Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1854/2022 06.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Müseyib qızı ilə faktiki nikah münasibətində olmuş, bu nikahdan iki övladları - 27.09.1999cu il təvəllüdlü X5 və 24.05.2004-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. 2009-cu ilin yanvar ayında sosial yardım almaq məqsədilə aralarında razılığa gələrək cavabdeh iki uşaq üçün hər bir qazancın (başqa gəlirlərin) üç də bir hissəsi miqdarında alimentin tutulması tələbilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və 16 yanvar 2009-cu il tarixli 2(060)- 534/2009 saylı məhkəmə əmrilə ondan hər bir qazancının (başqa gəlirlərinin) üç də bir hissəsi miqdarında aliment 27.09.1999-cu il təvəllüdlü X5 və 24.05.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılmasına dair məhkəmə əmri qəbul edilmişdir. Onlar ailə olaraq 2018-ci ilin sonuna kimi birlikdə yaşamışlar. Birgə ailə münasibətləri zamanı iki ev inşa etmiş və ailənin bütün dolanışığı onun tərəfdən qarşılanmışdır. Cavabdeh münasibətlərinin daha da pisləşdiyi 2021-ci ilin əvvəllərində Şamaxı rayon İcra və Probasiya Şöbəsinə guya ki, ona 19000 (on doqquz min) manat aliment borcu olmağı ilə bağlı müraciət etmişdir. Şamaxı rayon İcra və Probasiya şöbəsi bu qədər borcun necə yarandığı ilə bağlı heç bir araşdırma aparmadan inzibati xəta haqqında protokol tərtib etmiş, Şamaxı rayon Məhkəməsinin 25.06.2021 -ci il tarixli, 3(074)-267/2021 saylı qərarı ilə o, AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Cavabdehin aliment tələbi ilə bağlı məhkəməyə müraciəti sırf sosial müavinatı almaq məqsədi daşımışdır. Onların ailə kimi bir yerdə 2018-ci ilin sonuna kimi yaşamalarını sübut edən fotoşəkillər və toy diskləri vardır, onları da məhkəmə zamanı təqim edəcəkdir. Ailə olaraq 2018-ci ilin sonuna kimi bir yerdə yaşamaları ilə bağlı yaşayış yerindən arayışı da iddia ərizəsinə əlavə etmişdir. 2018-ci ilin sonunda ailə münasibətləri pozulmuş və o, birgə yaşadıqları evdən çıxıb başqa bir evdə yaşamağa başlamışdır.Təxminən 2019-cu ilin sentyabr ayından başlayaraq hər ay 600 (altı yüz) manat pulu oğlu Nihad vasitəsilə anasına yollamışdır. Bunu anası ilə bir yerdə yaşayan oğlu Nihad da təsdiq edə bilər. Əlavə olaraq 03.02.2021-ci il tarixdə 1000 manat və kart vasitəsilə də 120 manat cavabdehə pul ödəmişdir. Cavabdehin ondan aliment tələbi qərəzli olmaqla onun ikinci dəfə ailə qurmasına görədir. Onun cavabdehə faktiki olaraq bir manat belə borcu yoxdur, o, cavabdehə artıqlaması ilə pul ödəmişdir. Şamaxı rayon İcra və Probasiya Şöbəsindən vəkil sorğusuna verilmiş cavabdan göründüyü kimi onun cavabdehə borcu 11073 manat təşkil edir. Lakin o, cavabdehlə birlikdə yaşamış və həmin pulu da ailəsinə xərcləmişdir. Onun cavabdehə aliment borcunun olmaması səbəbindən məhkəməyə mövcud tələblə bağlı müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən cavabdehlə birgə nikahdan dünyaya gəlmiş 27.09.1999-cu il təvəllüdlü X5 və 24.05.2004-cü il təvəllüdlü X1 üçün yaranmış 11073 (on bir min yetmiş üç) manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlaraq özü və vəkilinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, ona görə də məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddianı qəbul etmədiyini, məhkəmə iclasının təxirə salınmasına etiraz etdiyini bildirdi. 27.09.1999-cu il təvəllüdlü X5 və 24.05.2004-cü il təvəllüdlü X6 iddiaçı ilə onun faktiki nikahlarından anadan olmuşdur. 2009-cu ildən onlar faktiki olaraq ayrılmış, bir yerdə yaşasalar da, İddiaçı uşaqların saxlanması üçün heç bir köməklik etməmiş, hətta onun qazancından istifadə etmişdir. Uşaqların hər ikisi tələbədir, xaricdə təhsil alırlar. Aliment borcu uşaqların haqqıdır və silinməsinə razı deyil. Ona görə də məhkəmədən İddiaçı ona qarşı aliment borcunun silinməsi tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 16.03.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X2 izahatlarında iddia tələbini müdafiə etdiklərini, Cavabdeh iddiaçıya qarşı aliment tələbinin formal xarakter daşıyaraq sosial məsələlərlə bağlı olduğunu və bununla bağlı sübutları məhkəməyə təqdim edəcəklərini bildirmişlər. Məhkəmə iş materiallarını araşdırıb, Cavabdeh izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.07.2021-ci il tarixli arayışdan görünür ki, X6 24 may 2004-cü il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-534/2009 saylı, 16 yanvar 2009-cu il tarixli əmrinin surətindən görünür ki, borclu İddiaçı hər növ qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin 15.01.2009-cu il tarixdən başlayaq hər ay tutulub, 27.09.1999-cu il təvəllüdlü X5 və 24.05.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün tələbkar Cavabdeh verilməsi əmr edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 3(074)-267/2021 saylı, 25.06.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş 31.01.2022-ci tarixli, 666/6 №-li məktubdan görünür ki, borclu İddiaçı aliment borcu 2009-2021-ci illər üzrə 12193 manat təşkil edir. Borclu tərəfindən 03.02.2021-ci il tarixdə 1000 manat, 25.06.2021-ci il tarixdə 120 manat ödənilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-534/2009 saylı, 16.01.2009-cu il tarixli icra sənədinə əsasən aliment borcu 11073 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsiin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Məhkəmə İddiaçı ikinci dəfə ailə qurmasına münasibət bildirərək qeyd edir ki, İddiaçı ikinci dəfə ailə həyatı qurması iddiaçının Cavabdeh ilə birgə nikahından olan övladının saxlanılması üçün ödənilən aliment borcunun silinməsinə əsas vermir. Həmçinin qanunun tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan əlavə iddia tələbinin hüquqi əsası onların ailə olaraq bir yerdə yaşamaları, həqiqətən alimentin sosial məqsədlə formal olaraq ondan tutulması kimi qeyd etdiyi xüsusat məhkəmə iclasında öz təsdiqini tapmamış, İddiaçı öz tələbinin əsasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 4-cü maddəsinə görə bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, aliment borcunun silinməsi tərəflərin birgə nikahından olan uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyindən İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsina dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1854/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1854/2022
06.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver