Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1990/2025 02.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabehlə birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 onun yanında qalması, azyaşlının yetkinlik yaşına çatanadək onun saxlanılmasına görə Cavabdeh hər ay 246 manat sabit pul məbləğində alimentin, uşağa 3 yaşınadək qulluğla bağlı 100 manat məbləğində alimentin, habelə onun tərəfindən ödənilən 60 manat məbləğində mediasiya xərcinin tutularaq ona – İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən övladının saxlanılması üçün 246 manat sabit məbləğdə aliment və 3 yaşına çatanadək övladına qulluq ilə əlaqədar 100 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahlarından onların xx.xx.2023-cü il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ilk vaxtlar cavabdehlə aralarında olan münasibətlər normal olsa da, sonradan münasibətləri korlanmış, aralarında tez-tez mübahisələr baş vermişdir. Cavabdehlə ər-arvad münasibətləri faktiki olaraq pozulmuşdur. O, hal-hazırda azyaşlı övladı X4 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Övladı azyaşlı, südəmər, anasına bağlı olduğu üçün onun üstün mənafeyi naminə uşağın yaşayış yeri onun yanında müəyyən olunmalıdır. Bununla yanaşı, uşağın saxlanılması üçün onun xeyrinə cavabdehdən hər ay 246 manat sabit pul məbləğində, habelə üç yaşına çatanadək uşağa qulluqla bağlı 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosessinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf heç bir üzrlü səbəb göstərmədən mediasiya prosesində iştirak etməmiş, barışıq əldə olunmamışdır. Ona Sumqayıt 1 saylı mediasiya təşkilatının mediatoru tərəfindən xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00040 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Həmçinin, 60 manat məbləğində mediasiya xərci onun tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddiaçı ilə birgə nikahdan olan övladının saxlanılması məqsədi ilə bir uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment bu mümkün olmadıqda isə sabit pul məbləğində minimum əməkhaqqının 40 %-i miqdarında aliment və uşağın üç yaşına çatana kimi saxlanılmasına görə sabit pul məbləğində 30 manat baxım pulunun təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, ərizə təqdim etmiş və orada 4 avtomobil və avtobusları göstərmişdir. Lakin qarşı tərəf bildirmişdir ki, adlarına heç nə yoxdur. Avtomobillərdən ikisi Ruslanını, biri atasının, biri isə anasının adınadır. Həmin avtomobillər hal-hazırda şəhərlərarası dövriyyədədir. Həmçinin iki sürücüsü vardır. Özü isə bildirir ki, atası və anasını saxlayır. Nikahları hal-hazırda qüvvədədir. Uşağı görmür və maddi dəstək göstərmir. Artıq 6 aydır ki, uşağı ilə maraqlanmır. Özü təhsil almır. İşləmir və atasının və anasının köməkliyi ilə yaşayır. Cavabdeh rəsmi qaydada işləmir, lakin vergi ödəyicisidir. Dövlətə vergi ödəyir. Həmin avtobuslar günə ən azı 80 manat pul gətirir. Firmalara işləyir və həmin firmalar onları benzin ilə təmin edir. Ona görə də 246 manat sabit pul məbləğində aliment və 100 manat miqdarında maddi yardımın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 50 manat miqdarında maddi yarımın ödənilməsinə də razıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, səhhətində yaranmış problemlə əlaqədar məhkəmə prosessinin 10 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan arayışdan göründüyü kimi, Cavabdeh ilə X3 arasında xx.xx.2022-ci il tarixdə Zərdab Rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Məmmədzadə” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 930574 seriyalı “Doğum haqqında şəhadətnamə”-dən görünür ki, tərəflərin nikahından xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan ilkin mediasiya Sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞS/MT030/2025-00040 saylı arayışdan göründüyü kimi, aliment mübahisəsinə dair işdə Cavabdeh ilə əlaqə saxlanılmış, tərəf gələ bilməyəcəyini bildirmiş, İddiaçı iştirak etmiş və 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən verilmiş arayışdan görünür ki, Zərdab şəhər sakini 1966-cı il təvəllüdlü X1 RMX PHŞ Poliknika şöbəsində “şəkərli diabet ikinci tip orta ağır gedişli” diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Mediasiya Xidmətlərinin göstərilməsi barədə iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş vergi ödəyicisinin uçot məlumatları və dövriyyəsi haqqında məlumatdan görünür ki, Cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2018-ci il tarixindən vergi uçotuna alınmış və qeydiyyatda olduğu müddət ərzində təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələrinə əsasən 2000 manat dövriyyəsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş fəaliyyət növü haqqında məlumatdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə, ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. Baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növü “yük avtomobil nəqliyyatlarının fəaliyyəti” olaraq qeyd edilmişdir. Aliment tələbinin əsası kimi iddiaçının könüllü şəkildə uşağın saxlanması üçün maddi yardım göstərməməsi, uşağın həm sağlamlığının, habelə təhsil, maddi və digər tələbatlarının ödənilməsində köməklik göstərməməsi kimi hallara istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin aylıq gəlirinin olduğu müəyyən edilmişdir. Beləliklə uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində müəyyən edilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşağın taminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,62 misili (246 manat (tutulan aliment) : 400 (2025-ci il üzrə minimum əmək haqqı) = 0,62) həddində tutulmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat alimentin tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər- arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Cavabdeh hər ay əlavə pulun ödənilməsi tələbinin 30 manat təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tələblər ədalətli şəkildə balanslaşdırılaraq, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Aliment tələbi barədə ərizə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğundan, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində və xx.xx.2023-cü il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,12 misli həddində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1990/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1990/2025
02.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver