Məhkəmə qərarları › İş №2(060)-1732/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1732/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1732/2024 02.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsinə, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 05 iyul 2010-cu il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Onların xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cu il təvəllüdlü X4 adlı iki övladı vardır. Qeyd edir ki, cavabdehlə ailə kimi bir yerdə yaşamışlar. Lakin sonralar xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pisləşmişdir. Bunun nəticəsində də hər gün aralarında söz-söhbət, dava- dalaş olmuşdur. Ailə faktiki olaraq dağılmışdır. Hal-hazırda uşaqlarını saxlamağa çətinlik çəkir, cavabdeh isə uşaqlara maddi cəhətdən kömək etməkdən imtina edir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, xəstədir və ayağı sınıqdır. Müalicələrinə lazım olan iynə-dərmanı maddi imkanına görə ala bilmir. Cəmi 250 manatdan artıq aliment ödəyə bilməyəcəkdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. İddiaçı cavabdehin etiraz ərizəsinə dair mülahizə yazaraq bildirmişdir ki, iddiaçının etirazında əks etdirdikləri həqiqətə uyğun deyil. O fərdi əməklə məşğuldur və aylıq gəliri 1500-2000 manat təşkil edir. 2013-cü ildən ayrı olmalarına baxmayaraq uşaqlarının saxlanılması üçün aliment ödəməmişdir. Uşaqların bütün təminatı həmin vaxtdan iddiaçının üzərindədir. Odur ki, etirazın əsassız olduğu nəzərə alınaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək, etirazın məzmununa uyğun izahat verdi, ümumilikdə 2 uşaq üçün 250 manat aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: MŞS/MT030/2023-02797 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. AZ-İ № 593945 Salı nikah haqqında şəhadətnamənin surətindən görünür ki Türkmənistan vətəndaşı İddiaçı ilə Cavabdeh arasında Bakı Nikah Evində xx.xx.2010-cu il tarixində nikah bağlanmış və həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1582 nömrəsi ilə qeyd edilmişdir. DYİ seriyalı 00***** №-li Azərbaycan Respublikasının ərazisində Daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixində Türkmənistanda doğulmuşdur, Türkmənistan vətəndaşıdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cu il təvəllüdlü X4 adlı iki övları vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Türkmənistan vətəndaşı İddiaçı ilə Cavabdeh arasında Bakı Nikah Evində xx.xx.2010-cu il tarixində nikaha daxil olaraq ailə qurmuşlar. Onların xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cu il təvəllüdlü X4 adlı iki övları vardır. Tərəflər arasında hələ də nikah olmasına baxmayaraq iddiaçı qeyd edir ki, 2023-cü ilin avqust ayından etibarən faktiki olaraq ayrılmışlar. O müddətdən etibarən cavabdeh uşaqlarının saxlanılmasında iştirak etməmiş, bugünədək aliment ödəməmişdir. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artır. İddiaçı təkbaşına uşaqlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbini qismən qəbul edərək, övladlarının saxlanılması üçün ümumilikdə 250 manatdan artıq məbləğdə aliment ödəyə bilməyəcəyini bildirir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə iddianın yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi hər ay üçün 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, mediasiya xərci olaraq ödənilmiş 50 manatın əvəzi Cavabdeh oğlundan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 4800 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 68 manat dövlət rüsumu təşkil edir, həmin məbləğin 50 manatı mediasiya xərci kimi cavabdehdən tutulduğu üçün, qalan 18 manat cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi hər ay üçün 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci olaraq ödənilmiş 50 manatın əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə ödənilməli olan 18 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar