Məhkəmə qərarları › İş №2(060)-2009/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2009/2021

08.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2009/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (eyni zamanda İddiaçı4 nümayəndəsi), Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Cavabdeh qarşı mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi və əmlak bölgüsü tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 (bundan sonra - iddiaçılar) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh və mərhum ataları X4 arasında bağlanmış ünvan 3-ə görə bağlanmış mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi və həmin əmlak üzərində hüquqlarının bərpa edilərək qanun üzrə birinci dərəcəli vərəsələr kimi paylarının bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıların qardaşıdır. Tərəflərin anaları xx.xx.2009-cu il tarixdə, ataları xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. Mərhum ataları vəfatından 2 il öncə Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25-də yerləşən 11 saylı mənzili cavabdehə bağışlamışdır. Mənzil cavabdehə ona görə bağışlanmışdır ki, cavabdeh mərhum atalarına qulluq göstərməli, onun qayğısına qalmalı idi. Lakin, cavabdeh bunlardan heç birini etməmişdir. Mərhum ataları son günlərini iddiaçılardan İddiaçı2 evində keçirmiş və ona İddiaçı2 baxmışdır. Atalarının vəfatından sonra iddiaçılar cavabdehə onun atası qarşısında övladlıq borcunu yerinə yetirmədiyindən mübahisəli mənzili sataraq onun dəyərini vərəsələr arasında bölünməli olduğunu bildirmişlər. Cavabdeh bununla razılaşmış, mənzilin açarını İddiaçı3 vermişdir. Lakin, daha sonra cavabdeh verdiyi sözə əməl etməyərək mənzilin açarını geri tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar və İddiaçı4 nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir. Atası vəfatından əvvəl mülkiyyətində olan evləri vərəsələri arasında bölmüşdür. İddiaçılar özlərinə düşən payları almış olmalarına baxmayaraq, hazırda onun payının da aralarında bölünməsini tələb edirlər. Mübahisəli mənzil hazırd yaxşı vəziyyətdə deyildir və cavabdeh orada yaşamır. Belə ki, əvvəllər onun evi yox idi və bu səbəbdən iddiaçılar həmin mənzilin ona bağışlanmasına etiraz etməmişdilər. Lakin, sonradan o başqa ev almışdır və iddiaçılar bunu bildikləri üçün hazırkı mənzilin mübahisəsinə başlamışlar. Cavabdehin 4 övladı vardır. Bundan əlavə İddiaçı4 İddiaçı3 etibarnaməni ona qarşı iddia qaldırılması üçün verməmişdir. Sonuncu etibarnamədən sui-istifadə etmişdir. Qeyd edilənlər əsasında cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı2 xx.xx.1969-cu ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı1 xx.xx.1981-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı3 xx.xx.1974-cü ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı4 xx.xx.1970-ci ildə anadan olmuşdur. Cavabdeh xx.xx.1968-ci ildə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə, eyni zamanda məhkəmə sorğusu əsasında Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin tərəfindən məhkəməyə göndərilmiş 4ə-354 saylı bağışlama işinin materialları ilə müəyyən edilir ki, X4 ilə X3 arasında xx xxxxxx 1968-ci il tarixdə nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, tərəflərin ataları X4, anaları isə X1r. Ölüm haqqında şəhadətnamənin surətlərindən görünür ki, tərəflərin anaları X2 xx.xx.2009-cu il tarixdə, ataları X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. ünvan 3 (bundan sonra – mübahisəli mənzil) qeydiyyat vəsiqəsinə əsasən Kamal Bayramova məxsus olmuş və xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən onun tərəfindən cavabdehə bağışlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən mübahisəli mənzil cavabdehin adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (666.1.). Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır (668.1.1.). Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər (670.1.). Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər (670.3.). Hazırkı halda iddiaçıların əsas dəlili ondan ibarətdir ki, mübahisəli mənzil cavabdehə bağışlansa da, cavabdeh sonradan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onların atalarına baxmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Əgər şərt kimi qaçılmaz (labüd) olaraq yaranacaq hal göstərilmişsə, belə müqavilə şərtli bağışlama müqaviləsi hesab edilə bilməz. Bu əvvəlcədən bəlli olan, müəyyən vaxtdan hədiyyəni bağışlamaq vədini özündə əks etdirən sadə şərtsiz bağışlama müqaviləsidir. MM-in 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə,müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərəalınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. İşdən göründüyü kimi xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsi hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərtləndirilməmişdir. Yəni, həmin müqaviləyə əsasən cavabdeh ö\ üzərinə hər hansı öhdəlikləri yerinə yetirmək vəzifəsi götürməmişdir. Bu isə Kamal Bayramovun vərəsələri olan iddiaçılara həmin müqaviləni mübahisələndirmək üçün əsas vermir. Müqavilənin ləğvi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi əsaslara gəldikdə isə qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2). Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (422.1). Göründüyü kimi xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin ləğvi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi əsaslardan da hər hansı biri mövcud deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı Cavabdeh ilə X4 arasında bağlanmış ünvan 3-in bağışlanması müqaviləsinin ləğv edilməsi və həmin əmlak üzərində iddiaçıların hüquqlarının bərpa edilərək qanun üzrə birinci dərəcəli vərəsələr kimi paylarının bölünməsi barədə iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar