Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1952/2022 28.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarındakı nikah 06.03.2015-ci il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 460 nömrə ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan 20.10.2015-ci il təvəllüdlü X2 və 18.04.2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə ailə qurduğu ilk vaxtlar münasibətləri normal olsa da, qısa zaman sonra münasibətləri pozulmuşdur. Rəsmi nikah ləğv olunmasa da, hal-hazırda ayrı yaşayırlar. Cavabdeh ailəsinə baxmamış, uşaqların qayğısına qalmamış, 2021-ci ilin sentyabr ayından sonra uşaqlar üçün pul verməmişdir. Bu səbəbdən aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən 20.10.2015-ci il təvəllüdlü X2 və 18.04.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, ərizədə qeyd etdiyi kimi cavabdehlə bir müddətdir ki, ayrı yaşayırlar. Əvvəl də 3 il müddətində ayrı yaşamış, lakin nikahları pozulmamışdır. Özü işlədiyi üçün uşaqların saxlanması üçün dayə ona köməklik edir. Həmçinin bildirdi ki, 7 aydır ki, kirayədə yaşayır. Bu səbəbdən işləsə belə ehtiyacların qarşılanmasını çatdıra bilmir. Valideynləri yaşlıdır, ona maddi cəhətdən bacısı köməklik göstərir. Cavabdeh Azərsun Holdinqdə rəngsaz işləyir, aylıq 1200-1500 manat qazancı olur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, iddiaçıya çox vaxt 700-800 manat, ən azı 400 manat məbləğində maddi cəhətdən köməklik göstərmişdir. Lakin uşaqlarla görüşən zaman uşaqları ona analarının onunla görüşməsinə icazə vermədiyini bildirmiş, ona görə də o, maddi cəhətdən köməklik etməmişdir. Hazırda aliment ödəməyə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, İddiaçı və Cavabdeh izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən müəyyən edilir ki, X2 20.10.2015-ci il tarixdə, X3 18.04.2018-ci il tarixdə anadan olmuşlar. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09.02.2022-ci il tarixli, MŞB/4-00315 №-li arayışdan görünür ki, Cavabdeh əvvəlcədən ilkin mediasiya sessiyasının keçiriləcəyi barədə telefon vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatları, onlar arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmasını, Cavabdeh həmin məbləği ödəmək üçün əmək haqqı yetərli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün uşaqların üstün mənafeyi və tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla, hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment təyin edilməlidir. Məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin faktiki nikah münasibətlərindən olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, hazırki yaşayış minimumu həddini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək, 20.10.2015-ci il təvəllüdlü X2 və 18.04.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 200 manat, ümumilikdə 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 10 fevral 2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehdan 10.02.2022-ci il tarixindən etibarən 20.10.2015-ci il təvəllüdlü X2 və 18.04.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1952/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1952/2022
28.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver