Məhkəmə qərarları › İş №2(060)-2053/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2053/2022

12.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2053/2022 12.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 18.11.2006-ci il təvəllüdlü X2 və 25.01.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində - 193 (yüz doxsan üç) manat alimentin tutularaq ona verilməsi, həmçinin çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 (iyirmi beş) manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, o, İddiaçı Cavabdeh ilə 14 fevral 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 18.11.2006-ci il təvəllüdlü X7 və 25.01.2008-ci il təvəllüdlü X8 adlı uşaqları dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2018 saylı, 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında Sumqayıt şəhər Nikah evində 10 aprel 2011-ci ildə 230 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 18.11.2006-ci il təvəllüdlü X2 və 25.01.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək onun yanında qalmaları qət edilmişdir. Qeyd edir ki, nikahlarının pozulması ilə bağlı məhkəmə prosesi zamanı o, ərizə ilə məhkəməyə müraciət edərək uşaqlarının saxlanılması üçün aliment tələb etmədiyini bildirmişdir. Cavabdeh də nikahlarının pozulduğu vaxtdan bu günədək uşaqların saxlanılmasında heç bir köməklik göstərməmişdir. Hal-hazırda uşaqların tələbatlarını qarşılamaqda çətinlik çəkdiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə nikahlarından olan 18.11.2006-ci il təvəllüdlü X2 və 25.01.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində - 193 (yüz doxsan üç) manat alimentin tutularaq ona verilməsi, həmçinin çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 (iyirmi beş) manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda məhkəməyə teleqram vuraraq, o, səhhəti ilə bağlı iclaslarda iştirak edə bilmir. Məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, iddiaçı ilə 2008-ci ilin fevral ayında rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları var. Nikahları məhkəmə qaydasında pozulmuşdur. O, 2-ci qrup əlildir. Rəsmi iş yeri yoxdur. Mebel ustasıdır, “Riad” TM-də qeyri rəsmi çalışır. Hazırda o, ikinci dəfə ailə qurmuş və həmin nikahdan da iki övladı var və onlarla birlikdə kirayədə yaşayır. Lakin buna baxmayaraq o, hər uşağa 75 manat olmaqla, ümumilikdə 150 manat aliment ödəyə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2018 saylı, 17.01.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, X4 ilə Məmmədova (Mirzəyeva) Fatma Rasim qızı arasında Sumqayıt şəhər Nikah evində 10 aprel 2011-ci ildə 230 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş 28.11.2006-cı il təvəllüdlü X14 qızı və 25.01.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan AZE seriyalı, № 12338269 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 18.11.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, № 12314949 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 25.01.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ İİ № 318856 saylı, 17.02.2019-cu il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 17 fevral 2017-ci il tarixdə bağlanmış və 377 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan, 06.12.2021-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X9 06.11.2021-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 6107 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 28.01.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Əlimardanov Fərid Qalib oğlu Sumqayıt şəhəri Mediasiya Şurasının mediatoru X6 28.01.2022-ci il tarixində, təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Əlimardanov Fərid Qalib oğlu ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında 2022-ci il üçün “X10” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki halda 18.11.2006-ci il təvəllüdlü X2 və 25.01.2008-ci il təvəllüdlü X3 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi qismən təmin edilərək bu məbləğ hər uşağa 120 manat olmaqla, ümumilikdə 240 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 18.02.2022-ci il tarixdə daxil olmuşdur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə Cavabdeh 18.11.2006-ci il təvəllüdlü X2 və 25.01.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin 18.02.2022-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 18.11.2006-ci il təvəllüdlü X2 və 25.01.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin 18.02.2022-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manatın yarısı kimi 25 (iyirmi beş) manat alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar