Məhkəmə qərarları › İş №2(060)-1792/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1792/2023

10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1792/2023 10.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2000ci il tarixdə nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2000-ci il tarixli X6, xx.xx.2002-ci il tarixli X5 və xx.xx.2008-ci il tarixli X4 anadan olmuşlar. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birlərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2622/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən nikahları ləğv olunmuşdur. Ayrıayrılıqda yaşayırlar. Uşaqları isə onun himayəsindədir. Cavabdeh bu günə kimi arada onlara köməklik etdiyi üçün aliment tələb etməmişdir. Hazırda üç aydır ki, övladlarının maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir. Qazancı olmadığı üçün uşaqların təminatını ödəmək çətindir. Kirayədə yaşayır. Böyük oğlu 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Cavabdeh Sumqayıt şəhərində Şüşə sexində işləyir. Onun orta aylıq gəliri 700-900 manat təşkil edir. Pulları hara xəclədiyindən xəbəri yoxdur. Bir övladı məktəblidir. Maddi çətinlikləri olur. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh hər növ gəlir qazancından yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün alimentin sabit pul məbləğində tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən bir uşağın saxlanması üçün 240 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, nikahları pozulmuş, aliment tələbi olmamış, uşaqlardan ikisi yetkinlik yaşına çatmış, biri çatmamışdır. 240 manat aliment tələb edir. Uşağın onun himayəsində olduğunu, işləmədiyini, böyük oğlunun müharibə iştirakçısı olduğunu, 4 aydır ki, ayrı yaşadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, işləyir, qazancının 350-300 manat civarında olduğunu, fərdi qaydada işlədiyini, hal-hazırda işlərinin zəif olduğunu, iddiaçının özünün də işlədiyini, 2 oğlu və 1 qızının olduğunu, uşaqların onun yanında böyüdüyünü, övladlarına peşə verdiyini, hər ikisinin usta olduğunu, qızının hər iki gündən bir onun yanına gəldiyini, pul istədikdə verdiyini, hətta özünə paltar almadığını, ona aldığını, ona heç bir pul verməyəcəyini qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, işdə iştirak edən iddiaçının izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional ASAN xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə, Azərbaycan Respublikası, Ağdam Sarıçoban kəndində anadan olmuşdur. Himayəsində xx.xx.2008-ci il təvəllüdlü X4 vardır. Azərbaycan Respublikası Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2015-ci il tarixli, 2(060)-2622/2015 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh və İddiaçı arasında xx.xx.2000-ci il tarixdə Sumqayıt Şəhər Nikah evində bağlanmış nikahın pozulması, nikahın pozulması ilə əlaqədar Cavabdeh 15 manat dövlət rüsumunun alınması, İddiaçı bu rüsumdan azad edilməsi, xx.xx.2000-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2002ci il tarixdə anadan olmuş X3 Cavabdeh yanında, xx.xx.2008-ci il tarixdə doğulmuş X2 İddiaçı yanında qalması qət olunmuşdur. Nikahın pozulması haqqında 10 iyun 2015-ci il tarixli, AZ-İ 212468 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin may ayının 27 günündə 82 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra ərə Sultanov, qadına Sultanova soyadı verilmişdir. Sumqayıt Şəhər Nikah evi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı yalnız aliment öhdəliyinin olması baxımından iddia tələbini müdafiə etməsinə baxmayaraq tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin Cavabdeh iddia tələbinə dair etiraz və mülahizələrinin əsasları ilə bağlı heç bir mötəbər sübutu məhkəmə müdafiəsinin predmeti olmamışdır.Bu baxımdan məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.Tərəflər təqdim etmədiyi təqdirdə işdə olan mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək tərəflərin birgə yaşadıqlarını, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, nikahları pozulsada uzun müddət birlikdə yaşamaqlarını, cavabdehin gəlirlərinin müntəzəm olmamasını, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 10 fevral 2023-cü il tarixdən başlayaraq tutulmalıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (AM 100.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar