Məhkəmə qərarları › İş №2(060)-1689/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1689/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1689/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “aliment üzrə borcları ödəməkdən tamamilə azad edilmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “aliment üzrə borcları ödəməkdən tamamilə azad edilmə tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7453/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən onun aliment üzrə borclarını ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, X3 ilə xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikah Sumqayıt şəhər Nikah Evində xx.xx.1993-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1079 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.1996-ci il təvəllüdlü X7 və xx.xx.2002-ci il təvəllüdlü X8 adlı iki övladları anadan olmuşdur. xx.xx.1996-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatmış, xx.xx.2002-ci il təvəllüdlü X8 isə hələ yetkinlik yaşına çatmamışdır. Ailə qurduqdan bir müddət sonra cavabdehlə aralarındakı ailə münasibətləri pisləşmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 7453/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, onunla X3 arasında Sumqayıt şəhər Nikah evində xx.xx.1993-cü il tarixdə bağlanmış, 1079 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anası X1 yanında qalması, xx xxxx 2018-ci il tarixdən etibarən xx.xx.2002-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 100 manat miqdarında alimentin ondan tutularaq X2 verilməsi qət edilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsi “xxxx” MMC-və ünvanlanmış xx.xx.2020-ci il tarixli, 7837/39 nömrəli məktubda deyilir ki, “Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7453/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2018-ci ii tarixdən başlayaraq, 12.11 2002-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmalıdır. Təklif olunur ki, 2200 manat məbləğində aliment borcu ödənilənədək (cari aliment borcu ödənilən dövrdə yaranacaq olan aylıq aliment borcu da nəzərə alınmaqla) borclu onun əmək haqqından hər ay 70% borc tutulduqdan sonra hər ay 100 manat sabit pul məbləğində aliment Cavabdeh hesabına köçürülməsini təmin edəsiniz. İcra sənədinin icra edilməsi üçün gördüyünüz tədbirlər haqqında dərhal Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məlumat verilməlidir. İcra sənədi icra olunduqdan sonra icra sənədində tutulmalar haqqında qeydiyyat aparılmalı və icra sənədi idarənin möhürü ilə təsdiq edildikdən sonra Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılmalıdır. Əlavə olaraq bildirir ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50%-dən çox ola bilməz. Həmin qanunun 65.2-ci maddəsinə əsasən tələb bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50%-i borcluda qalmalıdır. Eyni zamanda alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Həmçinin tələbkarların tələblərinin təmin edilməsinin növbəliliyi yuxarıda qeyd olunan Qanunun 75-ci maddəsinin tələblərinə uyğun həyata keçirilməlidir. Göründüyü kimi, onun AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xxxx vasitəsi ilə əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunaraq ayda 220-240 manat məbləğində əmək haqqı aldığı və başqa heç bir qazanca (gəlirə) malik olmadığı Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məlum olduğu halda onların “xxxx” MMC-yə rəsmi məktubla müraciət edərək, aldığı ümumi əmək haqqının 70 faizinin aliment öhdəliyinə və aliment üzrə borca yönəldilməsini təklif etməsi və əmək haqqından 70 faiz məbləğində pulun tutulması tamamilə qanunsuz və əsassız hərəkətlərdir. Belə ki, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” 1699- VQ №-li, xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək Qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Borcun bu cür müəyyən edilməsi onun marağını əhəmiyyətli dərəcədə pozmuşdur və buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Əslində aliment üzrə borcunun yaranmasının əsas səbəbləri ondan ibarətdir ki, tələbkar ilə onun arasında onun yaşına və səhhətində yaranan problemlərə və buna görə də yaşına, səhhətinə və əmək qabiliyyətinə uyğun müvafiq iş yeri tapa bilmədiyinə görə daimi və yüksək maaşlı işinin olmaması səbəbindən və birgə yaşadığı evdə daimi mübahisələrin yaranması üzündən belə bir razılaşma əldə edilmişdir ki, tələbkar ondan aliment tələb etməyəcək, əvəzində tələbkar ona Sumqayıt şəhərində olan yataqxanalardan birində daimi yaşamaq və qalmaq üçün onun adına qeydə alınmış mənzil alacaq və o, isə qeydiyyatda olduğu və yaşadığı və birgə nikah dövründə əldə edilmiş evdən çıxacaqdır. Ona görə də, tələbkar 2 ilə yaxın müddətdə alimentin ödənilməməsi üzündən heç bir dəfə də olsun icra orqanına şikayət etməmiş və nəticədə onun aliment borcunun məbləğinin həddən çox böyüməsinə səbəb olmuşdur. Göründüyü kimi, onun yüksək məbləğdə aliment borcunun yaranmasının əsas və yeganə səbəbkarı tələbkar olmuşdur və tələbkarın onu aldatması nəticəsində çox yüksək məbləğdə borc yaranmışdır. Aliment borcu xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyinə, ailə və maddi vəziyyəti bu borcları ödəməyə imkan vermədiyinə, məhkəmə onu aliment borcunu ödəməkdən tamamilə və ya qismən azad edə bilər. O, tələbkarın onu evdən çıxarmaq istəməsinə və buna görə də onu daim təhqir etməsinə və onu münaqişəyə çəkmək istəməsinə görə polis orqanına şikayət etdikdən və birgə nikah dövründə əvəzli və əvəzsiz əqdlər üzrə əldə edilmiş ər-arvadın ümumi birgə əmlakının bölünməsi və həmin əmlakda ər-arvadın paylarının müəyyən edilməsi tələbinə dair” iddia ərzəsi ilə məhkəməyə müraciət etdikdən sonra icra orqanına şikayət etmişdir. Məlumat üçün bildirir ki, xx.xx.2002-ci il təvəllüdlü X8 artıq xx.xx.2020-ci ildə yetkinlik yaşına çatmışdır və artıq onun Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7453/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2018-ci ii tarixdən başlayaraq, 12.11 2002-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmasına dair aliment öhdəliyinə xitam verilmişdir. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən “xxxx” MMC-və ünvanlanmış xx.xx.2020-ci il tarixli, 7837/39 nömrəli məktubundan sonra onun iş yeri üzrə əmək haqqından 5 ay müddətində 2020-ci ilin iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında, hər ay 172 manat olmaqla, 860 manat pul tutularaq tələbkara ödənilmişdir və 860 manat pulun 500 manatı hər ay ödənilməli olan 100 manat məbləğində alimentə, 360 manatı isə onun aliment borcuna hesablanmışdır. 2200 manat məbləğində aliment borcundan bu günədək 360 manat məbləğində pul ödənilmişdir və hal-hazırda cəmi aliment borcu 1840 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İddiaçı Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7453/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən onun aliment üzrə borclarını ödəməkdən azad edilməsini məhkəmədən xahiş etsə də, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən onun xəstəliyi və aliment borcunun digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyinin müəyyən edilməsi halı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X2 qarşı “aliment üzrə borcları ödəməkdən tamamilə azad edilmə tələbinə” dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı “aliment üzrə borcları ödəməkdən tamamilə azad edilmə tələbinə” dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar