Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2042/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı 25.02.2007-ci il təvəllüdlü X4, 12.03.2008-ci il təvəllüdlü X2, 03.11.2009-cu il təvəllüdlü X5, 29.08.2011-ci il təvəllüdlü X6 və 03.12.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 965 manat alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə 2007-ci il tarixdə faktiki nikah münasibətlərinə girməklə ailə həyatı qurmuşdur. Nikahlarını 19.12.2012-ci il tarixində rəsmiləşdirmişdirlər. Birgə nikahdan onların 25.02.2007-ci il təvəllüdlü X11, 12.03.2008-ci il təvəllüdlü X7, 03.11.2009-cu il təvəllüdlü X12, 29.08.2011-ci il təvəllüdlü X13 və 03.12.2018-ci il təvəllüdlü X9 adlı övladı olmuşdur. Artıq 3 ildir ki, ər-arvad münasibətləri yoxdur, onlar ayrı yaşayırlar. Hazırda cavabdeh uşaqların saxlanılmasına maddi köməklik göstərmir. Övladlarının saxlanması ona çətinlik yaradır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, övladlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment ödəyə biləcək imkana malik olmadığını, cəmi 300 manat maaş aldığını, 180 manat pensiya aldığını və eyni zamanda kredit ödənişlərinin olduğunu bildirdi. O, eyni zamanda iddiaçı və uşaqları ilə yaşamadığını, münasibətlərinin pozulmasının səbəbinin iddiaçının olduğunu və uşaqları ilə maraqlandığını, onların qayğısına qaldığını bildirdi. O, eyni zamanda başqa qadınla münasibəti olduğunu və bu izdivacdan bir uşağının doğulduğunu bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında 19.12.2012-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 2149 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 25.02.2007-ci il təvəllüdlü X11, 12.03.2008-ci il təvəllüdlü X7, 03.11.2009-cu il təvəllüdlü X12, 29.08.2011-ci il təvəllüdlü X13 və 03.12.2018-ci il təvəllüdlü X9 adlı övladları vardır. - Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, 25.02.2007-ci il təvəllüdlü X4, 12.03.2008-ci il təvəllüdlü X2, 03.11.2009-cu il təvəllüdlü X5 və 29.08.2011ci il təvəllüdlü X6 atası Cavabdehdur. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26.01.2022 tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin Cavabdeh iştirak etməmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı 515 manat məbləğində sosial yardım alır. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də fəhlə işləyir. Aylıq əmək haqqı 300 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 2007-ci ildə faktiki nikaha daxil olmuşlar. Nikahlarını 19.12.2012-ci il tarixində rəsmiləşdirmişdirlər. Birgə nikahdan tərəflərin 5 övladı olmuşdur. Tərəflər faktiki olaraq 3 ildir ki, ayrılmışlar. İddiaçı 515 manat məbləğində sosial yardım alır. O, işləmir, evdar qadındır. Cavabdeh işləyir və aylıq əmək haqqısı 300 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, iddiaçının sosial yardım aldığını, cavabdehin müntəzəm gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 17.02.2022-ci il tarixdən başlayaraq 25.02.2007-ci il təvəllüdlü X4, 12.03.2008-ci il təvəllüdlü X2, 03.11.2009-cu il təvəllüdlü X5, 29.08.2011-ci il təvəllüdlü X6 və 03.12.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 500 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 6.000 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 17.02.2022-ci il tarixdən etibarən 25.02.2007-ci il təvəllüdlü X4, 12.03.2008-ci il təvəllüdlü X2, 03.11.2009-cu il təvəllüdlü X5, 29.08.2011-ci il təvəllüdlü X6 və 03.12.2018ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 500 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2042/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2042/2022
25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver