Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2106/2020 03.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qızı xx.xx.2016-cı il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saaat 18:00-dan bazar günü saat 19:00-dək ünsiyyət hüququnun verilməsi və uşağın doğum günü, bayram günlərində isə 5 saat ünsiyyətdə olma hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü Səma adlı bir qızları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah ləğv edilmiş və qızı cavabdehin himayəsində qalmaqla uşağın saxlanılması üçün ondan aliment tutulması qət olunmuşdur. Cavabdeh qızı ilə ünsiyyət saxlamağa imkan vermədiyindən, o bir valideyn kimi uşağı ilə ünsiyyət saxlamaq, onun qayğısına qalmaq istəyir. Yuxarıda qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə qismən etiraz edərək bildirdi ki, o, İddiaçı ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahdan Səma adlı qızları anadan olmuşdur. Əvvəllər ailə münasibətləri normal olmuş, lakin sonradan müəyyən səbəblərə görə pisləşmişdir. Bu səbəbdən də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və həmin nikahdan doğulmuş qızları onun himayəsinə verilmişdir. Sumqayıt şəhər İH-nin Himayəçilik və Qəyyumluq Komissiyasının xx.xx.2019-cu il tarixli, 452 nömrəli qərarına əsasən xx.xx.2016-cı il təvəllüdlü qızı Səmanın onun iştirakı ilə babası X1 və nənəsi X2 ilə hər həftənin şənbə günü saat 12:00-dan 17:00-dək ünsiyyətdə olma müddəti müəyyən edilmişdir. Elə bu səbəbdən də uşağın babası X1 hər həftə gələrək, uşaqla görüşüb ünsiyyətdə olurlar. Lakin o uşağın gecə atasının yanında qalmasına etiraz edir. Belə ki, qaynı şizofren xəstəliyindən əziyyət çəkir. Əgər uşaq gecə atasının yanında qalarsa, bu uşağın psixolji vəziyyətinə təsir edə bilər. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. (iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 816/05/70 nömrəli arayışa əsasən) İş materiallarında olan Sumqayıt şəhər İH Qəyyumluq və Himayəçilik Komissiyasının 289 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Komissiya tərəflər arasında olan mübahisəyə görə uşağın atası ilə ünsiyyət hüququnun məhdudlaşdırılmasını yolverilməz hesab etmiş və uşağın mənafeyini nəzərə alınmaqla İddiaçı övladı, xx.xx.2016-cı il təvəllüdlü X8 ilə ünsiyyət müddətinin müəyyən edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə vermişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-6604/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında olan Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində xx xxxxxxx 2015-ci il tarixdə bağlanmış və 2370 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2016-ci il təvəllüdlü X4 anası - Cavabdeh himayəsinə verilməsi, İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında və 70 (yetmiş) manat sabit pul məbləğində alimentin xx.xx.2019-cu il tarixdən başlayaraq tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 850 nömrəli arayışdan görünür ki, Abışova X3 şəhəri, İnşaatçılar qəsəbəsi, ev 5/3, mənzil 4 ünvanında qeydiyyatdadır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq və Sumqayıt şəhər İH Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinə görə uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Məcəllənin 61.3-cü maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata kesirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 18-ci maddəsinə görə valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, valideynlərdən biri başqa dövlətdə yaşadıqda uşaqların onunla ünsiyyətdə olması hallarına xüsusi diqqət verilməlidir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi - iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir (7-ci bənd). Valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə bağlı işlərə baxılarkən məhkəmə qəyyumluq və himayədarlıq orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitinin müayinə edilməsinə dair aktı və mübahisəyə dair həmin akta əsaslanmış rəyi tələb etməlidir (11-ci bənd). Məhkəmə hesab edir ki, iddiaçının övladl xx.xx.2016-cı il təvəllüdlü X7 ilə ünsiyyətdə olmaq hüququ vardır və cavabdehin buna mane olması həm iddiaçının, həm də uşağın hüquqlarının pozulmasına səbəb olur. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, uşaqların qanunla qorunan mənafeyini, həmçinin uşaqlarla birgə yaşamayan valideynin onunla ünsiyyətdə olmaq hüququnun olmasını, lakin uşaq azyaşlı olduğu üçün mütəmadi olaraq ana qayğısına və nəzarətinə tələbatının olmasını, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı övladı - xx.xx.2016-cı il təvəllüdlü X7 ilə həftənin bazar günü 4 saat olmaqla, saat 12:00-dan saat 16:00-dək, o cümlədən uşağın doğum və bayram günlərində isə 3 saat olmaqla ünsiyyət müddətinin müəyyən edilməsi həm tərəflərin, həm də uşağın qanunla qorunan mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı övladı xx.xx.2016-cı il təvəllüdlü X7 ilə hər həftənin bazar günü 4 saat olmaqla, saat 12:00-dan saat 16:00-dək, uşağın doğum və bayram günlərində isə 3 saat olmaqla ünsiyyətdə olmaq hüququ təmin edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2106/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2106/2020
03.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver