Məhkəmə qərarları › İş №2(060)-2123/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2123/2023

22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2123/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş fiziki və mənəvi ziyan olaraq 20.000 manatın dövlət büdcəsindən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, 03 fevral 2022-ci il tarixdə Sumqayıt şəhərində “İdeal” servisin qabağında avtomaşının təmiri ilə əlaqədar durduğu zaman Sumqayıt şəhər Polis İdarəsinin 15-20 polis əməkdaşı üstünə hücum çəkmiş, dərhal əlini qandallayıb, üstünü axtarmış, heç nə tapa bilməmişlər. Bundan sonra hamının gözünün qabağında onu zorla polis maşınına mindirib polis idarəsinə aparmışlar. Orada ikinci mərtəbədə yerləşən 211 saylı otağa aparıb döyməyə başlamışlar. Onlara bildirmişdir ki, 20 gün əvvəl ürək əməliyyatı keçirmişdir, onu döyməsinlər, ölə bilər. Onun bu xəbərdarlığı və yalvarışları da bir nəticə verməmiş, yenə də döyməyə davam etmişlər. Polislərdən biri cibindən narkotik çıxarıb başında olan papağın arasına qoymuş və bildirmişdir ki, indi təhqiqatçının yanına gedəcəklər, bu 8 qram heroini üstündən çıxaracaqlar, deyərsən ki, Saray bağları tərəfdə tanımadığı adamdan almışdır. O, hirslənib papağı əli ilə vurub başından atmış və bildirmişdir ki, bunu etiraf edən deyil. Yenə də döyməyə başlamışlar. Bu vaxt otaqda olan rəis Azər soruşmuşdur ki, haralısan, demişdir ki, Naxçıvanlıdır, Şərur rayonundandır. Bundan sonra həmin rəis polisləri otaqdan çıxartmış, demişdir ki, o, da Culfadandır, yerlidirlər, ona yazığı gəlir, onu sifariş veriblər, o, tutulmalıdır, yaxşısı budur, o, yuxarıdakılarla məsləhətləşər, deyər ki, onu ondan xahiş ediblər, amma sən heç olmasa az etiraf elə, canını qurtar, yoxsa külli miqdarda gedəcəksən türməyə. O da ürək əməliyyatından təzə çıxdığına, işgəncələrdən ölə biləcəyindən, üstəlik külli miqdarda narkotiklə yüklənəcəyindən qorxaraq razılaşmışdır. Sonradan rəis ad çağırmış, demişdir ki, buna narkotiki az qoyun. Polislərdən biri bükülü bir şeyi onun şalvarının üstündə olan “pistonun” içinə qoymuşdur. Başqa cibindəki əşyaları yenidən cibinə qoymuş, onu təhqiqatçının yanına 4-cü mərtəbəyə qaldırmışlar. Onu tutandan təhqiqatçının otağına gedənə qədər ən azı 3-4 saat keçmişdi. Otaqda təhqiqatçı və vəkil var idi. Çəkilişə başlamışlar, təhqiqatçı demişdir ki, cibində nə var qoy stolun üstünə. O, cibində olanları çıxartmış, amma pistonda olana əl vurmamışdır. Pistondan o narkotiki təhqiqatçı özü çıxartmışdır. Hər şeyi polisin ssenarisi ilə rəsmiləşdirmiş, izahat yazmış, ona imza etdirmiş və həbs eləmişdirlər. Məhkəməyə gətirəndə hakimə demişdir ki, onu şərləyiblər, hətta polislərin ünvanına söyüşlər də işlətmiş, amma hakim heç nəyə əhəmiyyət vermədən barəsində həbs qərarı vermişdir. Onu Şüvəlana aparandan sonra ilk olaraq apellyasiya şikayəti, həm də Prokurora, polisə şikayətlər yazmışdır. Onun şikayətinə Apellyasiyada baxılan vaxtı artıq qardaşı tərəfindən vəkil tutulmuşdu, vəkil həbs sənədləri ilə tanış olub, qanunsuzluqlar barəsində Apellyasiya Məhkəməsinə bildirmiş və məhz bundan sonra Apellyasiya Məhkəməsi onu buraxmış və öz qərarında polisin, müstəntiqin, prokurorun yol verdiyi qanun pozuntuları barədə göstərmiş və elan etmişdir ki, əməlliyyatı keçirənlər, müstəntiq və prosessual rəhbərlik edən porkuror barədə xüsusi qəraradad çıxarır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olmuşdur. Onu da qeyd edir ki, qanunsuz olaraq saxlanıb fıziki təsirlərə düçar olduğu üçün İstintaq Təcridxanasında xx.xx.2022-ci il tarixdə ikinci infarkt keçirtmiş və onu təcili olaraq xəstəxanaya yerləşdirmişlər, onu Apellyasiya Məhkəməsinin qərarı ilə məhz xəstəxanadan azadlığa buraxmışlar. İndi artıq əlil olmuşdur, ona məhz ikinci infakta görə 2-ci qrup əlillik müəyyən edilmişdir. Polislərin qanunsuz hərəkətləri, işgəncələri nəticəsində bu yaşında artıq əlilliyə məhkum olmuşdur. Bu fiziki və mənəvi işgəncələrə görə polislər qanun qarşısında cavab verməlidirlər və ona vurulmuş maddi və mənəvi ziyana görə ona kompensasiya verilməlidir. O polisdə olarkən ona edilən fiziki və mənəvi təzyiqlər zamanı çox böyük stress və həyəcan yaşamışdır, şəxsiyyəti təhqir edilib, hətta ölümü də gözünün önünə almışdır. Çünki ürək əməliyyatından təzə çıxmışdı və fikirləşirdi ki, bu təzyiqlərə təzə əməliyyat olunmuş ürəyi dözməyəcək və öləcək. Bütün bu təzyiqlər nəticəsində guya onda narkotik olmasını da “etiraf” etməyə məcbur olmuş və həbsə atılmışdır. Həbs yerində onun iztirablarını və fiziki və mənəvi əziyyətlərini izah etməyə ehtiyac yoxdur. Bu yaşında polislərin işgəncə və təhqirlərinə məruz qalmaq, ürək xəstəsi olaraq həyat və ölüm təhlükəsini yaşamaq böyük streslərə və həyəcana səbəb olmuşdur. İstintaqın sonunda ona qarşı irəli sürdükləri ittiham təsdiq edilmədiyinə və əldə edilmiş sübutlar qanunsuz yolla əldə edildiyinə görə Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanovun 21 may 2022ci il tarixli qərarı ilə barəsində olan cinayət işinə AR CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Ona görə də hazırkı cinayət ittihamına və ona qarşı edilmiş fiziki və mənəvi təhdidlərə görə kompensasiya tələbi ilə məhkəməyə müraciət edir. İşin hallarından görünür ki, o, polisin qeyri qanuni hərəkətləri nəticəsində fiziki və rnənəvi ziyan çəkmişdir, onların qanunsuz ittihamları əsasında həbsə düşmüş, onların bu zoraklıqları və təzyiqləri nəticəsində istintaq təcridxanasında ikinci dəfə infarkt keçirmişdir, Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilmişdir, həbsdən azad ediləndən sonra dəfələrlə ikinci infakta görə müalicə alsa da, sonda bu ikinci infakt onu əlilliyinə səbəb olmuş və bütün bunlar da polislərin qeyri-qanuni, zorakı hərəkətləri, təhqiqatçı və müstəntiqin, eləcə də məhkəmənin qanunsuz qərarları nəticəsində qazanmışdır. Fiziki məhrumiyyətlərdən əlavə, mənəvi ziyan da çəkmişdir, bu yaşında heç bir təqsiri olmadan ailəsi, yaxınları, dostları arasında adı narkoman kimi hallanmış, qanunsuz həbsə atılıb orada infarkt keçirməyinə görə ölümlə üzləşmiş, mənəvi iztirablar səhhətini köklü surətdə pisləşdirmiş və bütün bunlar sonda onun əlillik qazanmağı ilə nəticələnmişdir. Ona görə də polis əməkdaşlarının, istintaq orqanının və məhkəmənin qanunsuz hərəkətləri və qərarları ilə ona vurulmuş fıziki və mənəvi ziyan ona ödənməlidir. Ona qarşı edilmiş qanunsuzluqlar nəticəsində vurulmuş fiziki və mənəvi zərərin miqdarını 20.000 manat miqdarında qiymətləndirir və bu məbləğin dövlət büdcəsi tərəfindən ona ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 13 yanvar 2022ci ildə ürək əməliyyatı keçirtmiş, ürəyinə stend qoyulmuşdur. 03 fevral 2022-ci ildə Sumqayıt şəhəri, 17-ci mikrorayonda mülki geyimdə polis əməkdaşları ona yaxnlaşaraq üzərinə baxış keçirmiş, üstündə heç nə tapmamış, lakin onu Polis Bölməsinə aparmışlar. Polis İdarəsində ona 4 saata qədər işgəncə vermiş və onun papağına narkotik vasitə qoymaq istəyəndə papağını tullamışdır. Buna görə onu yenidən 4 saat boyunca döymüşlər, axırda məcburiyyət qarşısında qalaraq üzərində 4 qram narkotik olması barədə sənədi imzalamışdır. Daha sonra iş məhkəməyə verilmiş, məhkəmə tərəfindən ona 3 ay müddətinə həbs qətimkan tədbiri təyin edilmişdir. X1 aparmışlar. Orada qaldığı 2-ci gecə infarkt keçirtmişdir. Daha sonra vəkilinin köməyi ilə apellyasiya şikayəti verilmiş, Apellyasiya Məhkəməsində bəraət qazanmışdır. Bildirir ki, Bölmədə ona göstərilən təzyiqlər nəticəsində şəkər xəstəliyinə tutulmuşdur. Hazırda dərman qəbul edərək yaşayır, həm şəkər, həm də ürək xəstəliyindən əziyyət çəkir, yenidən açıq ürək əməliyyatı olmalıdır. Buna isə külli miqdarda pul lazımdır. Bildirir ki, birinci dəfə onu Sumqayıt Hospitalda Tural adlı həkim əməliyyat etmişdi. İndi isə stend qoya bilməyəcəklərini bildirirlər. Həmçinin deyirlər ki, ürəyin fraksiyası zəif olduğuna görə açıq ürək əməliyyatı da etmək çox təhlükəlidir. Onun ürəyi cəmi 20 faiz işləyir. Bu səbəbdən hazırda onun ölüm təhlükəsi də var. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS843583950AZ saylı poçt gəndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) bildiriş göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-80/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 3 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi və həbs müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-16/2022-ci il traixli, xx.xx.2022ci il tarixli qərarından görünür ki, həmin qərarla təqsirləndirilən şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-80/2022 saylı, 05 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Namiq Mirzəzadənin vəsatəti və Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanovun təqdimatının təmin edilməməsi, təqsirləndirilən İddiaçı saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən həbsdən dərhal azad edilməsi qərara alınmışdır. İşdə olan 21 may 2022-ci il tarixli “İttiham aktının təsdiq edilməməsi, cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin ləğv edilməsi, ********* nömrəli cinayət işi üzrə Sumqayıt şəhər Pİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən tərtib olunmuş 16 may 2022-ci il tarixli ittiham aktının təsdiq edilməməsi, 03 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş 1,361 qram narkotik vasitə olan heroinin kimə məxsus olmasının müəyyən edilməsindən ötrü əlavə istintaq aparılması üçün cinayət işinin göstərişlə birlikdə qaytarılması, cinayət işinin ibtidai istintaqın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin xx.xx.2022-ci il tarixli 283 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs, 1965-cı il təvəllüdlü, İddiaçı xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq təcridxanasından təcili qaydada “Kəskin miokard infarktı” diaqnozu ilə ağır vəziyyətdə Müalicə müəssisəsinə köçürülmüşdür. O, klinik, laborator və instrumental müayinələrdən keçirilmişdır. Aparılan müayinələr nəticəsində xəstədə “Ü.İ.X. Sol mədəciyin ön divarının yayılmış kəskin miokard infarktı, koronar damarların stendlənməsindən sonrakı vəziyyət” diaqnozu müəyyənləşdirilərək sonrakı müayinə və müalicəsi üçün terapiya şöbəsinə köçürülmüşdür. Aparılan müalicə tədbirləri nəticəsində müsbət dinamika izlənilmişdir. Hazırda K.Əİiyevin vəziyyəti nisbi kafidir, müalicə tədbirləri davam etdirilir. İşdə olan Sumqayıt Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xəstə İddiaçı xx.xx.2022 tarixində Koronar Anjiyoqrafiya əməliyyatı icra olundu. 3.5 x 28 mm Biomatrix (DES) stent implatasiyası olundu. Açıqlıq tam sağlandı. Əməliyyat fəsadsız keçdi. Əməliyyat sonrası xəstənin şikayətləri keçdi. Əməliyyat sonrası gün xəstə reanimasiya təqibinə alındı. Şikayətləri qalmayan, ümumi vəziyyəti stabil olan xəstə xx.xx.2022-ci il tarixində sahə kardioloqunun nəzarətinə yazılaraq xəstəxanadan çıxarıldı. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, İddiaçı ”stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası, İİİ f.s, İnsulindən asılı olmayan şəkərli diabet, Koma ilə, Şəkərli diabet İİ tip, orta ağır forma, durğunluq ürək çatışmazlığı, Xroniki ürək çatışmazlığı İİİ f.s.EF=30%. Koronor angioplastik implantatın olması və transplantatın olması, stend implantasiyasından sonrkı vəziyyət” diaqnozu qoyulmuşdur. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, İddiaçı orqanizminin funksiyaları 75% faiz pozulmuş və ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Sumqayıt şəhər Məhkəməsinin 4(060)-80/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 3 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-16/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-80/2022 saylı, 05 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş və təqsirləndirilən İddiaçı saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən həbsdən azad edilmişdir. Sumqayıt şəhər Prokurorunun 21 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs İddiaçı barəsində cinayət təqibi üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı cinayət təqibini həyata keçirən orqanların səhvi nəticəsində ona vurulmuş fiziki və mənəvi ziyan olaraq 20.000 manat məbləğində pulun dövlət büdcəsindən alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsin barəsində bəraətverici hökm, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə vurulmuş ziyanın müəyyən edilmiş miqdarda və qaydada ödənilməsini tələb etmək hüququ vardır. Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı barəsində cinayət işi başlanılmış, o, 25 gün həbsdə qalmış, həmin müddətdə kəskin miokard infarktı keçirtmiş, daha sonra həbsdən azad edilmiş, barəsində başlanılmış cinayət təqibi üzrə icraata isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, yəni bəraətverici əsaslarla xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. (39.3) Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsas kimi istinad etdiyi halları təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurulmasını sübuta yetirə bilmişdir. Bu səbəbdən İddiaçı cinayət təqibini həyata keçirən orqanların səhvi nəticəsində ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının müəyyən müddətə həbs olunması ona mənəvi zərər vurmaya bilməzdi. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac yoxdur. Belə ki, bu barədə ən mötəbər sübut iddiaçı barəsində başlanılmış cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” haqqında Azərbaycan Respublikasınn Qanununun 12-ci maddəsinə əsasən Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Məhkəmə hesab edir ki, İddiaçı barəsində cinayət işi başlanılması və iddiaçının 25 gün həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stres, əzab və əziyyətlər, mənəvi sarsıntı və iztirab yetirsə də, o cümlədən həmin müddətdə iddiaçının sağlamlığında kəskin dəyişikliklər baş versə də bunun qarşılığının iddia edilən məbləğdə (20000 manat) ödənilməsi ağlabatan deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi olaraq 5000 manat pul dövlət büdcəsindən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövləti təmsil edir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyan dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olduğundan Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı hazırki iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı 5000 (beş min) manat pul ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar