Məhkəmə qərarları › İş №2(060)-175/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-175/2021

09.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-175/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər Mənzil Kommunal X2rşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı X1 İdarəsindən müalicə xərclərinin ödənilməsi üçün sərf olunan 2200 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı X1 İdarəsində 01 fevral 2017-ci ildən işləyir. 21 may 2017-ci ildə iş zamanı üzü üstə yıxılaraq huşunu itirmişdir. Aldığı xəsarət nəticəsində konversiv nevroz xəstəliyinə düçar olmuşdur. Xəsarət nəticəsində aldığı beyin silkələnməsinin əlamətləri hal-hazırda da davam edir. Daimi müalicəyə ehtiyacı vardır. İş zamanı xəsarət alması faktı cavabdeh tərəfindən verilmiş 05 iyul 2017-ci il tarixli “İstehsalatda bədbəxt hadisə haqqında” 01 saylı akt təsdiq edir. Həmin aktla cavabdeh tərəfindən onun iş zamanı xəsarət alması təsdiq edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh «Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı» İstehsalat Birliyinin nümayəndəsi X5 məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı Hacıyevə Zümrüd Xələf qızı Sumqayıt Şəhər Məhkəməsi qarşısında iddia qaldıraraq Sumqayıt şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı X1 idarəsində bağban kimi işləyərkən “Alman Parkı” adlanan ərazidə iş vaxtı yıxılaraq aldığı istehsalat zədəsi ilə əlaqədar dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Bununla əlaqədar olaraq bildirirlər ki, 21 may 2017-ci il tarixdə, saat 08:00 rədələrində idarənin sahə ustası X4 göstərişi ilə Z.Hacıyevə “Alman Parkı” adlanan ərazidə suvarma işi apararkən yıxılmış və üst dodağı zədələnmişdir. Lakin iddia ərizəsində baş beyin silkələnməsi, üst dodağın kəsilmiş sıyrılmış yarası olduğunu göstərsə də, dişlərinin sınması və ya zədələnməsi barədə tərtib olunmuş aktda heç nə göstərilməmişdir. “İmplant” X7 əməliyyat üçün tərtib etdiyi 1807 manat məbləğin bu işə heç bir aidiyyəti yoxdur. Belə ki, hadisə şahidləri və iş yoldaşlarının dediyinə görə Z.Hacıyevə hadisədən bir-iki ay əvvəl dişlərini çəkdirmiş və müalicəsi ilə əlaqədar dəfələrlə həkimə müraciət edirmiş. Ancaq bunlara baxmayaraq Yaşıllaşdırma idarəsinin rəhbərliyi onun ailə vəziyyətinin ağır olmasını nəzərə alaraq 2 dəfə əvvəlcə 500 manat, sonra isə 400 manat maddi köməklik etmişdir. Həmçinin MKTİB-nin keçmiş rəisi Rahim Mustafayev tərəfindən 700 manat məbləğində birdəfəlik yardım edilmişdir. Həmçinin onun həyat yoldaşı və qızı idarədə işə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq aldığı xəsarətlə əlaqədar dişlərinin müalicəsi üçün məhkəmə qətnaməsi əsasında ona verilmiş vəsaiti bu məqsədlə sərf etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçı ona ödənilmiş pulları müalicəsinə sərf etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydaların pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyindən görünür ki, komissiya hadisənin baş verməsində Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vəzifəli şəxslərinin cavabdehliyini müəyyən etməmişdir. Zümrüd Xələf qızı Hacıyeva ilə baş vermiş bədbəxt hadisə istehsalat xarakterlidir. - 08.04.2021-ci il tarixli “İmplant” X7 məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş məktubdan görünür ki, İddiaçı 29.10.2018 və 31.10.2020-ci il tarixlərində “xxxx” MMC-ə məxsus “İmplant” X9 müraciət etmişdir. Vətəndaş müayinə olunaraq aldığı zədə nəticəsində ona zəruri olan stomatoloji-estetik tibbi xidmətlərin dəyərinin hesablanmasını istəmişdir. Vətəndaşın hər iki müraciətində klinikanın həkimləri tərəfindən görülməsi zəruri olan tibbi xidmətlərin dəyərinin hesablanması cədvəli hazırlanıb ona təqdim olunmuşdur. Lakin ona klinika tərəfindən heç bir xidmət göstərilməmişdir. Onun ilk müraciətində (29.10.2018) istəyi zədə nəticəsində xəsarət almış dişlərinin çəkimi, xəsarət nəticəsində itirilmiş dişlərinin implant dişlərlə əvəz olunması və aldığı xəsarətdən dodağında yaranan çapığının götürülməsi olub. İkinci müraciətində isə (31.10.2020) istəyi zədə nəticəsində xəsarət almış dişlərinin implant dişlərlə əvəz olunması olub. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3055/2019 saylı, 10 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən 1207 manat məbləğində dəymiş maddi ziyanın İddiaçı Xələf qızının xeyrinə tutulması qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2965/2019 saylı, 07.08.2019-cu il tarixli qətnaməsidən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3055/2019 saylı, 10 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 21 may 2017-ci ildə iş zamanı üzü üstə yıxılaraq huşunu itirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3055/2019 saylı, 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən 1207 manat məbləğində dəymiş maddi ziyan İddiaçı Xələf qızının xeyrinə tutulmüşdur. İddiaçı dişlərinin müalicə xərclərinin ödənilməsi üçün 2200 manat tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının istehsalatda baş verən bədbəxt hadisə nəticəsində aldığı xəsarətlə əlaqədar stomatoloji-estetik tibbi xidmətlərin dəyəri məhkəmə qərarı əsasında ona ödənildiyindən, lakin həmin vəsaiti müalicəyə sərf etməyərək hazırda yenidən eyni əsasla dəymiş ziyan tələb etməsi əsassızdır. Belə ki, iddiaçının məhkəmə qətnaməsinə əsasən ödənilmiş vəsaiti onun aldığı xəsarətlə əlaqədar göstəriləcək tibbi xidmətə sərf etməməsi özünün izahatı və iş materialları ilə tasdiq olunur. Bundan əlavə iddiaçı tərəfindən istehsalatda baş verən bədbaxt hadisə nəticəsində hər hansı digər xəsarət alması, habelə həmin xəsarətlə əlaqədar ona tibbi xidmətin göstərilməsinin zəruriliyi və belə bir müalicənin dəyərinə dair dəlil və sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən müalicə xərclərinin ödənilməsi üçün sərf olunan 2200 manat pulun tutulmasına dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar