Məhkəmə qərarları › İş №2(060)-1853/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1853/2022

13.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1853/2022 13.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehli qızına qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 17 oktyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 08 sentyabr 2008-ci il təvəllüdlü X3 adlı bir uşaqları var. Şabran rayon məhkəməsinin 2/031/-11 saylı, 12 mart 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və övladı cavabdehin himayəsinə verilmişdir. Buna baxmayaraq yaxın zamanlara kimi uşağı ilə daimi münasibətdə olmuş, hətta onu dəfələrlə uzun müddət olmaqla yanında da saxlayaraq bütün maddi və mənəvi ehtiyaclarını da ödəmişdir. Övladının tərbiyəsində yaxından iştirak etmişdir. Cavabdeh yenidən ailə həyatı qurduqdan sonra uşaqları baba və nənəsi ilə, gah da onunla yaşamışdır. O, uşağın davamlı onunla yaşamasını istədikdə isə cavabdeh və valideynləri buna qarşı çıxmaqla, artıq uşağı ilə onun ünsiyyətinə mane olmağa çalışmışlar. Bu hal isə övladında ona qarşı soyuqluq yaratmışdır. Bu vəziyyət ata olaraq onu çox sarsıtmışdır. Eyni zamanda cavabdeh uşağın gah onun yanında, gah da cavabdehin valideynlərinin yanında qalmasına baxmayaraq bu illər ərzində yaranmış aliment borcunu ondan tələb etmişdir. Cavabdeh yenidən nikaha daxil olmuş, uşağı saxlamaq üçün artıqlaması ilə maddi imkanı da vardır. Lakin şəxsi prinsiplərinə əsaslanaraq ondan illərlə yığılmış, halbuki həmin vaxtların çoxunda da uşaq onun yanında olmuş olsa da, həmin illərin alimentini tələb edir. Qeyd olunanlara əsasən Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 08 sentyabr 2008-ci il təvəllüdlü X1 üçün təyin olunmuş alimentin ödənilməsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, cavabdeh 2 ildir ki, ailə həyatı qurmasına baxmayaraq övladı 15-20 gün onun yanında qalır, daha sonra evdən təzyiq olunduğu üçün çıxıb getmişdir. Övladı onun yanında qaldığı vaxtlarda onun bütün ehtiyaclarını ödəmişdir. Məhkəmə tərəfindən 170 manat məbləğində aliment kəsilmiş, aliment ödənişlərini ilk vaxtlar etsə də, daha sonra pandemiya ilə əlaqədar olaraq ödəyə bilməmişdir. 3-4 aydır ki, telefon söndürülmüş, uşaqla görüşməyinə imkan vermirlər. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh köçdüyü üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29.12.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılması baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 12.03.2015-ci il tarixli, 2(031)- 11/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Dəvəçi (Şabran) rayon Qeydiyyat şöbəsində bağlanmış 11 iyun 2009cu il tarixli 156 saylı nikahın pozulması və sair qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsiin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Məhkəmə Cavabdeh ikinci dəfə ailə qurmasına münasibət bildirərək qeyd edir ki, onun ikinci dəfə ailə həyatı qurması İddiaçı onunla birgə nikahından olan övladının saxlanılması üçün ödənilən aliment öhdəliyinə xitam verilməsinə əsas vermir. Qanunun tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 4-cü maddəsinə görə bu Məcəllənin 2ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsasını təşkil edən sübutlar İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, aliment borcunun silinməsi tərəflərin birgə nikahından olan uşağın təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyindən İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar