Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1730/2021 22.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 370 manat sığorta ödənişi məbləğinin, 1700 manat işlərin görülməsi xərcinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2100 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X3 arasında 19.12.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Man 32FLT Yük” markalı, **- CK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 03.01.2020-ci il tarixdə “Man 32FLT Yük” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Quba yolunun 9-cu km-liyində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Hyundai Grandeur” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan sığorta hadisəsinə görə iddiaçı 370 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. BDYPİ-dən daxil olmuş 14.02.2020-ci il tarixli məktubdan görünür ki, cavabdehin hadisə baş verən vaxt sürücülük hüququ olmamışdır. Bu səbəbdən iddiaçının subroqasiya hüququ yaranmışdır. İddiaçı tərəfindən cavabdehin ünvanına 19.11.2020-ci il tarixli, AS-SHTD-20/509 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi bu günədək ödənilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə göndərdiyi ərizəsində işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o həqiqətən yol-nəqliyyat hadisəsini törətmişdir. İddiaçı bunun üçün 370 manat sığorta ödənişi etmişdir. Lakin, iddiaçı 1700 manat məbləğində pul tələb edir ki, həmin məbləğin nədən yarandığı məlum deyil. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, cavabdeh xx.xx.1988-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. 19.12.2019-cu il tarixli, PAA********** saylı sığorta müqaviləsinə əsasən **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 1 il müddətinə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası formasında sığorta olunmuşdur. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinə əsasən “Man 32FLT Yük” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3, “Hyundai Grandeur” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. Baş Dövlət Yol Polis İdarəsinin 18.01.2020-ci il tarixli, 016-5086-1220 nömrəli arayışı ilə müəyyən edilir ki, mülkiyyətçisi X3, hadisə baş verən anda sürücüsü Cavabdeh olan “Man 32FLT Yük” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə 03.01.2020ci il tarixində yol-nəqliyyat (toqquşma) hadisəsi törədilmişdir. Nəticədə mülkiyyətçisi X2, hadisə törədilən zamanı sürücüsü X6 olan “Hyundai Grandeur” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İnzibati tənbeh vermə haqqında 18.01.2020-ci il tarixli qərarla cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş akta əsasən “Hyundai Grandeur” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 370 manat müəyyən edilmişdir. 10.02.2018-ci il tarixli sığorta aktına əsasən hesablanmış sığorta ödənişinin məbləği 370 manat təşkil etmişdir. 12.02.2020-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı X4 370 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 907964 saylı və 990326 saylı etibarnamələrin surətlərindən görünür ki, “Man 32FLT Yük” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması X3 tərəfindən cavabdehə 02.11.2026-cı il tarixədək, “Hyundai Grandeur” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması X2 tərəfindən X4 15.09.2020-ci il tarixədək etibar edilmişdir. İddiaçı cavabdehə göndərilmiş 19.11.2020-ci il tarixli subroqasiya məktubunda ödədiyi 370 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsini tələb etmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. AR BDYPİ-nin 14.02.2020-ci il tarixli, 016-14972-1220 saylı məktubunda cavabdehin 03.10.2019-cu il tarixdə 03.04.2020-ci il tarixədək müddətə (6 ay) sürücülük hüququndan məhrum edildiyi göstərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3442/2019 saylı, 23.01.2020-ci il tarixli qərardadı ilə cavabdehin 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3442/2019 saylı, 03.10.2019-cu il tarixli qərarına xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). İşin mübahisəsiz hallarından göründüyü kimi “Man 32FLT Yük” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən mülki məsuliyyətin sığortası qaydasında sığortalanmışdır. Cavabdeh həmin avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Hyundai Grandeur” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. İddiaçı bununla bağlı 370 manat sığorta ödənişi həyata keçirmişdir. Hazırda iddiaçı həmin məbləği subroqasiya qaydasında cavabdehdən tələb edir. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Göründüyü kimi subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). Beləliklə, müəyyən olunur ki, cavabdeh vurulmuş ziyana görə mülki məsuliyyət daşımalı olan şəxsdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. İşin mübahisəsiz halları ilə müəyyən edilir məlum yol-nəqliyyat hadisəsi baş verərəkən cavabdehin sürücülük hüququ məhdudlaşdırılmışdı. Yəni, cavabdeh yuxarıda qeyd edilən qərara əsasən sürücülük hüququ olmayan şəxs hesab olunur. Bu səbəbdən iddiaçı ona qarşı subroqasiya tələbi irəli sürməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia tələbi 370 manat sığorta ödənişi məbləğinin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). İddiaçı iddia ərizəsində işlərin görülməsi üçün xərclənmiş 1700 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və həmin tələbin yaranma əsasını izah edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 370 (üç yüz yetmiş) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manatı Cavabdeh tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1730/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1730/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver