Məhkəmə qərarları › İş №2(060)-1992/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1992/2024

07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1992/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" MMC-nin nümayəndələri X5 və Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti) “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, STP-nin direktoru Hicran Valehovun, İnzibati departmentin rəhbəri Mehman Əhmədovun, STP-nin təhlükəsizliyinə məsul Arzu Məmmədovun, onun bacısı oğlu Tural Şahbazovun, birbaşa müdiri Aqşin Rzayevin özbaşınalıqlarını Cinayət Məcəlləsinin 113, 133, 133.2.3, 144-2.1, 144-2.2.6, 154, 154.1, 154.2, 162, 162.1, 308, 308.1, 308.2, 309, 309.1, 309.2, 313-cü maddələri ilə, direktorun katibi Eldar Ağayevi isə Cinayət Məcəlləsinin 147, 147.1-ci maddələri ilə günahkar bilib, məsuliyyətə cəlb edilməsini, ona STP rəhbərliyi tərəfindən edilmiş basqınların ictimai nüfuzuna xələl gətirdiyi və sağlamlığında ciddi problemlər yaratdığını əsas götürərək, STP rəhbərliyi tərəfindən ona 10 000 manat təzminatın ödənilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı STP rəhbərliyi tərəfindən edilmiş basqınların ictimai nüfuzuna xələl gətirdiyini və sağlamlığında ciddi problemlər yaratdığını əsas götürərək, STP tərəfindən ona 10 000 manat təzminatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 2010-cu ildən STP-də çalışır. Bu illər ərzində işində heç bir nöqsan olmamış, indiyə kimi heç bir xəbərdarlıq almamışdır. Halhazırda STP-nin Sətəm adlanan inzibati binasında “çayçı” vəzifəsində çalışır. 13 illik əmək fəaliyyəti dövründə STP rəhbərliyi tərəfindən heç bir xəbərdarlıq və töhmət almamış, əksinə, yaxşı işinə görə bəzən ona pul mükafatı yazılmışdır. STP-dəki 13 illik sakit əmək fəaliyyətinə görə 2023-cü ilin iyun ayından başlayaraq son qoymuşlar. Buna səbəb isə STP-nin təhlükəsizliyinə məsul olan Arzu Məmmədovun iyun ayında onu yanına çağırıb, STP-nin direktorunun otağında olan söhbətlər barədə ona mütəmadi məlumat verməyini tələb etməsi, onun isə buna etiraz etməsi olmuşdur. Onun ciddi etirazı ilə qarşılaşan Arzu Məmmədov ona hədə-qorxu gəlməyə başlamışdır ki, “əgər onun dediyini etməsə onun başına min bir oyun açdıracaqdır, onu buradan ilim-itim itizdirər” və o da “ona heç nə edə bilmərsiz” demiş, onun otağını tərk etmişdir. Bu hadisədən bir müddət sonra hər yerdə özünü Arzu Məmmədovun “basıcı oğlu” kimi təqdim edən Tural Şahbazov ona bildirmişdir ki, “dayısı- Arzu Məmmədovu qəsd edir – araşdırıb, onun əri separatçıdır, dövlət əleyhinə təbliğat aparır, az qalıb, cəzalarını alacaqdırar”. Tural Şahbazovun bu sözlərini ciddi qəbul etməsə də, bir müddət sonra məlum olmuşdur ki, Arzu Məmmədov onun 13 illik iş fəaliyyətini aradırmış, əl tutan yer tapmadığı üçün həyat yoldaşı haqqında məlumat toplamağa başlamışdır. Həyat yoldaşının respublikada talış dilində çıxan “Tolışon Sədo” qəzetinin təsisçisi və baş redaktoru olduğunu “öyrənən” Arzu Məmmədov bunu əlində bayraq edərək direktor Hicran Valehovun qılığına girmiş, “İddiaçı həyat yoldaşı separatçı imiş” kimi epitetlərlə onu yoldan çıxarda bilir ki, nəticədə Hicran Valehov onun STP-dən qovulması barədə şifahi göstəriş verir. 2023-cü ilin avqust ayının 17-də STP-nin direktoru Hicran Valehovun birbaşa göstərişi ilə birbaşa müdiri Aqşin Rzayev ona səhərisi gün Sumqayıt Üst Trikotaj Fabrikində “çayçı” kimi işə çıxacağını bildirir və o, 2023-cü ilin 18 avqustunda Sumqayıt Üst Trikotaj Fabrikinə işə çıxır və 18 avqust – 1 oktyabr tarixləri aralığında rəhbərliyin göstərişi ilə Sumqayıt Üst Trikotaj Fabrikində “çayçı” işləmişdir. 18 avqustda “yeni iş yeri” ilə yenicə tanış olmuşdur ki, Arzu Məmmədovun, Tural Şahbazovun və Aqşin Rzayevin fabrikə ekskursiyaya gəldiklərini görərək, birbaşa rəhbəri Aqşin Rzayevdən xahiş etmişdir ki, “uzun illərdir atılmış vəziyyətdə olan fabrikdə nə işçi kontigenti, nə də işləmək üçün heç bir şərait yoxdur”, “iş yerində” siçovular “at” oynadırlar, fabrikin ərazisi ilanlarla və küçə itləri ilə doludur və itlər üstünə hücum edirlər, xahiş edir ki, onu STP-yə qaytarsınlar. X8 cavab verməmiş onunla fabrikə “qurbanlarına” baxmaq üçün gələn Arzu Məmmədov və Tural Şahbazov ona bildirmişlər ki, “daha onun iş yeri buradır, o, bir daha STP-yə qayıtmayacaqdır, xoşun gəlmir, ərizəsini yazaraq çıxsın, yoxsa onu “statya” ilə qovacaqdırlar”. Təqribən 19-21 avqust aralığında STP-nin direktoru Hicran Valehov, İnzibati Departmentin rəhbəri Mehman Əhmədov, STP-nin təhlükəsizliyinə məsul Arzu Məmmədov və onun “bacısı oğlu” Tural Şahbazov, həmçinin birbaşa müdiri X14 Trikotaj Fabrikinə gələrək, onu necə bir işgəncəyə məruz qoyduqlarını ləzzətlə seyr etmiş, fabrikin ərazisini tərk etmişlər. Heç kəsin olmadığı fabrikdəki ilk iş günlərindəcə qorxu, həyəcan və təlaşdan ciddi mənəvi sarsıntılar yaşadığı üçün “panik atak” keçirtmiş və sağlamlığında çox ciddi və uzunmüddətli müalicə tələb edən problemlər yaranmışdır. 2 oktyabr tarixində STP-yə gedərək, birbaşa rəhbəri Aqşin Rzayev onu Trikotaj Fabrikinə qeyri-qanuni göndərdiklərini bildirmiş, bir daha Trikotaj Fabrikinə getməyəcəyini demiş və ondan ona İnzibati departmentinin rəhbəri Mehman Əhmədovun qəbuluna getməyə icazə verməsini xahiş etmişdir. X12 Əhmədov ilə əlaqə saxladıqdan sonra ona bildirmişdir ki, Mehman Əhmədov konkret deyir ki, tək-təki olsa belə İddiaçı fabrikdə oturmalı, STP-yə qayıtmamalıdır. (niyə qayıtmamalıdır?) Belə olan təqdirdə o, STP-nin İnsan Resursları departmentinə müraciət etmiş, vəziyyəti olduğu kimi onlara danışmışdır. Departmentin əməkdaşı Elvira Alışova vəziyyətlə tanış olduqdan sonra ona evə getməyi, STP rəhbərliyi səviyyəsində barəsində hər hansı bir qərarın verilməsini gözləməyini təklif etmiş və o, 3 oktyabr tarixindən oktyabr ayının 24-nə kimi evdə oturub, rəhbərliyin qərarını gözləmişdir. Oktyabrın 24-də birbaşa rəhbəri Aqşin Rzayev ona zəng edərək, səhərisi gün işə çıxacağını bildirmiş və o, səhərisi gün işə çıxmış, X13 onu öz iş yerinə yox, “Sətəm” deyilən yerə “çayçı” göndərmişdir. Bir neçə gün “Sətəm”-də çayçılıq etdikdən sonra noyabrın 1-də İnsan Resursları departmentindən onu yanlarına çağıraraq, onun “Sətəm”də qeyri-qanuni işlədiyini bildirərək, ona əmək müqaviləsinə xitam verərək, kabel zavodu ilə yeni əmək müqaviləsi bağlanması təklif edilmişdir. O, buna ciddi etiraz edərək, heç bir sənədi imzalamayacağını bildirmişdir. Noyabrın 3-də İnzibati Departmentin rəhbəri Mehman Əhmədov onu yanına çağıraraq, ona eyni təklifi-əmək müqaviləsini ləğv edərək, kabel zavodu ilə yeni əmək müqaviləsi bağlamağı təklif etmişdir. O, bildirmişdir ki, onun əmək müqaviləsi müddətsizdir və o, müddətsiz əmək müqaviləsini ləğv edib, kabel zavodu ilə yeni əmək müqaviləsi bağlamağı təklif etmişdir. O, bildirmişdir ki, onun əmək müqaviləsi müddətsizdir və o, müddətsiz əmək müqaviləsini ləğv edib, müddətli əmək müqaviləsi bağlamayacaqdır. Mehman Əhmədov da bildirmişdir ki, Sətəm STP-nin tərkibində olsa da, o, faktiki orada qeyri-qanuni işləyir. Belə olan təqdirdə o, Mehman Əhmədovdan onu hansı əsasla Sumqayıt Üst Trikotaj Fabrikinə göndərdiklərini soruşmuş və Mehman Əhmdov “olub da” deməklə yaxasını kənara çəkməyə çalışmışdır. Mehman Əhmədovun cani-dildən müqaviləsinin ləğv edilməsinə dirəşdiyini görərək ona sual etmişdir ki, “əgər hər hansı bir tərbiyəsizliyi, əxlaqsızlığı olubsa - deyin, özü ərizə yazıb, işdən çıxsın”. Mehman Əhmədovun cavabı isə belə olmuşdur ki, “o, yaxşı işçidir, heç bir səhvi, tərbiyəsizliyi yoxdur”. O, heç bir sənədi imzalamamış, onun otağını tərk etmişdir. İnsan Resursları departmentinin əməkdaşı Elvira Alışova noyabrın 4-də onu qəbula çağıraraq, ona etdiyi səhvin nədən ibarət olduğunu indi bildirəcəklərini demiş və elə bu vaxt Mehman Əhmədov ilə direktorun katibi funksiyasını yerinə yetirən Eldar Ağayev içəri girərək, ona publik böhtan ataraq, şərləməyə çalışmışlar. Belə ki, X1 üzünə durğuzmuşdur ki, guya ki, o, onu tez-tez “çaydan-kofedən nə lazımdır” deyə narahat edirmiş (əslində bu onun birbaşa vəzifə borcudur) və ona “smaylik” atmışdır. O, başa düşmüşdür ki, bunlar artıq bütün qırmızı xətləri keçərək, ona şər ataraq, STP-dən qovmaq istəyirlər. Buna görə də o, dərhal surəti aidiyyatı strukturlara olmaqla birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmiş, ərizəsi birbaşa nəzarətə götürülsə də, nə Əmək Müfəttişliyi, nə də ki, hüquq-mühafizə orqanları ərizəsindəki faktları araşdırmamışdırlar. İşlərini ondan izahat almaqla bitmiş hesab edirlər. Əmək Müfəttişliyinin təqdim etdiyi 26 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilir ki, Sumqayıt Texnologiyalar Parkının nəzdində Sumqayıt Üst Trikotaj Fabriki deyilən qurum yoxdur və onlar onu həmin fabrikə işləməyə göndərməyiblər. Onun publik təhqir edilməyi və həyat yoldaşının “separatçı” adlandırılması barədə isə ümumiyyətlə heç bir araşdırma aparılmamış və ya aparılmış araşdırma bilərəkdən gizlədilmişdir. Konstutsiyanın 25-ci maddəsinin 3-cü bəndinin ikinci abzasında qeyd edilir ki, İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Lakin STP-də vəzifə tutan bir neçə nəfər – direktor Hicran Valehov, İnzibati Departmentin rəhbəri Mehman Əhmədov, STP-nin təhlükəsizliyinə məsul Arzu Məmmədov, onun “bacısı oğlu” Tural Şahbazov və birbaşa müdiri Aqşin Rzayev dəstə halında birləşərək, həyat yoldaşının talış dilində qəzet dərc etməsini əldə əsas tutaraq, ona qarşı milli zəmində ayrı-seçkilik edərək, öz əməllərinə direktorun katibi Eldar Ağayevi də qataraq Cinayət Məcəlləsinin müvafiq maddələrini kobud şəkildə pozmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, iddia ərizəsi ilə müraciət etmişlər. İddia ərizəsində hər şey yazılmışdır. İddiaçı keçən ilin avqust-sentyabr aylarında Sumqayıt Üst Trikotaj Fabrikinə göndərmişlər. Hansı ki, orada it, siçovul, yəni insandan başqa hər şey vardır. Həmin adam orada xəstəlik tapmışdır. 02 oktyabr tarixində işə qayıdanda onu işə buraxmamışdırlar. Daha sonra onu təzyiq ilə ora aid olmayan iş yerinə göndərmişlər. İnzibati binada işləməli olmasına baxmayaraq onu Sətəmə göndərmişlər. 08 noyabr 2023-cü il tarixdə ölüm ilə üz-üzə qalmışdır. Təcili Yardım əgər özünü çatdırmasa idi, artıq ölmüşdü. Bütün bu haqsızlıqlar hər biri milli zəmində olmuşdur. Onun həyat yoldaşını separatçı olmaqla hədələmişlər. İddiaçının həyat yoldaşı, yəni özü Talış dilində çıxan qəzetin redaktorudur. Konkret olaraq işdən çıxmasını deyirdilər. Təhlükəsizlik Xidmətinin rəhbəri onu çağırmışdır. Ona demişdir ki, direktorun otağında olan söhbətləri ona çatdırmalıdır. O da çatdırmayacağını bildirmişdir. Qarşılığında onu “ilim-ilim itizdirəcəyini“ demişdir. 14 illik iş prosesini araşdırmış və nöqsan tapmadığı üçün ailəsinə yönəlmişdir. Ona bildirmişlər ki, iddiaçının həyat yoldaşı Talış dilində çıxan qəzetin baş redaktorudur. Onun həyat yoldaşının separatçı olduğunu, daha sonra bunun bilinəcəyini bildirmişlər. Direktor da demişdir ki, bu adamı zavoddan “rədd edin”. 9 ayda iddia ərizəsində qeyd edilən halların heç biri araşdırılmamışdır. Səs yazılarında və vatsap yazışmalarında etiraf edirlər ki, bir iş də olmuş və onu oraya göndərmiş, maaşını vermişlər. Səs yazılarında bunlar vardır. Zavod rəhbərliyi sayəsində etiraf edirlər ki, onu oraya göndərmişlər. “Olub da bir, iş olmuş və göndərmişlər”. Həmin şəxslərin dəvət olunaraq nə üçün qeyri-qanuni olaraq iddiaçını işləməyə göndərdiklərini soruşmaq istədiklərini bildirmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. İddia tələbi ümummiyətlə əsaslı deyildir. Qeyd olunan hallar iş materialları ilə öz əksini tapmır. Sumqayıt Üst Trikotaj Fabriki adlı yer ümummiyətlə yoxdur və bundan əlavə onların balansında da yoxdur. Şahidlərin dairəsi məsələri hazırlıq iclasında müzakirə olunmalıdır. Hazırda isə baxış mərhəsəlidir. Bu isə ümummiyətlə müzakirə mövzusu olmamalıdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt Texnologiyalar Parkı» MMCnin nümayəndəsi Nümayəndə3 izahatında bildirdi ki, digər nümayəndənin bildirdiklərinə əlavələr səsləndirməmişdir. Bundan başqa müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" MMC-nin nümayəndələri X5 və Nümayəndə3 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin İddiaçı ünvanladığı 26 yanvar 2024-cü il tarixli, 3-17-5/2-C-4748/2024 nömrəli müraciətə cavabdan görünür ki, müraciətlə əlaqədar Xidmətin Abşeron-Xızı regional şöbəsinə təqdim edilən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli izahatlarda xx.xx.2023-cü il tarixindən öz razılığı olmadan Sumqayıt Trikotaj Fabrikinə çayçı kimi işləməyə göndərildiyini, xx.xx.2023-cü il tarixində işə gedərkən saat 07:30 radələrində fabrikin qarşısında küçə itlərinin hücumuna məruz qalaraq yıxıldığını və işə getdiyini, rəhbərliyə bu barədə məlumat verdiyini, yenidən işini davam etdirdiyini bildirmiş, əsas tələbinin əmək müqaviləsində nəzərdə tutulmuş iş yerinə qayıtmaq, artıq iş saatlarına görə əlavələrin və Sumqayıt Trikotaj Fabrikinə qeyri-qanuni göndərildiyinə görə əlavə ödənişlərin ödənilməsindən ibarət olduğunu qeyd etmişdir. Lakin iş vaxtından artıq işlərə cəlb olunmağına dair araşdırmaya hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə onun tərəfindən baxış keçirilərkən onunla "xxxx" MMC-nin rəhbərliyi arasında bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu müəyyən edilmişdir. Həmçinin "xxxx" MMC-nin (bundan sonra – cəmiyyət) rəhbərliyi tərəfindən xidmətə təqdim edilmiş məktub və sənədlərdən onunla cəmiyyət rəhbərliyi arasında xx.xx.2012-ci il tarixində əmək müqaviləsi bağlanılaraq İS və XO yığışdıran vəzifəsinə (məşğulluq təsnifatı üzrə xadimə) işə qəbul olduğu, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə öz razılığı ilə dəyişiklik edilərək çayçı vəzifəsinə keçirildiyi məlum olmuşdur. Cəmiyyət rəhbərliyi tərəfindən xidmətə təqdim edilmiş məktubda müraciətdə qeyd olunanların həqiqətə uyğun olmadığı qeyd edilmiş, cəmiyyətin tərkibində “Sumqayıt Trikotaj Fabriki” müəssisənin mövcud olmadığı, onun vəzifə funksiyalarına aid olmayan işlərə cəlb olunmadığı, işəgötürənin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, Texno-Park sahəsində yerləşən istehsalat və inzibati binalardan ibarət əmlak kompleksində fəaliyyət göstərdiyi, onun digər işçilər kimi əmək müqavilənin şərtlərinə uyğun olaraq işəgötürən fəaliyyət göstərdiyi inzibati binalarda birbaşa vəzifə funksiyalarını icra etdiyi bildirilmişdir. Eyni zamanda cəmiyyət rəhbərliyi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli vəzifə təlimatının 4-cü hissəsinin 5-ci və 6-cı bəndlərində zərurət yarandıqda bölmənin iş struktur vahidi rəhbərinin və birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsinin onun vəzifə öhdəliklərinə aid olduğu qeyd edilmişdir. Təqdim olunmuş iş vaxtının uçotu cədvəllərindən 2023-cü ilin avqust, sentyabr aylarında iş vaxtından artıq işlərə cəlb edilmədiyi müəyyən olunmuşdur. Müraciətdə adı qeyd olunan digər müəssisə - Sumqayıt Trikotaj Fabriki ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin etaxes.gov.az inernet portalında kommersiya qurumlarının dövlət reyestri məlumatlarına baxış keçirilərkən həmin müəsissə ilə əlaqədar hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin bildirilən ünvana (ünvan 1ənin araşdırılması məqsədi ilə xidmət tərəfindən 3-17- 5/2-53156/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub ünvanlanmış, lakin məktub poçt şöbəsinə məxsus f-20 formasında “bağlıdır” qeyd edilərək məktub geri qaytarılmışdır. Məlum olduğu kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətin yerində araşdırılması mümkün olmamışdır. Müraciətdə qeyd olunan məlumatlar müraciətin həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədiyindən “vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən müraciətin Sumqayıt Trikotaj Fabriki ilə əlaqədar hissəsi baxılmamış saxlanılmışdır. Müraciətdə qeyd edilən digər məsələlər X6 Xidmətinin səlahiyyətlərinə aid deyildir. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmə hüququ vardır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-linqvistik ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2024-cü il tarixli, 3-16-16/2-4/867 nömrəli ekspert rəyindən görünür ki, 1 və 2-ci suallar üzrə rəyin tədqiqat prosessinin təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirdiyi “Camaat mənə nə deyər?”, “mənə tez-tez yaxınlaşır”, “bu mənim xoşuma gəlmir”, ”mənə smaylik atır” kimi ifadələrdə İddiaçı şərəf və ləyaqətini ləkələyib-ləkələməməsi, işgüzar nüfuzuna xələl gətiribgətirməməsi ilə bağlı tədqiqat aparılması və konkret nəticəyə gəlmək mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İddiaçı mahiyyətcə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən STP rəhbərliyi tərəfindən verilmiş 018-İRD/b nömrəli əmrin ləğv edilməsi və iddiaçının öz əmək fəaliyyətini davam etdirməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) iddia tələbinin dəyişdirilməsinə dair İddiaçı ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı məhkəməyə etiraz (məzmununda apellyasiya şikayəti) verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş etirazın (məzmununda apellyasiya şikayəti) onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1654/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında olan mübahisənin nəticəsi olaraq iddiaçının mənəvi iztirab keçirməsinə səbəb olan ifadələrin işlədilməsi üçün əsasların haradan yaranması, ümumiyyətlə, ifadələr işlətməsi üçün mübahisənin yaranması vaxtı və yeri barədə iddiaçı tərəfindən gətirilmiş dəlillər işin tədqiq olunan hallarına sübut və təsdiq olunmadığı üçün inandırıcı sayılmamışdır. Şərəf cəmiyyətin vətəndaşa münasibətini müəyyən edən şəxsiyyətin obyektiv, mənəvi və digər keyfiyyətlərinin sosial qiymətləndirilməsidir. Hər bir cəmiyyətin müəyyən olunmuş birgə yaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Bu qaydaları məcəllələşdirən və ümum məcburi davranış qaydalarına çevirən dövlət isə bu normaların cəmiyyətə tətbiqi və onlara əməl edilməsinə nəzarəti həyata keçirir. Bu məcəllələşdirilmiş hüquq sahələrindən biri də mülki hüquq normalarıdır. İddiaçının məhkəməyə qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciətə cavabdan müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə onun tərəfindən baxış keçirilərkən onunla "xxxx" MMC-nin rəhbərliyi arasında bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu müəyyən edilmiş, "xxxx" MMC-nin (bundan sonra – cəmiyyət) rəhbərliyi tərəfindən xidmətə təqdim edilmiş məktub və sənədlərdən onunla cəmiyyət rəhbərliyi arasında xx.xx.2012-ci il tarixində əmək müqaviləsi bağlanılaraq İS və XO yığışdıran vəzifəsinə (məşğulluq təsnifatı üzrə xadimə) işə qəbul olduğu, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə öz razılığı ilə dəyişiklik edilərək çayçı vəzifəsinə keçirildiyi məlum olmuşdur. Cəmiyyət rəhbərliyi tərəfindən xidmətə təqdim edilmiş məktubda müraciətdə qeyd olunanların həqiqətə uyğun olmadığı qeyd edilmiş, cəmiyyətin tərkibində “Sumqayıt Trikotaj Fabriki” müəssisənin mövcud olmadığı, onun vəzifə funksiyalarına aid olmayan işlərə cəlb olunmadığı, işəgötürənin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, Texno-Park sahəsində yerləşən istehsalat və inzibati binalardan ibarət əmlak kompleksində fəaliyyət göstərdiyi, onun digər işçilər kimi əmək müqavilənin şərtlərinə uyğun olaraq işəgötürən fəaliyyət göstərdiyi inzibati binalarda birbaşa vəzifə funksiyalarını icra etdiyi bildirilmişdir. Eyni zamanda cəmiyyət rəhbərliyi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli vəzifə təlimatının 4-cü hissəsinin 5-ci və 6-cı bəndlərində zərurət yarandıqda bölmənin iş struktur vahidi rəhbərinin və birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsinin onun vəzifə öhdəliklərinə aid olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması gedişatında qeyd olunan xüsusatlarla bəabər araşdırma aparılmış, ekspertiza təyin edilmiş, sübutların təqdim olunması üçün şərait yarılmış, lakin iddia tələbinin hüquqi əsası öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (MM 1096.1 və 1096.2.). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş materiallarını tədqiq edərək bu qənaətə gəlir ki, iddiaçı şərəf və ləyaqətin müdafiəsinə dair iddia tələbi irəli sürərkən onun əsasının nədən ibarət olmasını sübuta yetirə bilməmişdir. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə şərəf və ləyaqətinin alçaldan ifadələr işlədilməsi nəticəsində mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbini iş materiallarında olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı iddia tələbi ilə bağlı mənəvi zərər tələb edərkən, onun əsasının hansı hüquqlarının pozulması nəticəsində onda mənəvi sarsıntı keçirməsi və bununla bağlı dəlilləri məhkəmədə öz təsdiqini tapmamışdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarı 35. Bənd 3 Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və sair üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. İddiaçı ona 10000 manat mənəvi ziyanın cavabdeh "xxxx" MMC-dən alınması tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti) “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ekspertiza xərci ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ekspertiza xərci 150 manat təşkil etdiyindən, ekspertiza xərci iddiaçiya aid edilməli, İddiaçı 150 manat tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti) “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 150 (bir yüz əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar