Məhkəmə qərarları › İş №2(060)-2146/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2146/2022

05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2146/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək xəsarəti nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" MMC-yə (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən istehsalatda bədbəxt hadisə nəticəsində iddiaçının sağlamlığına dəymiş ziyanla bağlı 25 iyul 2018-ci il tarixindən 01 aprel 2021-ci il tarixinə kimi yaranmış 10080 manat pulun, 01 aprel 2021-ci il tarixindən sonra hər ay 315 manatın, 5000 manat mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3510/2021 saylı, 29.06.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 22.02.2022-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildən fasilələrlə cavabdeh müəssisədə müxtəlif vəzifələrdə işləyib. Cavabdehin 19.09.2019-cu il tarixli, 50 saylı əmri əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 25 iyul 2018-ci il tarixdə saat 12:20 radələrində dəzgahda tapşırılmış işi gördüyü zaman sağ əlinin birinci (baş barmaq), ikinci və üçüncü barmaqları amputasiya, dörcüncü barmağı isə posttravmatik deformasiyaya uğraması nəticəsində iddiaçıya əmək xəsarəti yetirilmişdir. Başına gələn bədbəxt hadisədə cavabdehin təqsiri qanunvericiliyə uyğun tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında İZ formalı, 04 oktyabr 2018-ci il tarixli, 01 nömrəli aktla və həm də qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərarı və 22 may 2020-ci il tarixli, 2(060)-96/2020 saylı qətnaməsilə təsdiq olunur. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının sağlamlığına zərər vurulmuşdur. Zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də o, iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzini ödəməkdən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Vergilər Xidmətindən aldığı məlumata görə cavabdeh müəssisə hazırda fəaliyyətini dayandırmayıb, işləyir. Bədbəxt hadisə nəticəsində onun barmaqları müxtəlif xəsarətlər almışdır. Bu səbəbdən iş yerini itirmişdir. Cavabdeh tərəfindən ona heç bir ödəniş edilməyib. Sığortadan da heç bir ödəniş almamışdır. Cavabdeh müəssisənin mühasibatlığına müraciət etsə də, bir nəticə əldə edə bilməmişdir. Onun əmək haqqı təxminən 700-750 manat arasında olmuş və işin həcminə uyğun dəyişilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, hazırda cavabdeh müəssisə fəaliyyətini dayandırıb. Onun üçün də işə əvvəl baxılarkən heç bir bildiriş əldə edə bilməmişlər. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının sağlamlığı qismən pozulub, bir barmağını itirib. Ona müəyyən məbləğdə pul ödənilib. İddiaçı xəstəxanada olanda onun xəstəxana məsrəfləri ödənilib. Onda olan məlumata görə sığorta şirkəti də ona pul ödəyib. Cavabdehin əməkhaqqı təxminən 500-600 manat olub. Müəssisədə həmin vaxt əmək haqqının bir hissəsi kart vasitəsilə, bir hissəsi isə nəğd şəkildə ödənilirdi. Müəssisənin fəaliyyəti dayandırıldığından mühasibat sənədləri hazırda cavabdehdə yoxdur. Belə ki, həmin sənədlər "xxxx" ASC-yə təhvil verilib. Məhkəmə sorğu verərsə həmin sənədləri ala bilər. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdii. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyən edilir ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Kommersiya qurumlarının dövlət reyestri məlumatına əsasən cavabdehin hüquqi ünvanı ünvan 2ür ki, iddiaçı 05.01.2016-cı il tarixindən 04.04.2017-ci il tarixinədək, 09.03.2018-ci il tarixindən 19.09.2019-cu il tarixinədək cavabdeh müsəssisədə müxtəlif vəzifələrdə işləmişir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-96/2020 saylı, 22 may 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin 04.04.2017-ci il tarixli əmri ləğv edilmiş və iddiaçının 04.04.2017-ci ildən 09.03.2018-ci ilədək cavabdeh müəssisədə işlədiyi dövr əmək stajı hesab edilmişdir. Bununla bağlı əmək kitabçasında müvafiq qeyd aparılmışdır. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında cavabdeh tərəfindən tərtib edilmiş 04 oktyabr 2018-ci il tarixli, 01 saylı aktda göstərilmişdir ki, 25.07.2018-ci il tarixində iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində sağ əlinin barmaqları dəzgahın bıçaqları arasında qalmış və sağlamlığına ziya dəymişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında iddiaçının əmək qabiliyyətini 45 faiz itirdiyi və ona ikinci dərəcəli əlillik təyin olunduğu göstərilmişdir. İş materiallarında olan iddiaçının zərərçəkmiş şəxs kimi çıxış etdiyi X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin materiallarında olan Məhkəmətəhlükəsizlik texnikası ekspertizasının 24 dekabr 2018-ci il tarixli 32495 nömrəli və əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 10 aprel 2019-cu il tarixli 8690 nömrəli rəyləri ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin zavodunda elektrik kabellərin izolyasiyasının təmizlənməsi üçün quraşdırılmış dəzgahın işçi zonasının (fırlanan vals tipli valların qarşısı) qoruyucu örtükdə örtülməsi təmin edilmədiyinə, dəzgahda təhlükəsiz işləməsi üsullarıvə qaydaları barədə istismar təlimatı hazırlanmadığına, eləcə də, işə mexanik vəzifəsinə qəbul edilməsinə baxmayaraq müəssisədə fəhlə kimi işləyən İddiaçı ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar və bilik səviyyəsinin yoxlanması keçirilmədən həmin dəzgahda işləməsinə icazə verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “İstehsalat Avadanlığı. Ümumi təhükəsizlik tələbləri.” 12.2.003-91 DÜST-nin (dövlət standartının) 1.1, 1.2, 1.4, 1.5 və “İşçilərin əməyinin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər.” 12.0.004-79 DÜST-nin (dövlət standartının) 1.1, 2.5, 3.10 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbidir. Ekspertizaya təqdim olunmuş materiallarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, baş vermiş hadisə ilə əlaqədar: "xxxx" MMC-nin zavodunda elektrik kabellərin izolyasiyasının təmizlənməsi üçün quraşdırılmış dəzgahın işçi zonasının (fırlanan vals tipli valların qarşısı) qoruyucu örtükdə örtülməsini təmin etmədiyinə və dəzgahda təhlükəsiz işlənməsi üsulları və qaydaları barədə istismar təlimatı hazırlanmadığına görə “İstehsalat Avadanlığı. Ümumi təhükəsizlik tələbləri.” 12.2.003-91 DÜST-nin (dövlət standartının) 1.1, 1.2, 1.4, 1.5 bəndlərinin tələbləri "xxxx" MMC-nin direktor müavini X4 və böyük mexanik X2 tərəfindən pozulmuşdur. İşə mexanik vəzifəsinə qəbul edilməsinə baxmayaraq, müəssisədə fəhlə kimi işləyən İddiaçı ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar və bilik səviyyəsinin yoxlanılması keçirilmədən elektirk kabellərin izolyasiyasının təmizlənməsi üçün nəzərdə tutulmuş dəzgahda işlənməsinə icazə verdiyinə görə, “İşçilərin əməyinin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər.” 12.0.004-79 DÜST-nin (dövlət standartının) 1.1, 2.5, 3.10 bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru X8 tərəfindən pozulmuşdur. İşə mexanik vəzifəsinə qəbul edilməsinə baxmayaraq müəssisədə fəhlə kimi işləyən İddiaçı ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandımalar və bilik səviyyəsinin yoxlanılması keçirilmədiyini nəzərə aldıqda, onun tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının pozulması müəyyən edilmir. Öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər (36.6.). Cavabdehin hüquqi ünvanı Bakı şəhərində olsa da, işdən görünür ki, iddiaçı cavabdehə məxsus Sumqayıt şəhərində yerləşən zavodda işləyərkən istehsalat qəzası nəticəsində sağlamlığına ziyan dəymişdir. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsi hazırkı işə baxmaqda səlahiyyətlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra – Əmək Məcəlləsi) əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir (239.1) . İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir (239.2). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir (239.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”na əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır (1.1). Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir (1.2.). İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir (2.1.). Azərbaycan Respublikası Prezidentinin 04.08.2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” nda göstərilmişdir ki, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir (5.1). Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir (5.6.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi özəlləşdirmə prosesində olan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə müəssisənin özəlləşdirilməsi başa çatanadək ödənc müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Müəssisənin özəlləşdirilməsi başa çatdıqdan sonra isə həmin ödənc müəssisənin özü tərəfindən verilməlidir. İşdən göründüyü kimi cavabdeh özəl müəssisədir və iddiaçı həmin müəssisədə işləyərkən istehsalat qəzası nəticəsində sağlamlığına ziyan dəymiş və əmək qabiliyyətini 45 faiz itirmişdir. İşdə olan cinayət təqibinə xitam verilməsi haqqında qərarla iddiaçının sağlamlığına dəymiş ziyanla bağlı cavabdehin əməkdaşlarının təqsirli olmaları müəyyən edilir. İddiaçı cavabdeh müəssisədə işləyərkən təxminən 700-750 manat əmək haqqı aldığını əsas gətirərək həmin əmək haqqıya uyğun olaraq ödənilməyən 10080 manat aylıq ödənişin və məhkəməyə müraciət edildiyi vaxtdan sonra hər ay 315 manatın cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəlləyə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir (1119.1.). Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır (1119.3.). İddiaçı cavabdeh müəssisədə işıləyərkən hər ay təxminən 700-750 manat əmək haqqı aldığını bildirir. Cavabdehin nümayəndəsi isə iddiaçının əmək haqqının 500-600 manat arasında olduğunu bildirmiş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. MPM-in 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək haqqı barədə heç bir sənəd məhkəməyə təqdim edilmədiyi üçün iddiaçının bildirdiyi məlumat əsasında onun əmək haqqısının 700 manat təşkil etdiyi və iddiaçının sağlamlığını 45 faiz itirdiyi nəzərə alınarsa, cavabdeh tərəfindən iddiaçıya ödənilməli aylıq ödəniş 315 manat təşkil edir. 25.07.2018-ci ildən 01.04.2021-ci ilədək (32 ay) olan dövr üçün iddiaçıya ödənilməli məbləğ 10080 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, 25.07.2018-ci ildən məhkəməyə müraciət edildiyi dövrə qədər 10080 manat, həmin dövrdən sonra isə hər ay 315 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmçinin ödənişin gecikdirilməsi səbəbindən mənəvi ziyana uğradığını bildirir və 5000 manat mənəvi ziyanın əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi təmin edilməmiş və ötən dövr ərzində bu iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 1000 manat müəyyən edilməsi ağlabatandır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25 iyul 2018-ci il tarixindən 01 aprel 2021-ci il tarixinədək ödənilməyən ödəniş üçün 10080 (on min səksən) manat pul, 01 aprel 2021-ci ildən başlayaraq hər ay 315 (üç yüz on beş) manat aylıq ödəniş və dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar