafiə etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci iddia qismən təmin, birləşdirilən iddia isə təmin edilməlidir. Mülki iş materiallarında olan: AZ-İ seriyalı, 373429 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında Sumqayıt şəhər Nikah evində 01 dekabr 2007-ci il tarixdə 2022 nömrəli akt qeydi ilə nikah bağlanmış, qadına Əkbərova soyadı verilmşdir. AZ-İİİ seriyalı, 248663 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 28.03.2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı dır. AZ-İİ seriyalı, 600634 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 11.01.2011-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 01 dekabr 2007-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Hazırda tərəflər ər-arvad münasibətlərini faktiki olaraq kəsmişlər, nikah formal xarakter daşıyır. Birgə nikahdan olan uşaqlar ananın yanında qalırlar. Məhkəmə tərəfindən verilmiş müddətdə tərəflər barışmamışlar, birləşdirilən iddia üzrə iddiaçı nikahın pozulmasında təkid edir. Birici iddia üzrə iddiaçı uşaqların onun yanında saxlanılmasını və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2, 20.1, 20.2-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, verilmiş müddət ərzində tərəflər barışmadıqlarından və iddiaçı nikahın pozulmasında təkid etdiyindən Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər nikah evində 01 dekabr 2007-ci il tarixdə 2022 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağının müəyyən edilməsidir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları nəzərə almaqla həll edir. Məhkəmə, uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı tərəflər arasında qarşılıqlı razılığı nəzərə alaraq hesab edir ki, boşanmadan sonra birgə nikahdan olan uşaqlar ananın yanında qalmalıdırlar. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağının müəyyən edilməsidir. 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə – qazancın (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulur. Məhkəmə hesab edir ki, valideynlər uşağı saxlamağa borclu olduğundan birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalı, alimentin miqdarı cavabdeh tərəfindən etiraf nəzərə alınaraq Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Lakin, məhkəmə araşıdrması zamanı işin müəyyən edilmiş faktiki hallarından tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan göründüyü kimi, tərəflər faktiki olaraq ayrı yaşadıqları müddətdən hazırki vaxtadək İddiaçı uşaqları ilə birgə Cavabdeh valideynləri ilə birlikdə yaşayır və uşaqların təminatı Cavabdeh tərəfindən ödənilmişdir. Bu qeyd olunanlara əsasən məhkəmə alimentin 02 avqust 2021-ci il tarixdən hesablanmasını hər iki tərəfə münasibətdə qanuni və ədalətli hesab edir. Məhkəmə birinci iddia tələbinin “müalicə xərcləri tutulması” hissəsində əsassız hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsisə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə birinci iddia tələbinin “müalicə xərcləri tutulması” hissəsi ilə bağlı qeyd edir ki, işin mübahisə olunmayan halı kimi müəyyən edildi ki, tərəflərin birgə nikahlarından olan qızları «onurğa sütunun skaliozu» xəstəlikdən əziyyət çəkir. İddiaçı tərəf qızın müalicəsi üçün hər ay 200 manat tutulmasını xahiş etsə də, tərəflərin izahatından göründüyü kimi uşağın əziyyət çəkdiyi xəstəliyin müalicəsi 2 aydan bir aparılır və işə əlavə olunmuş qəbzlərdən görünür ki, aparılan müalicənin xərci təxminən 20-40 manat həcmində təşkil edir. Məhkəmə hesab edir ki, sözügedən müalicələrin həyata keçirilməsi üçün cüzi miqdarda xərc tələb olunduğundan və cavabdehdən tutulması müəyyən edilən alimentin miqdarı (qazancının 1/3 hissəsi) həm də həmin xərcləri qarşılamaq üçün yetərlidir. Məhkəmə cavabdehin əmlak mənafeyini, uşaqların saxlanılmasının hər iki valideyinin vəzifəsi olması barədə qanunvericiliyin göstərişlərini, o cümlədən Ailə Məcəlləsinin 81-ci maddəsinin göstərişlərinə uyğun olaraq uşağın ağır xəstə, şikəst olmaması, qeyd olunan xəstəliyin ağır xəstəlik olmaması ilə bağlı halları nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 119-cu maddəsinə əsasən birləşdirilən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Birinci iddia üzrə iddiaçı dövlət rüsumu ödənilməsindən azad edildiyindən 30 manat cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı “uşaqların himayədə qalması və aliment” tələbinə dair iddiası qismən təmin edilsin. Birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər nikah evində 01 dekabr 2007-ci il tarixdə 2022 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Birgə nikahdan olan 28.03.2009-cu il təvəllüdlü X7 və 11.01.2011-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında qalsınlar. 02 avqust 2021-ci il tarixdən başlayaraq 28.03.2009-cu il təvəllüdlü X2 və 11.01.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Birinci iddia qalan hissədə təmin edilməsin. Birinci iddia üzrə Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Birləşdirilən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar