Məhkəmə qərarları › İş №2(060)-1965/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1965/2024

13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1965/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq İddiaçı ilə Cavabdeh arasında 02 fevral 2024-cü il tarixdə Sumqayıt şəhər 1 saylı Mediasiya Təşkilatında MŞS/MT030/2024/00286 nömrəsi ilə qeydə alınmış barışıq sazişinə əsasən uşaqların saxlanmasına görə hər bir uşaq üçün 150 manat aliment olmaqla, cəmi 450 manat məbləğin fevral ayından başlayaraq hər ayın sonundan gec olmayaraq Cavabdeh tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, işə əlavə edilmiş materiallarla müəyyən olunur ki, tərəflər arasında 02 fevral 2024-cü ildə mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və tərəflər öz aralarında müəyyən şərtərlə razılığa gəlmişlər. Həmin barışıq sazişinin şərti olaraq Cavabdeh uşaqların saxlanmasına görə hər bir uşaq üçün 150 manat aliment olmaqla, cəmi 450 manatı fevral ayından başlayaraq hər ayın sonundan gec olmayaraq İddiaçı ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Hal hazırda iddiaçı həmin mediasiya prosesi zamanı tərəflər arasındakı mübahisənin predmeti olan və həmin prosesin nəticəsi olaraq barışıq sazişinin bağlandığı məsələ ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Başqa sözlə desək iddiaçı tərəflər arasında mediasiya yolu ilə həllini tapmış məsələyə məhkəmədə yenidən baxılmasını istəyir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə mübahisəli məsələ ilə bağlı mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra yenidən iddia icraatı qaydasında həmin məsələyə baxılması imkanı nəzərdə tutulmamışdır. Belə ki, tərəflər arasında barışıq sazişi bağlandığından və mübahisəli məsələ həll olunduğundan artıq mövcud olmuş mübahisəyə məhkəmədə baxılması zərurəti də aradan qalxmış olur. Məhkəmədə iddia icraatı qaydasında o halda mediasiya nəticəsində bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq oluna və ya təsdiq olunmasından imtina oluna bilər ki, tərəflər arasında ilkin olaraq mübahisəli məsələ ilə bağlı məhkəməyə müraciət olunsun, məhkəmədə icraat zamanı tərəflər öz aralarında mübahisənin mediasiya vasitəsilə həllinə dair razılığa gəlsinlər və mediasiya prosesinin tətbiqi nəticəsində barışıq sazişi bağlasınlar. Bu zaman məhkəmə tərəfindən həmin sazişin qanunazidd olduğu müəyyən edilmədikdə barışıq saziş məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilir, əks təqdirdə işin icraatı davam edir. Məhkəmə qeyd edir ki, məhkəmədə mübahisəli məsələ ilə bağlı iddia qaldırmamışdan öncə mediasiya vasitəsilə tərəflər arasında barışıq sazişinin bağlandığı halda yenidən eyni mübahisəli məsələ ilə bağlı iddia icraatı qaydasında məhkəmədə iddia qaldırılması yeni yaradılmış mediasiya institunun əhəmiyyətini də şübhə altına almış olur. “Mediasiya haqqında” Qanunun preambulasında mediasiya mübahisələrin alternativ həlli üsullarından biri kimi təsbit edilmişdir. Mediasiyanın məqsəd və prinsiplərini müəyyən edən həmin Qanunun 4-cü maddəsindən göründüyü kimi, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Eyni zamanda tərəflər arasında mediasiya prosesi nəticəsində barışıq sazişinin bağlanması onlar arasında artıq mübahisənin mövcud olmadığını ehtiva edir. Həmin proses nəticəsində bağlanmış barışıq sazişi könüllü icra müddətində icra edilmədikdə isə tərəfin hüququnun müdafiəsi vasitəsi kimi onun məcburi icra edilməsi üçün qanunvericilikdə xüsusi prosedur müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-7-ci fəsli ilə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi icra olunmadığı təqdirdə xüsusi icraat qaydasında həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi məsələsinə baxılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəni qəbul etməkdən imtina barədə hakim əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddiaçıya izah olunsun ki, barışıq sazişinin könüllü şəkildə icra olunmadığı təqdirdə xüsusi icraat qaydasında həmin sazişin təsdiq olunması üçün ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun. İddiaçıya izah olunsun ki, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, həmin sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar